Общественно-политическая интернет газета
Xəbər verilir ki, Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən iaşə obyektlərinin birində bıçaqlanma hadisəsi baş verib.
Bir az xəsis xəbərdir, iaşə obyektinin adı çəkilmir, baş verən davada zərər çəkənlərin adı olsa da, amma zərər vuranların adı yoxdur.
Belə anlaşıla bilər ki, adları çəkilənlər bir-birinə zərər vurublar. Belədirsə, o zaman xəbərin başlığındakı fel “bıçaqlanma” yox, “bıçaqlaşma” olmalıydı.
Xöşbəxtlikdən ölüm-itim olmayıb. Hərçənd idiomatik ifadədəki ikinci sözün (“itim”) nə dərəcədə dəqiq olduğunu bilmək olmaz. Mümkündür ki, aranın qarışdığını görən dostlardan bəziləri aradan çıxıb, ilim-ilim itib.
Onları da qınamalı deyil, bir stəkan çay içib mırtlaşmaq, masanın üstündə açar və alışqan oynada-oynada, ləbləbi ilə məzələnmək üçün getdikləri kafedən nəyə görə hansısa klinikanın reanimasiya şöbəsinə aparılmalıdırlar?
Budur, həkimlər deyir ki, yaralananlardan ikisinin vəziyyət ağırdır. 19-cu polis şöbəsinin əməkdaşları da hadisənin başvermə səbəbini araşdırırlar.
Gerçəkdən necə olur ki, beş-altı gənc asudə vaxtlarını səmərəli keçirdikləri yerdə bıçağa əl atırlar? Bura Texasdır (Teksas), Arkanzasdır, Rostovdur, nədir? Durduq yerdə niyə bıçaqlaşma olmalıdır?
Hələ ona da baxaq ki, kafeyə dostları ilə istirahət etməyə gedən gənc cibinə niyə bıçaq qoyur? Sən döyüşə gedirsən, yoxsa görüşə? Cibinə bıçaq qoyursansa, prinsipcə, ağlıından onu istifadə edə biləcəyin situasiyalar da keçir. Məsələn, belə: “Biri gəlib, artıq-əskik söz desə, yortacam”; “Kimin duxu çatır, qabağımda lotuluq eləsin, bıçağı qoyacam böyrünə” və s.
Bu düşüncədə olandan sonra elə olur ki, həmin situasiya yaranır.
Hələ yaxşı ki, bu ölkədə odlu silah açıq satışda deyil, yasaqdır, tutulan yolunur. Yoxsa, qərib seyidin cəddi haqqı, burda da Teksasın kafelərindəki kimi günaşırı atışma baş verərdi. Razılaşaq ki, bıçaqlaşma və atışma olayları arasında böyük fərq olur – xüsusilə də zərərçəkənlərin sayında.
O “Memar Əcəmi” tərəfdəki iaşə obyektləri isə başqa aləmdir. Orada sırayla 6-7 yan-yana çayxana-kafe var. Yaşayış evlərinin birinci mərtəbəsində yerləşirlər. Bir dəfə o çayxanaların sırasında olan diş həkiminə getmişdim, növbəmə 15 dəqiqə qalırdı, çıxdım ki, bayırda gözləyim. Gördüm, çayxanaların demək olar ki, hamısının girəcəyində bir cazibədar görünüşlü (boyalı sifət, mini ətək, qısa şort, işvəli baxışlar) gənc qadınlar oturub və yol keçənləri kafeyə dəvət edirlər, yəni müştəri tutmaq istəyirlər.
Anladım ki, kafelərin hamısı belə edirsə, demək, bunu rəqabət tələb edir. Bu, bir az “Dədə Qorqud” filmindən tanış olan “aldadıb ər tutmaq” repolikasını andırırdı. Çünki əgər hansısa bir müştəri “gəl-gəl” deyən qızın görünüşünə və şirin vədlər ifadə edən dəvətinə aldanıb “bir istəkan çay içmək” məqsədilə kafeyə daxil olsa, bu, o demək deyil ki, qız dərhal ona yaxınlaşacaq, telefon nömrələrinin mübadiləsi olacaq, “işdən sonra görüş” təyini baş verəcək. Prinsipcə, elə şey mümkün deyil. Ona görə ki, bu qızlar onlara tamahsılanan yanıq gədələrin sifarişini qəbul edib çatdıra bilməzlər. Onlarınkı yalnız müştərini kafeyə salmaqdır, içəridə onlarla oğlan ofisiantlar məşğul olacaqlar.
Hələ o vaxt ağrıyan dişimin hövlüylə, aşağıda dayanan və 10 pilləkən yuxarıda oturan cazibədar qızlara baxa-baxa hırıldaşan gədələrə baxaraq, fikirləşmişdim ki, nə əcəb bu kafelərdə qız üstə dava düşmür. Hərçənd hərdən ara-sıra elə xəbərlər gəlirdi.
Hələ kafelərdə vitrinə qoyulan qızların dəb olmadığı vaxtlarda xalq mahnılarımızda “qoy məni öldürsünlər bir alagöz qız üstə” söhbəti vardısa, demək, bizdə qız üstə davaya düşmək ənənəsi çoxdan var və müasir gənclər o ənənəyə sədaqət göstərir, onu yaşadırlar. Yaşasın belə gənclik! Hamısı reanimasiyadan salamat çıxsın!
Ona görə də, məncə, 19-cu polis bölməsinin əməkdaşları bıçaqlı davanın “bir alagöz qız üstə” düşməsi versiyasını araşdırsınlar, “alagöz”lərdən də ifadə alsınlar, versiya təsdiqlənsə, kafe sahiblərinə tapşırsınlar ki, vitrindən alagöz və al şortlu qızları yığışdırın, gənclərin başını nahaq yerə xarab eləməyin.
КомментарииОставить комментарий