Общественно-политическая интернет газета
Sovet imperiyası 1990-cı ildə Bakıda qırğın törədəndə ABŞ prezidenti Corc Buş Mixail Qorbaçovu və onun verdiyi qərarı müdafiə etmişdi, Azərbaycanda guya “islam fundamentalizminin baş qaldırması”nın qarşısını aldığına görə. O vaxtlar Baltikyanı respublikalarda bir kimsənin burnunun qanamasından əndişəyə düşən Ağ Ev administrasiyası Bakıda, Lənkəranda, Neftçalada axıldılan azərbaycanlıların qanından olduqca məmnun görünürdü, konqresmenlər hətta sovetlərə müraciət edirdilər, Azərbaycanda “sabitlik yaratmaq”la bağlı
Azərbaycan xalqı canı, qanı bahasına istiqlalına qovuşdu, bəzi xalqlar kimi müstəqilliyi ona sinidə, məcməyidə hədiyyə etmədilər. Elə bu gün, 17 noyabr - Milli Dirçəliş Gününün tarixə düşməsi də millətin ayaqda olması nəticəsində baş verdi.
“Demokratiya beşiyi” ABŞ nə milyon yarım insanın Bakıda, Azadlıq meydanında bir araya gəlib, yumruğunu sıxaraq imperiyaya meydan oxumasına, 1920-ci ildə süquta yetirilən dövlətimizin bərpası istiqamətində atılan qətiyyətli və cəsarətli addımlara reaksiya verdi, nə də sakit şəkildə işğalçı “qızıl ordu”ya etiraz bildirənlərin meydanda döyülməsinə, həbsinə, işgəncələrə məruz qalmasına etiraz etdi…
Sonrakı illərdə başımıza gələnlərə də münasibət əvvəlkilərdən fərqlənmədi. Ermənistandan yüz minlərlə azərbaycanlı öz ev-eşiyindən, tarixi yurdlarından deportasiya ediləndə də, Qarabağdan 700 mindən artıq həmvətənimizə qarşı yenə də imperiya ordusunun dəstəyi ilə cinayətlər törədiləndə, məsum körpələr, qadınlar, qocalar soyqırıma məruz qalanda, ölkəmizin suveren əraziləri kənd-kənd, rayon-rayon, şəhər-şəhər işğal ediəndə, yandırılanda, yağmalananda da ABŞ-dan ədalətli mövqe görmədik.
Əvəzində… ABŞ Konqresi Azərbaycanın işğal altında olan ərazilərindəki xunta rejiminə üst-üstə 2 milyard dollardan artıq maliyyə ayırdı! Ermənistana dəstək isə dəfələrlə çox oldu. Azərbaycana… hə, “dəstək”lərini gördük. 1992-ci ilin 24 oktyabrında ABŞ Konqresi Azərbaycanı guya “Ermənistanı blokadaya salmaqda” ittiham edərək “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş adlı faktiki olaraq sanksiya qətnaməsi qəbul etdi. Ağ Ev nədən qəzəblənmişdi? Bircə il əvvəl müstəqillik qazanmış ölkəmiz kiçik imkanlar hesabına işğalçılardan və onların havadarlarından Ağdərə şəhərini azad etmişdi. Qələbəmiz, ərazi bütövlüyümüzü təmin etməyimiz Ağ Evdə oturanların gözlərinə ağ olmuşdu. Odur ki, qələbəmizi sinirə bilmədilər, Azərbaycana qarşı əclafcasına davrandılar, ermənilərin çirkli pullarına payçı olan senator Con Makkeyn, konqresmen Veyn Ovensin ortaya qoyduqları qərəzli sənədi qəbul etdilər. Qarabağda məlum hadisələr başlayanda sovetlərin tör-töküntüləri Azərbaycanda hətta ov tüfənglərini də yığışdırırdılar ki, erməni canilərinin qarşısında əliyalın qalaq. ABŞ Konqresi də 907-ci düzəlişlə Azərbaycanı yardımlardan məhrum edən, hətta öz pulu hesabına özünümüdafiə silahları almasını yasaqlayan qətnamə qəbul etdi. Bir-birinə qarşı düşmən münasibətində olan Moskva və Vaşinqton Azərbaycana və Ermənistana münasibətdə eyni səngərdəydilər və bu mövqe son illərədək davam etdi. Azərbaycan ABŞ-ın hədəfə aldığı tək post-sovet respublikası oldu ötən illərdə! Yalnız 2001-ci ilin 11 sentyabrından sonar Azərbaycanın antiterror koalisiyasına qoşulması, həmçinin ölkəmizin Əfqanıstanla bağlı proseslərdə Pentaqon üçün “olmazsa, olmaz” potensialı ABŞ-ı 907-ni “dondurmağa” vadar etmişdi. Əslində bu qərarın özü utancvericiydi, dünyanın supergücünün adına, amma utanmadılar, hələ minnət qoydular vaxtaşırı.
