Свобода людям, независимость нациям!

Velosiped oğruları

“Gəmisini batıran, çarığını axtarmaz”

(Azərbaycan ata sözü)

24 iyulda polisin respublikamızın 3 müxtəlif bölgəsində velosiped oğrularını tutması kriminal xronikada diqqətimizi çəkmişdir. Bunlardan biri Gəncədə, ikincisi Sumqayıtda, üçüncüsü isə nə qədər qəribə olsa da Naxçıvanda olmuşdur. Əlbəttə, bizim diqqətimizi çəkən elə axırıncı bölgədir, çünki Vasif müəllimin rəhbərlikdən getməsindən sonra orada geriyədönməz hadisələr cərəyan edir.

Burada bir qədər tarixə mədəni ekskurs edək. Dünya kinosunun şedevrlərindən olan film var: “Velosiped oğruları”. Film italyan rejissor Vittorio de Sicanın əsəridir. Neorealizm üslubundadır. İkinci Dünya savaşından sonra Romada kasıbçılıqla yaşayan ata və oğlu nəhayət afişa yapışdıran işi tapırlar, lakin iş üçün mütləq velosiped lazımdır. Ev əşyası satıb velosiped alırlar, lakin bunu kimsə oğurlayır. Sonra oğruların izinə düşürlər, axırda özləri də məcbur qalıb velosiped oğurlayır və sairə - bütün filmi burada danışmağın mənası yoxdur, baxmasan anlamazsan. Film sosial dramdır, az qala sənədli film kimi bir şeydir və o qədər uğurludur ki, velosiped oğurluğunu az qala cəmiyyətin həyat şəraitini ölçmək üçün ölçü vahidi kimi qoyubdur. Harda velosiped oğurluğu olursa, çox insanlar de Sica-nın ölümsüz filmini xatırlayır. Halbuki əslində velosiped oğurluğu hazırda dünyanın ən inkişaf etmiş ölkələrində - Almaniya, Niderland, Fransada da populyar cinayətlərdəndir. Velosipedin o bölgələrdə populyar olması üzündən həm də. Bizdə heç velosiped sürməyə yol yoxdur, oğrular nəyi oğurlasın? Artistlik üçün bulvar tərəflərdə hansısa qısa velosiped yolu qayırmışdılar, o da alınmadı.

Qayıdaq öz oğrularımızın yanına. Gəncə və Sumqayıtda bu əməli törədənlər keçmiş cinayətkarlar imiş. Naxçıvanda isə keçmiş cinayətkar olmadığı məlumdur (bu haqda az sonra). Lakin hadisəni bir qadının törətməsi maraqlıdır. Sitat: “Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 22-də şəhər ərazisində yerləşən bazarda mağazalardan birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən Qaraxanbəyli kənd sakini S.Sadıqova müəyyən olunaraq saxlanılıb”. Sitatın sonu.

Ümid edirəm soyadını səhv yazıblar. Biz qadına yüksək dəyər veririk.

Vasif Talıbovun başçılıq etdiyi dönəmdə Naxçıvanda cinayətkarlıq sıfır səviyəsinə düşmüşdü. Mən bunu özümdən uydurmuram, istənilən adam internet arxivlərində statistik məlumatlar tapa bilər. Məsələn, söz vaxtına çəkər, AZƏRTAC dövlət agentliyinin 21 iyul, 2016-cı il, saat 14:58-də yazdığı (yüksək dəqiqlik buna deyirlər) xəbərin başlığı məhz belədir: “Naxçıvan Muxtar Respublikası bu gün cinayətsiz regiona, paytaxtı isə təhlükəsiz şəhərə çevrilib”.

Yeri gəlmişkən, dünyada ən az kriminal olan ölkələrdən biri İslandiyadır. Yadıma gəlir, 4-5 il qabaq (mən dövlət agentliyində çalışmıram, o üzdən qeyri-dəqiqəm) hətta belə xəbər çıxmışdı: “İslandiyada son 100 ildə ilk dəfə adam öldürülüb”. Vasif müəllimin uğurlu kriminal siyasəti sayəsində Naxçıvan İslandiyaya çevrilmişdi, bəlkə onu ötüb keçmişdi. Fürsətdən istifadə edərək hörmətli oxucularımıza island rejissoru Valdimar Yohanssonun 2021-ci ildə çəkdiyi, diqqətə layiq “Quzu” filminə baxmağı məsləhət görərdim. Film island tərəkəmələrin yaylaq həyatından, dinsiz-imansız hərəkətlər üzündən uşağın qoyuna çevrilməsindən bəhs edir.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz haçansa velosiped oğurlamısınızmı?

 

 

Нет комментариев

Новости автора