Свобода людям, независимость нациям!

Xankəndidəki rejimin gecikmiş ağ bayrağı: Ali Baş Komandan 28 mayda sizə nə demişdi?!  

 

Ermənistan ordusu 2020-ci ildə 44 gün dözə bilmişdisə, onun Qarabağdakı tör-töküntülərinin 24 saatlıq canı oldu. Qəhrəman Azərbaycan Əsgəri düşmənin başına od ələdi. Cəmi 11 gün əvvəl özünə oyuncaq “prezident” seçən terrorçu rejim 3 bəndlik təslimçilik aktını qəbul edərək, ağ bayraq qaldırdığını bəyanladı. Budur Azərbaycan dövlətinin gücü, qüdrəti!  

Xatırlatmaqda fayda var, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə səslənmişdi.

Sitat: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. Prezident ermənilər üçün yeganə çıxış yolunu açıqlamışdı: Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaq!

ca9da07eb9b7cea347ded6c71091681f.jpg (375 KB)

Üstündən 100 gündən çox keçdi, amma Qarabağdakı xunta rejimi nəinki Prezidentin xəbərdarlıqlarına əməl etmədi, üstəlik, cinayətkar qurumun yeni oyuncaq “prezidenti”ni, “dövlət naziri”ni, daha hansısa müqəvvalarını “seçdi”. Paralel olaraq Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz ərazilərdə səngərlər qazmağa, təmas nöqtələrini minalamağa, mühəndis işlərini artırmağa başladılar. Yay aylarında təxribatların ardı-arası kəsilmədi, az qala hər gün Ermənistan ordusunun Qarabağdakı qanunsuz hərbi birləşmələri Azərbaycan əsgərlərini atəşə tutdu. Sonuncu alçaq təxribat, dəhşətli terror hadisəsi nəticəsində Azərbaycanın mülki vətəndaşları və polislərimiz şəhid oldular. Özü də erməni terrorçular kimlərə qarşı terror törətdilər: Qarabağa yol çəkən zəhmətkeş insanlarımıza qarşı! 

Azərbaycan Qarabağı yenidən qurur, vandalların darmadağın etdiyi ərazilərə həyat qayıdır, yollar çəkilir. Elə bu günlərdə Ağdamdan Xankəndiyə yeni yolun çəkilişi davam edirdi. Amma “blokada”da olduğunu iddia edən terrorçu rejimin tör-töküntüləri yol çəkən azərbaycanlıların ayağının altına mina basdırdılar, özü də tuneldə, daha dəhşətli itkilər olması üçün, üstəlik də tank əleyhinə mina! Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarına qarşı terror törədilməsi xəbərini alan kimi əraziyə yollanan polislərimiz də növbəti mina partlayışının qurbanı oldular. Düşmən bu qədər şərəfsizlik etdi, yəni köməyə gələnlər də qırılsın. Necə ki, bir müddət əvvəl Kəlbəcərdə oxşar cinayət törədilmişdi, yol çəkən insanlarımız minaya düşdükdən sonra yardıma gedən hərbçilərimizın hərbi texnikası da yaxınlıqdakı minanın partlaması nəticəsində həlak olmuşdular. 

image_750x_64f1983bf1b5d.jpg (90 KB)

Azərbaycan bir aya yaxındır iki yük maşınını unla yükləyib Ağdamda saxlamışdı, Xankəndiyə aparsın deyə. Ermənilər yolu kəsdilər ki, “biz türkün çörəyini yemərik”. Ardınca da yol çəkən insanlarımızın ayağının altına tank əleyhinə minalar basdırdılar. Bununla da humanitar yük maşınlarının əvəzinə, Xankəndi və digər ərazilərə tankla irəliləməyimizi özləri istədilər! Son günlərdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllərlə bağlı çoxsaylı foto, videogörüntülər yayıldı, düşmənə xəbərdarlıqlar edildi, beynəlxalq aləmə çağırışlar oldu...Azərbaycan dövlətinin bu qədər humanizminin, səbirli davranışının, müharibədən sonrakı 3 il ərzində təmkin nümayiş etdirməsinin qarşılığında xunta rejimi həddini aşdı, qudurdu və antiterror tədbirlərinin başlanmasından ayrı yol qoymadı! Bunu gərək dünyanın normal, ağlı başında olan təşkilatları, dövlətləri, siyasət adamları, diplomatları anlasınlar, qəbul etsinlər. Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı qanunsuz birləşmələri neçə ay idi ki, müharibəyə hazırlıq görürdülər, səngərlər, sığınacaqlar qazırdılar, Azərbaycanla “sonadək döyüşəcəklərini” bildirirdilər, hərbi texnikanın yerdəyişməsini həyata keçirirdilər. Əsl müharibə hazırlıqları! Buna hansı ağlı başında olan dövlət susardı, dözərdi?! Ümumiyyətlə, dünyanın hansı ölkəsi belə alçaq düşmənə, içərisindəki minlərlə terrorçuya, qatilə, müharibə cinayətləri törədən, qadın, qoca, uşaq qatillərinə dözərdi? Bir gün dözməzdilər, elə Entoni Blinkenin ölkəsi başda olmaqla. Necə ki, çoxsaylı tarixi faktlar var! Azərbaycan suveren sərhədləri daxilində, Qarabağ iqtisadi rayonu ərazisində 30 ildən çoxdur cinayətlər törədən qanunsuz rejimə, separatçı-terrorçu qüvvələrə, Ermənistan ordusunun azı 10 minlik qanunsuz hərbi kontingentinə qarşı lokal xarakterli  antiterror tədbirləri keçirirdi və buna həm ölkə Konstitusiyası, həm də beynəlxalq hüquqla tam haqqı çatır! Ölkənin 35 il ərzində nəzarətsiz qalmış, cinayətkarların at oynatdığı ərazisində nəhayət, konstitusion hüquq bərqərar olacaq, gərək bütün dünya ölkələri, beynəlxalq hüquqa hörmət edən təsisatlar təşəkkür etsin Azərbaycana, yolumuzu kəsməyə çalışmamalıydı! Fransa kimi dövlətlərin davranışları utancvericiydi, demokratiya və Avropa adına! Prezident Makron növbəti dəfə özünün pis sifətini göstərdi, eynilə 2020-ci ilin oktyabrında olduğu kimi! Erməni terrorçularını Marseldə yerləşdirə bilər, onlara “sarsaq” adında dövlət də yarada bilər, aparsın hamısını! BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamə qəbul olunsa, bu, dünyanın aparıcı dövlətlərinin pis nümunəsi olacaq. Uşaq qatillərini müdafiə edən qurum kimi tarixə düşəcəklər. Həm də 30 il ərzində 4 qətnaməsini icra etməyən Ermənistana görə Azərbaycanı mühakimə edəcəklərsə, olsun, özlərini təhqir etmiş olacaqlar! 

