Свобода людям, независимость нациям!

Yolunu azmış qonşular - Zamin Hacı YAZIR...

Əfqanıstanın yerli hökuməti Taliban insan və heyvanları təsvir eləməyi, şəklini çəkməyi qadağan etmək qərarına gəlmişdir. Deyirlər bu, müqəddəs dinə ziddir.

Gürcüstanda isə parlamento seçkisi keçirildi, iqtidar partiyası 52 faiz səslə qalib gəldi. Biz bu coğrafiyanın harasındayıq? Təxminən, ya da lap elə düz ortasında. Hər ikisinin müsbət cəhətlərini götürüb, mənfi cəhətlərini atmalıyıq. Məsələn, Əfqanıstan dağlarında çox gözəl lazurit daşı çıxır. Misilsiz mavi səma rəngindədir. Lazuriti tapana qədər intibah dövrü rəssamları çox əziyyət çəkirdilər – öz tablolarında göy rəngi verə bilmirdilər. Sonra venesiyalı tacirlər lazuriti İpək yolu ilə - Azərbaycan üzərindən daşıyıb apardılar, Yan Vermeer bu mineralı toza döndərdi, suya qatdı və möhtəşəm mavi rəngini tarixin, mədəniyyətin yaddaşına yazdı. İndi biz onun 1662-ci ildə çəkdiyi “İnci sırğalı qız” əsərindəki qızın başında türbanın niyə mavi rəngdə olmasını çox da düşünmürük. Bəlkə də o, bunun müsəlman Əfqanıstan dağlarından gələn rəng olmasına işarə etmişdir.

Maraqlıdır ki, Gürcüstanda iqtidara (oxu: Rusiyaya) ən çox səs verənlər etnik azlıqların – azərbaycanlıların və ermənilərin yaşadığı bölgələr olmuşdur. 80-85 faizə qədər. Təsəvvür edin. İqtidarın ümumölkə səs faizindən 30 faiz də yuxarı. Paytaxt Tbilisi isə müxalifətə (oxu: Avropa tərəfdarları) səs veribdir. Bununla sanki azərbaycanlılar və ermənilər gürcülərə mesaj verir ki, bizsiz hara gedirsiniz, qoymarıq. Düz də eləyirlər. Hara gediriksə, birgə getməliyik. Yoldaşlı şəkildə. Şair demişkən, yaşıldır başın, ördək, hanı yoldaşın, ördək...

Bu, gələcəkdə soydaşlarımıza etnik zəmində problemlər çıxara bilərmi? Ümid edirəm olmaz. Üstəlik, əlimizdə tarixi sənədlər var, bizimkilər üçün prinsipcə iqtidarın kursu, istiqaməti hər hansı əhəmiyyət daşımır, Saakaşvili kimi zır qərbpərəst hakimiyyət başında olanda biz ona da səs verirdik. Hətta Saakaşvili dəfələrlə Marneuli, Bolnisi bölgəsinə gəlib ona səs verən azərbaycanlılara minnətdarlığını çatdırmışdı. Sabah Bidzina getsin, Mişa gəlsin, biz yenə Mişaya səs verərik. Bizim üçün fərqi yoxdur, kim olur-olsun, iqtidar(ı) olsun.

Gürcülərin bu seçki oyunları da bizə - Azərbaycan azərbaycanlılarına (işə düşmüşük, belə yazmağa məcburuq, halbuki hamımız bunun nə elmi, nə linqvistik cəhətdən düz olmadığına əminik) tamamilə yaddır. 52 faiz nədir, sən canın? İqtidarın faizi seçkidə 75 olar, 80 olar, nə bilim, 90, 100, 105 olar... Elə bil seçki yox, sünnət toyudur: “50 manat yazdıraq, bəsdir”. Belə şeylər bütün regiona mənfi təsir edir, Qafqazda demokratiyanın inkişafına maneçilik törədir, xalqın səsverməyə inamını, hətta deyərdim imanını zəiflədir!

Şəxsən mən 52 faiz səs yığan parlamentə, deputata, baş nazirə salam da vermərəm. Tuneldə qalıb boğulsam, harayıma çağırmaram. Bunun nə gücü var hələ gəlib məni dartsın, çıxartsın? Əcəb işdir. Bunlar bu zərafətlə əski əyyamda bizim Gəncənin darvazalarını necə söküb aparıblar? Artıq məndə şübhə yaranır ki, darvazanın tayını gürcülərə Gəncənin o vaxtkı icra başçısı satıbmış.

Hələ özünə 52 faiz yazmağı birtəhər başa düşdüm, bəs yerdə qalan səsi nə üçün müxalifətə verirsən? Mən ilkin nəticələrə gözucu baxdım (hirsimdən diqqətlə baxmadım), müxalifətə aid 4-5 partiya da ümumilikdə 40 faizə yaxın səs yığıbdır. Halbuki, o səsləri bitərəflərə yazmaq olardı. Tiflisdə bitərəf yoxdurmu? İnanmağım gəlmir. Qafqaz dağlarının bütün yamaclarında bitərəflər bitir.

Yox, bitərəflərə qıymırsansa, ümumiyyətlə elan elə ki, 52 biz yığdıq, qalan 48 faizi isə pişik apardı.

Hətta bir alim tapıb ekrana çıxarmaq olar, sübut edər ki, əslində son riyazi araşdırmalara görə 52 faiz elə 100 faiz deməkdir. Ölü yeri 75-80.

Нет комментариев

Новости автора