Свобода людям, независимость нациям!

Xalqı daim xilas etmək lazımdır

Gürcüstanda xarici agentlər qanunu qəbul edildi. Xalqın kütləvi etirazlarına baxmayaraq. Orda diqqət çəkən elementlər vardı. Məsələn, Avropa çempionatına vəsiqə qazanmış Gürcüstan milli futbol komandasının bəzi üzvləri də müxalifətin etirazlarını dəstəkləyirdi. Bizdə belə hal ömründə mümkün deyil. Maşallah, bizim futbolçular siyasətə qarışmır - hamısı elliklə iqtidarı dəstəkləyirlər. Ona görə də “Qəbələ” klubu güclülər dəstəsini tərk etdi. Əsas liqamızın 10 komanda qalması qərarını qüvvədə saxladılar. Buna da şükür. Komandaların hamısının sponsoru dövlətdirsə, başqa nə etmək olar? 

Ümumiyyətlə, bizdə formalı, mundirli cəmiyyət hökm sürsə də vaxtaşırı forma və məzmun arasında dissonans, uyğunsuzluq yaşayırıq. Sanki biz hələ formalaşmamışıq. Təzəlikcə ölkə gündəmini məşğul edən, az qala həftələrlə müzakirə edilən iki mövzunu sizə xatırladıram: dükana mini yubkada girən qızın oradan qovulması əhvalatı və universitetlərin hansındasa saqqallı tələbələrin qapıdan buraxılmaması olayı. Bizim 21-ci əsrdə müzakirə elədiyimiz mövzulara baxın. Nə qədər qeyri-ciddi adamlar olduğumuzu isbat eləmirmi?

Hərçənd, adama deyərlər Gürcüstana çox da baxmaq lazım deyil, orda prezidentin biri türmədədir, o biri isə təzə agent qanununa veto qoyacağına söz veribdir. Yəni, bizim rakursdan baxsaq orada tam dəlixana, dərəbəylik, qeyri-sabitlik, xaosdur. Fikir müxtəlifliyini, diskussiyaları bəyənmirik. Bizim üçün ən düzgünü hamının eyni cür fikirləşdiyi rejimlərdir. Belə olanda baş ağrısı, məsuliyyət də azalır axı. Sənin yerinə bütün qərar və qanunları çıxarırlar. Nəinki bu gününün və gələcəyinin, hətta keçmişinin də necə olmasına hökumət qərar verir. Sən də özün üçün şellən. Arada uşaq pulu-zad istə, hətta uşağın olmasa belə.

Fövqəladə halların kimlərisə xilas etməsi xəbərləri və videoları həmişə maraqlıdır. Birini xəstəxanaya aparırlar. Başqası qayadan düşə bilmir. Üçüncüsü meşədə azır. Dördüncüsü hətta evin damındakı su çəninə təpəsi üstdə girib orda qalmışdı. Sanki uca Azərbaycan xalqı özünü aparmağı bilmir, onun əlindən tutan, dik saxlayan, başını uca edən hökuməti olmasa biabırçılıq olarmış. Daim bu xalqı xilas eləmək lazımdır. Biz heç qaz və nöyütdən düzgün istifadə qaydalarını da bilmirik. Biri hamamda boğulur ölür, başqası “Neft daşlarında” suya düşüb batır. 

Hərçənd, nədənsə bu azərbaycanlılar qıraq-bucağa çıxanda alov püskürür, uçan quşu göydə yalın əllə yaxalayırlar. Təzəlikcə bir rusdilli sayt yazmışdı: sən demə Rusiya baş naziri Mişustin müəllimin biznesini azərbaycanlılar fırladırlar. Mişustin özü Ukrayna savaşına görə embarqo altındadır, pulları verir bizim qədeşlərə, onlar da Almaniyada ən böyük logistika (daşımaçılıq, nəqliyyat) şirkətlərindən birini açmışlar. 

Görünür öz vətənində nəinki peyğəmbər olmaq, heç biznes qurmaq da mümkün deyil. (Uzağı peyğəmbərlik biznesi qurmaq olar, ancaq bu başqa temadır). 

Aktrisa Afaq Bəşirqızı 5 il qabaq dövlət başçısı ilə görüşdə aktyorların az maaş almağından gileylənmişdi. Onda deyəsən xahişə baxıldı, aktyorların pulu 50 faiz artırıldı. İndi hörmətli Afaq xanım yenidən ağlaşma qurub. Deyir aktyorlarımız dolana bilmir, bəziləri taksi sürməyə məcburdur. 

Yəqin əlaqədar orqanlar tədbir görər, aktyorlarımız növbəti dəfə xilas edilər. Hətta indi ağlıma gəldi, əgər “Titanik” Kürdə batsaydı hökumətimizin sayəsində Leonardo DiKaprionun qəhrəmanı, rəssam Cek Douson xilas olunardı, salın üstündə sərgisi açılardı. Sərgiyə ad da fikirləşmişəm: “Bu son deyil, Douson”. 

Sonra da bəzi ağzıgöyçəklər deyir guya hökumət işləmir. Səfehlər. Özünüzü yaxşı aparın, yoxsa hamınız indi taksi sürürdünüz...    

 

Нет комментариев

Новости автора