Свобода людям, независимость нациям!

Xanın kəndindən ucalan Prezident sözü həm də bizə DƏRS olsun

Azərbaycan son illərdə çoxsaylı ilklərə imza atmışdı. Budəfəki tam fərqli oldu. İlaxır çərşənbədən bir gün əvvəl, martın 18-də Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə Xankəndi şəhərindən təbrik etdi!

TEBRİK SON.jpg (296 KB)

Necə gözəl ilk idi. Tarixən məmləkətimizə rəhbərlik etmiş heç bir sərkərdəmiz Novruz tonqalını Xankəndidə çatmamışdı. Şəhərlərimizin nisbətən gənclərindən biri, təqribən üç əsrədək yaşı olan Xankəndi Qarabağ xanlarının yay bağçası, istirahət guşəsi idi... Prezident İlham Əliyev bu ilkə də imza atdı, müstəqil Azərbaycan dövlətinin vətəndaşları ilk dəfə efir qarşısında əyləşib Ali Baş Komandanın Xankəndidən ünvanladığı Novruz təbrikini məmnunluqla, fəxarətlə, qürurla dinlədilər.

Artıq son illərdə bayram tonqallarının işğaldan azad edilmiş ərazilərdə çatılması ənənə halını alıb.

Dövlət başçısı da bildirdi. Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bayramı bayrama qatan möhtəşəmlikdir! 30 ildən artıq müddətdə İlaxır çərşənbələrimizi, Novruzumuzu, digər milli bayramlarımızı boynubükük qeyd edirdik, dilimizdə dua: “İnşallah gələn il Qarabağda!”, deyərək. Şükürlər olsun, dövlətimizə və ordumuza yar oldu, uca Yaradan və o günlərə yetişdik. Tonqalların Qarabağda çatılması tamam başqa duyğudur, başqa tarixdir! Odlar Yurdu tarix boyunca başı müsibətlər çəkib, çox şükürlər olsun, artıq odun əmanət edildiyi məmləkətimizdə tonqallar yağıdan təmizlənmiş ərazilərimizin baş meydanlarında qalanır. Özü də Zəfər meydanında! Sovetlər dönəmində Leninin adını daşıyırdı, sonra erməni separatçılar ona saxta yarlıq yapışdırmışdılar. Bitdi yarlıq dövrü, Prezident gəldi, sözünü dedi, təbriklərini çatdırdı, xəbərdarlıqlarını etdi, meydana da Zəfər adını qoydu! Adı ilə yaşasın, daim bayram tonqallarına məkan olsun!

TONQALİ.jpg (87 KB)

Yadınızdadırmı, Qarabağdakı keçmiş xunta rejiminin başçıları hətta 44 günlük müharibədən sonra Xankəndinin mərkəzi meydanında aksiyalara başlamışdılar... Separatçıların başçısı çadır qurub, fasiləsiz aksiyaya başlamışdı, guya bununla nəyəsə nail olacağını zənn edirdi. Əslində zənnində “yanılmadı”, Bakıdakı təcridxanada cəzasını gözləyir. Çox güman ki, qandallanıb paytaxtımıza gətirilmiş baş terrorçular televizordan dinləyiblər Azərbaycan Prezidentinin Xankəndinin Zəfər meydanından ünvanladığı mesajları. Baş meydanda çatılmış tonqala yana-yana tamaşa ediblər, “...yan”ları, yan-yörələri ilə birlikdə...

Xankəndinin bunlara aidiyyətinin olmadığını neçə illər boyunca dedik, yazdıq, başa düşmədilər, “miatsum” zəvildədilər. Heç olmasa rusların, eləcə də erməni tarixçilərin yazdığı tarixi faktlara diqqət eləmədilər. Qanmadılar ki, Xankəndi hətta Qarabağ xanlığı zorla Rusiyaya birləşdirildikdə axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanan tarixi türk yurdudur, buraların haylara dəxli olmayıb heç zaman! Pənahabadın - Şuşanın 10 km-liyindəki Xanın kəndinə, istirahət guşəsinə ilk erməni ailələr yalnız 1847-ci ildə köçürülməyə başlamışdı, buradakı çar qornizonunun himayəsi altında. Cəmi 80 erməni, 52 rus ailəsi yaşayırdı o zaman və dərhal erməni kilsəsi tikildi. Buna baxmayaraq, hətta o zaman Çar Rusiyasının xəritələrində yaşayış məskəni Xankəndi adı ilə tanınırdı. Buranın erməniyə aid olmadığını təkcə xəritə sübut edir! Amma başa düşmədilər, qanmadılar, qandırdıq!

KANKENDİ SON.jpg (101 KB)

Dövlətimizin başçısı tarix dərsinin bəzi səhifələrinə işıq saldı: “Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır”. Dərsini oxumayanlar bizdən küsməsinlər, özlərindən incisinlər! Necə gözəl tablo: Şuşada separatçıların qondarma ikinci parlament binasının yerində indi beşulduzlu “Şuşa” hoteli yerləşir. Keçmiş “parlament” binası da söküldü və izi-tozu da qalmadı. Özü də söküntü işləri fevralın 26-da başladı – Xocalı soyqırımını törətməklə “azəraycanlılar Xocalıya qədrə bizim onlarla zarafat etdiyimizi düşünürdülər”, deyən canilərdən növbəti dəfə bu sayaq qisas alındı, köksünə dağ çəkildi “dağlarda toy” əməliyyatı keçirib, Şuşamızı qəsb edənlərə beləcə toy tutuldu. Azərbaycanın dinc insanlarla işi olmadı heç zaman, onlardan qisas almadı, müharibə cinayətləri törədən qatillərə eyni şəkildə qarşılıq vermədi, kişi kimi davrandı!

