Общественно-политическая интернет газета
Tiflisdə Azərbaycanın əleyhinə keçirilən aksiyaya bizimkilərin də qoşulması və öz dövlətlərini etnik təmizləmədə, başqa sözlə, hərbi cinayətdə ittiham etmələri gözlənilməz olmasa da, çox xoşagəlməz idi.
Onların üzlərini bağlaması, yəni fiziki şəkildə maskalanmaları təbii idi, ancaq tanıyanlar siluetlərindənmi, nədənmi, bizim “novar”çılar olduqlarını iddia etdilər.
Bu kateqoriyadan olan fəallar üçün bu, yeni aksiya deyil, onlar hələ 4 il öncə, 44 günlük müharibə zamanı, erməni döyüşçülərin fərarilik etdiyi, “taktiki geriçəkilmələr”lə səngərdən qaçdıqları vaxt, Ermənistan ordusunun məğlubiyyətə uğrayacağı şübhə doğurmayanda əlləri yetən bütün paltformalarda haray-həşir salmışdılar, 30 ildən sonra öz torpaqlarını erməni işğalından azad edən dövləti hərbi aqressiyada suçlayır, ondan müharibəni dərhal dayandırmağı tələb edirdilər.
Bu, onların öz içindən gələn şey deyildi, bu tələbləri heç də ürəklərinin səsinə qulaq asaraq etmirdilər. 3 onillik boyunca öz xalqının, öz yaxın-uzaq qohumlarının, qaçqınlıq-köçkünlük həyatı yaşayan şagird və tələbə yoldaşlarının hansi maddi-mənəvi sıxıntılar çəkdiyini görən heç bir azərbaycanlı haqq-ədalətin bərpasına qarşı çıxmazdı.
Amma bizim fəallar bunu özlərinə rəva görmüşdülər. Bunu onlardan tələb edənlər vardı. Həmin dairələr illərlə yemlədiyi, saxladığı, asan pula öyrəşdirdiyi adamlardan tələb etmişdilər ki, meydana çıxsınlar, Azərbaycan hakimiyyətinə təsir etsinlər, təzyiq göstərsinlər ki, başladığı hərbi əməliyyatı yarımçıq dayandırsın.
Əlbəttə, 100-200, lap bir neçə min adamın sosial şəbəkələrdə pasifist status yazmasıyla o boyda kampaniya dayandırılası deyildi. Azərbaycan bu addımı atmağa uzun illər hazırlaşmış, səbrlə əlverişli geosiyasi durumun yetişməsini gözləmişdi.
Bilindiyi kimi, hərbi əməliyyat çox çəkmədi, “novar”çıların tələb etdiyi və arzuladığı kimi, müharibə qısa zamanda, 44 gündə bitdi. Atəşkəs elan edildi, toplar susdu, dronlar daha uçmadı, gənc əsgərlər ölmədi, analar ağlamadı və s.
Bəs “novar”çılar niyə qane olmadılar, yenə də fəaliyyətlərini davam etdirəsi oldular?
Çünki müharibə onların ağalarının, pulverənlərinin istədiyi kimi bitməmişdi. Əslində həmin dairələrə Qarabağda müharibənin olub-olmaması maraqlı deyildi, əsas o idi ki, Ermənistan bu müharibədə uduzmasın. Əgər hücum edən tərəf Ermənistan, geri çəkilən tərəf Azərbaycan olsaydı, onlar nə bizdəki, nə də qonşu ölkələrdəki “novar”çı pasifistləri hərəkətə gətirməyəcəkdi. Ya da onlar dilə gəlib Azərbaycandan təcili kapitulyasiya tələb edəcək, “gənclərimiz ölür, şəhərlərimiz dağılır, bu mənasız müharibəni bitirmək, təslim olmaq lazımdır” deyəcəkdilər.
Bir sözlə, ölkəmizdə özlərini “sülh göyərçini” elan edənlərin də, onları dəhmərləyib müxtəlif platformalarda hərəkətə gətirənlərin də riyakarlığı göz önündəydi.
İndi təxminən eyni adamlar ortaya düşüblər, ölkəmizi, dövlətimizi “etnik təmizləmə”də ittiham edirlər. Utanmasalar, əllərində fakt olsa, “Xankəndi qırğını”ndan da danışarlar. Lakin ötən ilin sentyabrında Azərbaycan bütün dünyaya işğaldan azad olunmuş şəhərdə mülki şəxslərlə necə mədəni davranmağın mümkün olduğunu bütün dünyaya göstərdi. Dünya tarixində belə bir presedent olmayıb ki, 30 ildən bəri qatı düşmənçilik durumunda yaşayasan, sənə olmazın zülm, əziyyət etmiş, qətliamlar törətmiş düşməni axırda məğlub edəsən, amma bir kəsin burnunu qanatmayasan.
Bizim yerimizdə ermənilər olsa, Xocalı qətliamından betər faciələr törədərdilər. Dünya birliyi də mal-mal baxar, cınqırını da çıxarmazdı. Amma indi etnik təmizləmədən danışırlar. Halbuki Azərbaycan dövləti adından səlahiyyətli şəxslər ermənlərə “köçməyin, qalın” deyir, təhlükəsizliklərinə təminat verirdilər. Əslində heç kəs ermənilərin Qarabağdam bu mütəşəkkilliklə köçəcəklərini gözləmirdi.
Qarabağ ermənilərini yaşadıqları şəhər və kəndlərdən Ermənistan rəhbərliyi köçürdü, camaat da qorxusundan aradan sağ-salamat çıxmağı qənimət bildi. Çünki onlar 1988-ci ildən 2020-ci ilə qədər Azərbaycan xalqının başına gətirdikləri müsibəti yaxşı bilir, qisasdan qorxurdular.
İndinin özündə də onlar iki millətin arasında axan qan selinin yaratdığı xofa görə geri qayıdıb gəlmək istəməzlər.
Gerçəklik belə olandan sonra bizim fəalların sırf pula, qranta görə ermənilərlə yan-yana durub dövlətimizi şərləmələri xalqa xəyanətdir. Bir çox adamlar belələrinin ola biləcəyini ağıllarına sığışdırmırlar. Amma bu, faktdır. Pula görə düşmənə casusluq edənlər kimi, pula görə düşmən üçün mitinq-nümayiş keçirənlər də var. İkincilərin bəhanələri də budur ki, Azərbaycan iqtidarı demokratik deyil, ona görə də onlar bu rejimə müxalifdirlər.
İqtidara müxalif olmaq başqa şeydir, öz ərazi bütövlüyünü bərpa edən dövlətə qarşı çıxmaq isə başqa şeydir. İkincinin xəyanətdən başqa adı yoxdur.
КомментарииОставить комментарий