003.jpg (88 KB)

Azərbaycan 3 il idi bəyan edirdi ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir, eşitmirdilər, Qarabağdakı cinayətkar hərbi birləşmələrə “humanitar yük” adı altında dəstək verməyə çalışırdı bölgədə maraqları olan yadellilər. Himayə etdikləri cani dəstələrinin başına ağıl qoymaq əvəzinə, Azərbaycanın əl-qolunu bağlamağa cəhd göstərdilər. Amma Azərbaycan dövləti 44 günlük müharibədə olduğu kimi, bir günlük antiterror əməliyyatlarında da missiyanı təkbaşına öz üzərinə götürdü, BMT TŞ-nin, AŞ PA-nın, Avropa Parlamentinin və digər qurumların vaxtilə qəbul etdiyi, amma kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdi! Bircə günə terrorçuları ağ bayraq qaldırmağa vadar elədi qüdrətli ordumuz! Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ona edilən zənglərə – konkret olaraq ABŞ dövlət katibi Blinkenə cavabında -“Silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirləri dayandırılacaq”,-deyə qətiyyətlə mövqeyini bəyan etdi. Demişdi, dediyi kimi oldu, hər zaman olduğu kimi! Necə ki, 3 il öncə “Şuşasız işimiz yarımçıq qalar”-söyləmişdi, bütün dünya yığılsa da, Şuşaya yolumuzu kəsə bilmədilər. Bu dəfə də Xankəndiyə yolumuzu kəsmək üçün dəridən-qabıqdan keçənlərin arzusu gözlərində qaldı. 

Azərbaycan ordusu lokal xarakterli antiterror  əməliyyatını elə səliqə ilə həyata keçirdi ki, bir mülki erməninin burnu qanamadı. Hətta mülki əhalinin arxasında gizlənən terrorçuların vurulması da son anda, məhz əhali arasında ölüm olmasın deyə, təxirə salındı, bununla bağlı çoxlu faktlar yayılıb. Azərbaycan ordusunun güclü, intizamlı olduğu qədər də məsuliyyətli olduğunu hər kəs gördü. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Üstəlik, Qarabağdakı dinc əhaliyə bütün lazımi xəbərdarlıqlar edildi, onlara həyat yolu göstərildi. Paralel olaraq keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırıldı, bəzi hallarda koordinasiyalı şəkildə addımlar atıldı, təki mülki əhaliyə xətər tosunmasın. Bu, Azərbaycan nümunəsidir! Azərbaycan KİŞİ dövlətdir, ailə-uşaqla işi olmayıb heç vaxt! 

1607965777_rdbgedbfdefgvdf (1).jpg (47 KB)

Erməni terrorçuları birdən ağıllarından keçirərlər ki, Azərbaycan nümayəndə heyəti ilə Yevlaxda görüşəndən sonra kapitulyasiya aktında nəzərdə tutulan bəndləri icra etməkdən yayına bilərlər. O halda külləri havaya sovrulacaq, 10 noyabr 2020-ci il sənədinin arxasından qaçmasaydılar, cəhənnəm odunda yanmazdılar, Azərbaycan ordusu onların başlarına od ələməzdi. 

Təbriklər, Azərbaycan! Təşəkkürlər, Azərbaycan Ordusu! Var olun, Ali Baş Komandan! Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! Qazilərimizə uca yaradandan şəfalar diləyirik! Şərəf tariximizdə yeni səhifələr yazıldı! Düşməndən qisas alındı, müqəddəs yerlərimiz doğma sakinləri ilə birgə azad nəfəs alacaq tarix boyunca!   Azərbaycan dövlətinin ərazi bütövlüyünə qəsd etmək istəyənin gözləri ovulacaq, bunu kimsə unutmasın!

 

 

Нет комментариев

Новости автора