Общественно-политическая интернет газета
Bu mövzu ilk dəfə, 29 il öncə mediada şimşək kimi çaxdı, söndü: Azərbaycan Pedaqoji Universitetinin müəllimi Loğman Nəsibov (sabiq deputat Nəsib Nəsiblinin atası) qəzetlərə verdiyi müsahibədə Bakının gələcəkdə çox basırıq şəhər olacağını proqnozlaşdıraraq demişdi ki, paytaxt Bakıdan köçürülsə, daha yaxşı olar.
O zamanlar hələ Bakıda çoxmərtəbəli binaların tikintisi ya başlamamışdı, ya da yeni başlayırdı. Şəhərin küçələrində şütüyən avtomobillərin sayı indikinin 15-20 faizindən çox olmazdı. Respublikanın 80 rayon və şəhərindən köçüb Bakı və Abşerona yerləşənlərin sayı minimal idi. Şəhərətrafı qəsəbələr paytaxta birləşməmişdi, arada göz işlədikcə uzanan boş sahələr vardı.
Ölkədə hiperinflyasiya gedirdi, dövlət məmurlarından başqa heç kəsin stabil və yetərli qazancı yox idi. Neft dollarlarının ölkəyə axını başlanmamışdı. Ancaq Loğman müəllim 20 il sonranı görərək xəbərdarlığını etmişdi: “Bakı yaşayış üçün əlverişsiz olacaq, sıxlıq yaranacaq”.
O zaman “Yeni Müsavat” qəzetində biz də bu mövzuda yazdıq. Ölkənin paytaxtını Almatıdan Astanaya daşımaq istəyən və artıq ölkənin şimalında yeni paytaxt tikən Qazaxıstanı nümunə göstərdik.
Ancaq bu kimi təşəbbüslərə məhəl qoyan olmadı. Əsasən də ona görə ki, dövlət büdcəsində nəinki paytaxt tikməyə, heç ortabab yaşayış kompleksi, şəhərcik tikməyə əlavə pul yox idi. Necə deyərlər, Qarabağ boyda dərdimiz vardı.
Sonrakı illərdə ölkəyə çox pul gəldi və şəhər sürətlə böyüməyə başladı: minlərlə çoxmərtəbəli binalar, fərdi villalar, otellər, şadlıq sarayları, ticarət obyektləri tikildi, şəhər və qəsəbələr, kəndlər bir-birinə birləşdi. Abşeron yarımadasındakı keçmiş sovet təsərrüfatlarının (sovxoz) torpaqları diricə yeni yaşayış massivlərinin altına verildi, Hökməli tərəflərdəki vulkanik təpələrin üstündə belə yaşayış massivləri salındı, Xırdalan qəsəbəsi ölkənin 4-cü böyük şəhərinə çevrildi, Sumqayıt şəhəri, Tağıyev, Corat, Saray, Masazır qəsəbələri Bakıyla birləşmiş hala gəldi.
Müstəqillik dövründən əvvəl qapalı şəhəri elan edilmiş və əhalisi təxminən 1 milyon nəfər civarında olan Bakı açıq şəhərə çevrildi və konqlemeratı ilə birlikdə 3 milyondan artıq insana mənzil oldu. Bəlkə də indi əhali sayı paytaxtda 4 milyona çatıb. Bir yanı dəniz olmasa, şəhər yəqin ki, daha artıq böyüyərdi.
Bu qədər insan Bakıda özünə ev-eşik qura bilmişdisə, təbii ki, avtomobil almağa da gücü çatacaqdı. Elə də oldu. İndi paytaxtın küçələri lüks avtomobillərlə dolub-daşır. Gecənin ən dərin çağlarında belə şəhərdə hərəkət var, Bakı 7\24 yatmır.
Ona görə də 29, 20, 15, 10, 5 il əvvəl olduğu kimi yenə də paytaxtın köçürülməsi zərurəti barədə mediada polemika başlanıb.
İndi bu məsələ həmişə olduğundan daha aktualdır. Çünki hamı şəhərdəki sıxlığın, basırıqlığın, haray-həşirin, tüstü-tozanağın əziyyətini çəkir. Bakının yaşanmaz hala gəldiyini artıq hamı etiraf edir.
Ancaq indi də Qarabağ boyda dərdimiz var – o mənada ki, ermənilərin 30 il boyunca bir hissəsini cəngəlliyə, tikanlığa, bir hissəsini xarabazar bozqıra çevirdiyi Qarabağı yenidən tikmək lazımdır. 25-29 il əvvəl paytaxt tikmək nə qədər xərc aparacaqdısa, indi İsrailin ərazisi boyda bir mahalı tikmək onun 5 qatı qədər xərc tələb olunur.
Avropa ölkələri isə 44 günlük müharibədən əvvəl azı yüz dəfə verdikləri vədi yerinə yetirmirlər. Onlar “Qarabağ münaqişəsi həll olunsun, bərpa prosesinə böyük investisiyalar yatırılacaq” vədi verirdilər.
Budur, Qarabağ münaqişəsi həll olunub, amma avropalılar da öz vədlərini unudublar. Çünki Qarabağ münaqişəsi onların istədiyi kimi həll olunmayıb. Belə anlaşılır ki, 4-5 il əvvəl bu münaqişə ATƏT-in bayrağı altında həll olunsaydı, Avropa dövlətləri Qarabağı bərpa edəcəkdilər, sadəcə, ermənilərin əlində qalmış yerləri.
Ancaq xarici investisiya olsa da, olmasa da, məmləkət insanının rahat yaşaması üçün yeni yaşayış massivləri, yeni şəhərlər tikilməlidir.
Paytaxtın köçürülməsinə gəlincə, bu məsələni də gözardı etmək olmaz. Bu, tarixi zərurətdir. İndiyədək onlarla ölkə öz paytaxtını yeniləyib, paytaxtı köçürmək istəməyənlər də mütləq bu barədə fikirləşirlər.
Bu, çətin, ağrılı, böyük məsrəf, zəhmət tələb edən layihədir, amma mümkündür. İnsan oğlu boz çöllərdə cənnət guşəsi yaratmağa qadir xilqətdir. Abad şəhərləri xarabalığa çevirənlərdən fərqli olaraq, biz gərək əvvəl-axır bu işə qol qoyaq. Ya paytaxt Bakıdan köçürüləcək, ya da burada, dəmir-beton qəfəslərdə, yol hərəkətinin saatlarla durduğu şəhərdə yaşaya bilməyən insanlar özləri köçəcəklər.
Prinsipcə, paytaxtı lap Xankəndiyə də köçürmək olar. Hər halda Xankəndi Yerusəlim (Qüds) kimi mübahisəli şəhər deyil.
КомментарииОставить комментарий