Xankəndidəki Zəfər meydanında çatılmış Novruz tonqalının qarşısında bu sözləri eşitmək bizi nə qədər qürurlandırdısa, dostlarımızı da bir o qədər sevindirdi, düşmənin son ümid və xəyalları isə tonqalın gur alovlarında əridi sanki: “Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanınərazi bütövlüyü tamamilə təmin edilmişdir”. Bu, artıq hər kəsə ünvanlı mesaj idi ki, BİTDİ!!! Bəli, biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Və...” Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”. Kim növbəti peşmanlığı yaşamaq istəyirsə, bu meydan, bu da...

 

YUMRU.jpg (227 KB)

Dövlətimizin başçısı 19-20 sentyabrda, bir gündən də az çəkən antiterror tədbirlərini məmnunluqla xatırlatdı. Bildirdi ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror tədbirləri nəticəsində böyük qəhrəmanlıq göstərib. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən Ali Baş Komandan bildirdi ki, şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır.

Azərbaycan dövləti azad olunmuş torpaqları dirçəldir, qurur, yaradır. Düşmənin bir əsrdən çox müddətdə şeytan yuvasına çevirdiyi ünvanlarda yeni həyat başlayır. Bir azdan bu yurdlarda həyat qaynayacaq, Xankəndi küçələrindəki səssizliyi azərbaycanlı uşaqların gülüşü əvəzləyəcək, heç zaman olmadığı qədər şən günlər yaşanacaq bu ünvanda! Dövlət başçımız dedi ki, geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək. Nə gözəl ki, il ərzində evlərinə qayıdacaq insanlarımız arasında Xankəndi sakinləri də var! Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq, müjdəsi verildi Xankəndidən!

Prezident ötən ilin 15 oktyabrında Xankəndinin mərkəzində Azərbaycan bayrağını ucaltmışdı, müstəqillik dövrümüzdə ilk dəfə! 8 Noybarda, Zəfər günündə Xankəndidə hərbi paradı qəbul etmişdi Ali Baş Komandan – ilk dəfə! Dekabrın sonlarında isə “Qarabağ” gutbol klubu ilə Ordu İdman Klubu ölkə kubokunda üz-üzə gəlmişdilər, Xankəndi şəhər stadionunda da bir ilk yaşanmışdı. Bu dəfə də Xankəndi şəhərinin mərkəzində zəngin memarlıq üslublu binanın qarşısında möhtəşəm bir büsat var idi. Vaxtilə separatçıların yuva saldığı bu ünvan keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti Partiya Komitəsinin inzibati binası olmuşdu. Bir neçə gün əvvəl Xankəndidə oyuncaq “parlament” binası və cinayətkarlar üçün tikilmiş “veteranlar binası” darmadağın ediləndə də düşmənin atasına od qoyulmuşdu. Bu, nümayişkəranə addım həm də o demək idi ki, siz yerli-dibli cəhənnəmə göndərilibsiniz, bir də köhnə iddiaları dilə gətirsəniz, diliniz kəsiləcək! Separatizmin bütün izlərinin məhv edilməsi çox ibrətamiz nümunədir, Azərbaycan dövləti də bu mənada ilkə imza atır, kimlər nə donquldanır, fərq eləməz! Xankəndinin arxitekturasına xələl gətirən tikililərin sökülməsi təbiidir. Digərlərinə gəldikdə, onların da ermənilərə aidiyyatı yoxdur. Məsələn, “Obkomun binası” kimi tanınan məşhur tikili 1960-cı ildə tanınmış memar Həsən Məcidovun rəhbərliyi ilə inşa edilib. Azərbaycan SSR-in büdcəsi hesabına tikilib bu binalar, ermənilərin dədəsinin puluna deyil!

TONQALİM.jpg (150 KB)

Ali Baş Komandan növbəti dəfə düşməni ötənlərdən dərs götürməyə çağırdı, həmçinin Ermənistanı himayə edən çevrələri. Bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. “Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi”. Yenə də revanşa cəhdlər var Ermənistanda, hətta işğal altındakı 8 kəndimizi geri qaytaarmamaq üçün müqavimət göstərənlər, silaha sarılmaq istəyənlər ortaya çıxır. Bu xəbərdarlıqlar həm onlara, həm də onları təxribata həvəsləndirənlərə yönəlmişdi.

Ölkə başçısı bir daha Azərbaycanla təzyiq dili ilə danışmağın mənasız olduğunu Xankəndidən bəyan etdi. Məhz bu xatırlatmanı etməklə onlara məsləhət gördü ki, bizim vaxtımızı almağa cəhd göstərməsinlər, bir az ciddi olsunlar. Sitat: “İşğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur”. Və eyni zamanda “Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik”, deməklə ölkəmizin suveren hüquqlarına müdaxilə etmək istəyən paytaxtlara zəruri xatırlatmalar etmiş oldu. Tamamilə doğurudur, altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq!

NAİL SOM.jpg (187 KB)

Xankəndi müraciətinin şah misraları məncə, bunlardır:

“Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq!”

Bəli, əbədi yaşayacağıq və bir daha bədnam qonşulara aldanıb, dəfələrlə üzləşdiyimiz xəyanətin qurbanına çevrilməyəcəyik! Bununçün hər birimiz ayıq-sayıq olmalı, keçmişimizi unutmamalıyıq! 15-20 il öncə üç nəfər eyni anda düşünə bilməzdi ki, vaxt gələcək Xankəndidə İlaxır çərşənbə - Novruz tonqalı qalayacağıq. Şükür, bu günə! Amma heç zaman arxayınlaşmaq olmaz. Xanın kəndindən ucalan Prezident sözü həm də bizə dərs olsun!

Нет комментариев

Новости автора