2020-ci ilin Tovuz döyüşlərindən sonra Ermənistanı işğalçı adlandıran ABŞ Konqresi nədənsə bu siyasətin ardını gətirməyə cürət etmədi, bəlkə də erməni lobbisi qarşılarını kəsdi. Ümummilli Erməni Konqresinin əlində oyuncağa çevrilən Konqresdən nə gözləmək olardı? Qarabağın işğalda olduğu illərdə separatçı liderlərin səsinin tez-tez Konqres dəhlizlərindən gəldiyinin az şahidi olmadıq. Azərbaycanın ərazi bütövlüyünə BMT Baş Assambleyasında “bitərəf” qalan ölkə idi bu…
Budur, 1992-ci ilin “907”sinin düz 31-ci ildönümünün tamamında yenə də Ağ Ev administrasiyasında anti-Azərbaycan küləkləri güclənib. Ermənistana xərclənən milyardlara baxmayaraq, Azərbaycan dövləti qüdrətli ordusunun Dəmir Yumruğu ilə növbəti dəfə Ağdərə daxil, bütün Qarabağı işğaldan azad edib, özü də birdəfəlik! ABŞ-dakı erməni lobbisi və onlardan qidalananlar həzm edə bilmir Azərbaycanın bu qələbələrini, Xankəndidə qələbə paradı keçirməsini, Şuşanı yenidən tikməsini, məcburi köçkünlərin Laçına qayıdışını…
Beləliklə, ABŞ Konqresinin yuxarı palatası Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutan və “2023-cü il tarixli Ermənistan Müdafiə Aktı” olan S.3000 qanun layihəsini təsdiqləyib. ABŞ Senatının saytının yaydığı məlumata görə, qanun layihəsinin müəllifi 2023-cü ilin sentyabrında Ermənistana səfər etmiş ABŞ nümayəndə heyətinə rəhbərlik edən senator Cerri Pitersdir. S.3000 qanun layihəsi Azərbaycanla bağlı 907-ci düzəlişin dayandırılmamasını nəzərdə tutur. 907-ci düzəliş isə ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən düzəliş idi. Rəsmi Vaşinqton bir ovuc erməni quldura görə haqlı tərəfə - Azərbaycana qarşı belə bir davranışı və qərəzli sənədi qəbul etməklə tarixinə qara səhifə həkk elədi. Əsrlər keçəcək, ABŞ Konqresinin bu addımı unudulmayacaq, amerikan diplomatların, rəsmilərin sifətinə çırpılacaq! Post-sovet məkanındakı digər münaqişə bölgələrində separatçıları birmənalı şəkildə rədd edən ABŞ erməni separatçılığını, Azərbaycan ərazisində saysız cinayətlər törədən, təkcə mina terroru ilə son üç ildə 400-ə yaxın vətəndaşımızın həyatına qəsd edən erməni terrorçularını himayə etdi! Ermənistan hökuməti rəsmən bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ daxil, amma ABŞ Konqresi Qarabağda Azərbaycan bayrağının dalğalanmasına sanksiya qərarı ilə qarşılıq verir. Əxlaqlı siyasət bir ölkənin BMT sərhədlərini təmin etməsinə təbrik mesajı ilə reaksiya verilməsini tələb edirdi… Amma ABŞ-ın Bakıdakı səfirliyi bu günədək azad Şuşaya səfər etməyib. Onlara işğaldakı Şuşa, Xankəndi, Xocalı lazım idi, Ermənistandan keçib, Laçın yolu ilə separatçılarla görüşlərə getməkdən ötrü…
NATO-dakı tərəfdaşı Türkiyə ilə anlaşmaya baxmayaraq, F-35 qırıcı təyyarələrini verməkdən imtina edən ABŞ Türkiyəyə qardaş Azərbaycana qarşı da eyni cür davranır, onu hərbi yardımdan məhrum etməklə… Olsun. Vətən müharibəsində qələbəmiz ABŞ silahları ilə olmadı ki…Amma unutmasınlar! Bir gün müdafiə etdikləri erməni terrorçuları ABŞ-ı ürəyindən vuracaq, onda amerikan siyasətçilər Azərbaycana qarşı nə qədər haqsızlıq etdiklərini anlayacaqlar…
Rəsmi Bakı ABŞ-da Ermənistanla keçirilməsi nəzərdə tutulan danışıqları boykot etməklə tamamilə doğru seçim etdi. Bu münasibətdən sonra Vaşinqtonun sülh təşəbbüsü olmaz olsun!
