Общественно-политическая интернет газета
Elə şeylər var illərdir yazırıq, lakin dəyişmir. Məcburuq təzədən yazaq. Bu da ölkəmizdə stabilliyin daha bir isbatıdır. Problemləri dəyişməyən hökumətə təkrarən minnətdarlığımızı çatdırırıq. İlk fürsətdə teleqram da vuracağam.
Daim təkrarlanan mövzulardan biri dil məsələsidir. Xəbər oxuyuruq: “Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə olunub”.
Canlarım mənim, əziz yoldaşlar və qeyri-hörmətli dostlar, bu cümlə hansı dildə yazılıb? Bu erməni dilinin Zəngəzur ləhcəsidir, yoxsa Yeni Zelandiyada maorilərin yoxa çıxmaqda olan hansısa şivəsidir? Nazir əmr veribsə, bunu “müvafiq əmri ilə” yazanda əlinizə hansı mükafatı verirlər? “Nazirin əmri ilə” yazmaq şərəf və şanınızdan nə əksildir? Küçəyə zibil atanları önləmək üçün plastik torbaları pulla satırsınız, ana dilini zibilləyənlərə isə gözün üstdə qaşın var deyən yoxdur.
Ancaq bu jurnalist, mətbuat xidməti və oxuculara təhsil verən, dil öyrədən idarənin özü öz adını əndrəbadi formada qəbul edibsə, belə yazmaqda davam edirsə, günahı kimdə axtaraq? Neçə dəfə yazmaq lazımdır ki, “Bakı Şəhəri üzrə Təhsil İdarəsi” adı mənasız söz yığınıdır, bunu “Bakı Şəhər Təhsil İdarəsi” yazmaq yetərlidir? Bu səfeh “üzrə” sözündə nə görmüsünüz? Güman edirəm “üzrə” yazanlar “tərəfindən” yazanların qahımlarıdır və Rasiyanın uşaqlarıdır – ordan hərfi tərcümə etdikləri dildə yazır, danışırlar. “Dünya”nı “ümumdünya” edənlər, “hansı ki”, “belə ki” yazan sarsaqlar da ordan gəlir.
Təhsili belə markalayırsınızsa, zəhmət çəkin onda “Bakı şəhəri üzrə icra hakimiyyəti”, “Bakı şəhəri üzrə prokurorluq”, “Bakı şəhəri üzrə polis idarəsi” də yazın. Belə yazmırsınız axı. O zaman niyə təhsil xüsusi fərqləndirilir? Savadın qıcqırmağının əlamətidir?
Dil üzərində çox dayanmağımın səbəbləri var. Dil millətin əsas əlamətlərindən biri, bəlkə də birincisidir. Uşaq vaxtı məktəbdə divardan Leninin afyorizmini asmışdılar: “Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir”. Biz azərbaycanlıların əsas problemi bir-birimizlə ünsiyyət qurmaqda yaranır, çünki dilimizi bilmirik. Ünsiyyət olmadığı üçün nə hökumət xalqla danışır, nə xalq hökumətlə. Müxalifət isə öz arasında əl-qol ölçür, onlar da söz tapmaqda çətinlik çəkir.
Alimləri, filosofları, yazıçıları danışdırsan, dilimizdə öz sahələrinə aid terminlərin, sözlərin qıtlığından şikayətlənəcəklər. Aşağılar ünsiyyətin qıtlığından əziyyət çəkir, yuxarılar isə aşağıların dil tapa bilmədiyindən məmnundur. Hələlik ən böyük uğurumuz ordu sahəsindədir, çünki orada danışmağa, sözə faktiki heç bir ehtiyac yoxdur. Nə qədər az söz işlətsən, nə qədər çox şifrələsən və gizli hərəkət eləsən, qələbəyə tez çatırsan.
İkinci təkrar olunan mövzu Bakı şəhərində orta əmək haqqının artımıdır. Hər il bizə bu sahədə möhtəşəm artımlar olması haqda gözaydınlığı verilir, lakin məlum deyil o maaşları kim alır. Buyurun, Bakı şəhər statistika idarəsinin (burda da “üzrə” yapışdırılmayıb) qəttəzə informasiyasına görə 2023-cü ildə paytaxtda orta maaş 1183 manat olub. Ancaq eyni idarə 2022-ci ilin sentyabrında bu rəqəmi 1065 manat, 2023-ün yanvarında isə 933 manat göstərmişdi. Sanki Bakıda orta maaş rəqs eləyir, dalğalar üzərində deşik vanna kimi ləngərləyir.
Yalançının yaddaşı olmur, qınamıram.
КомментарииОставить комментарий