Rəsmi Bakı bəyan edib ki, Azərbaycan noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmir. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində mövcud olmayan “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələrdən, ardınca Konqres palatasındakı absurd qətnamədən sonra nə sülh təşəbbüsü? ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan tərəfinin ABŞ-da görüşdən imtina etməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Ağ Ev Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək. Yenə də saxtakarlıq...
Biz Ermənistanla sülhün bir addımlığındaydıq, prosesi bu dəfə də ABŞ pozdu. Ağ Ev artıq tamam ağını çıxarıb… Sanksiya qərarı BMT TŞ-nin 4 qətnaməsini icra etməyən Ermənistana qarşı qəbul olunmalıydı...
ABŞ hökuməti unutmasın ki, heç kim Azərbaycanla hədə, təhdid dilində danışa bilməz! Əgər Azərbaycanın ən çətin dönəmlərində ABŞ Konqresinin qəbul etdiyi sanksiya qərarı ölkəmizin əzmini qıra, torpaqlarımızın azadlığına aparan yolumuzu kəsə bilmədisə, bundan sonra ümumiyyətlə, bizim mövqeyimizə təsir göstərə bilməzlər! Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında öhdəliyi var! Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz!
Azərbaycanın mövqeyi qətidir, geridönüş olmayacaq, xam xəyallar işləməyəcək, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövlətini qura bilməyəcəklər! Hələ Ermənistan adlı oyuncaq dövlətin Azərbaycana ərazi borcu var: təkcə 8 kənd deyil, 20 min kv.km-lik qəsb etdiyi Göyçə-Zəngəzur! 1919-cu ilin 28 mayında ABŞ-ın 28-ci prezidenti Tomas Vudro Vilson Paris Sülh Konfransı çərçivəsində Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətimizi qəbul edərkən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kv.km idi və 1920-ci ilin yanvarında dövlətimiz de-fakto məhz bu ərazilərlə tanındı!
İndi ABŞ səfirinin patrulluq etdiyi ərazilər 1920-ci ildə qoparıldı Azərbaycandan, ABŞ-da bunu bilmirlərmi?! Digər reallıq: ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olacaq!
Prezident İlham Əliyev Xankəndidəki Zəfər paradında Ermənistanın havadarlarına sözünü deyib: “Hansı ki düşünürlər hansısa şəkildə Azərbaycana təzyiq edərək və Ermənistanı silahlandıraraq onların üzərindən ölkəmizə qarşı təxribatlar törədərək bizi nəyəsə məcbur edə bilərlər. Lakin hökumətimiz açıq şəkildə mesaj verdi ki bizim qorxumuz yoxdur, öz mövqeyimizdə sabitik və Azərbaycanın ərazi bütövlüyü müzkirə mövzusu deyil. Bu bizim qırmızı xəttimizdir. Buna görə də Ermənistanın havadarları bu xam xəyallarıdan əl çəkməlidirlər”.
Görünür, bu xəbərdarlıq kifayət etməyib, ABŞ Konqresinin növbəti məkrli addımı bunu deyir. ABŞ-ın Ermənistandakı səfirinin Avropa İttifaqının missiyası ilə patrul xidmətinə çıxması da Ağ Evin ermənipərəst siyasətinin gülünc ifadəsidir. Görün, ölkəni nə günə qoyublar, bir ovuc erməniyə görə...
КомментарииОставить комментарий