Общественно-политическая интернет газета
ABŞ-da noyabrda keçiriləcək prezident seçkisinədək fövqəladə hadisə baş verməsə-belə hadisələr gözləniləndir- Resublikaçıları Donald Tramp, Demokratlar Partiyasını isə Kamala Harris təmsil edəcək.
Payız seçkisində Trampın Ağ Evə qayıtmasını əngələmək istəyən qüvvələr bəllidir, onların da özləri üçün ciddi arqumentləri var. Amma Trampa indi daha bir ciddi maneə də var. O qüvvənin adı Qadındır.
Trampın çox da uzaq olmayan keçmişində gözəllik müsabiqəsi keçirmək kimi şakəri vardı. Ona qarşı təcavüz iddiası ilə məhkəməyə verən qadın da var. Trampın siyasətçi kimi zəif yerləri yetərincədir. Zənnimcə, məhz Harrisin ehtiyat namizəd kimi əvvəldən hazırlanması da onun daha bir “zəif damarını” basdalamaq üçün idi. Trampın Harrislə debatdan yayındığı haqda son iddiaları gerçək olmaya bilər, amma yeni namizədi Bayden kimi “neprav” çıxarmaq asan olmayacaq. Harrisin əsəb korlayan “ha-ha” larını(buna görə onu Ha-Ha-Haris adlandıranlar da var) ekran qarşısında qəbullanmaq çətindir, yəqin Trampı da mütləq hövsələdən çıxarmağa çalışacaq ki, onun məhz qadınlara olan gerçək münasibətini də üzə çıxarsın.
ABŞ-da qadına kifayət qədər mühafizəkar münasibət zatən qalmaqdadır. Son sorğular da göstərir ki, cəmiyyət dövlətin başına qadının gəlməsinə hələ hazır deyil. “The Times” üçün keçirilən sorğuya görə, amerikalıların üçdə biri ABŞ-a qadın prezidentin rəhbərlik etməsinin əleyhinədir ki, bu da səbəbsiz deyil, tarixdən qaynaqlanır.
İndiki Birləşmiş Ştatların ərazisində yaşayan ən erkən qadınlar yerli amerikalılar olub. Avropalı qadınlar 17-ci əsrdə gəliblər və özləri ilə bu ölkəyə Avropa mədəniyyətini və dəyərlərini gətiriblər. ABŞ-da 19-cu əsrə kimi qadınlar əsasən, bizdəki kimi “evdar qadın” idilər. ABŞ-da qadınların seçki hüququ uğrunda mübarizənin uzun tarixi var, bunu hər biriniz tapıb oxuya bilərsiz. Qadın hüquqları ilə bağlı məsələ vətəndaş müharibəsindən sonra ABŞ Konstitusiyasına 14-cü Düzəlişin qəbulundan başlayıb. Gender bərabərliyinin tərəfdarları iddia edirdilər ki, bu düzəliş qadınlara digər hüquqlarla yanaşı səsvermə hüququnu da təmin edir. Lakin bu fikir mühafizəkar əksəriyyət (yeri gəlmişkən, bir çox qadınlar da daxil olmaqla) tərəfindən mənfi qarşılandı. Buna görə də iki müstəqil seçki təşkilatı yaradıldı, onlardan biri federal konstitusiyaya düzəlişin qəbulu üçün lobbiçilik yolunu seçdi, ikincisi isə hər bir ştatda ayrıca təbliğata yönəldi. İkinci taktika daha əvvəl bəhrəsini verdi: artıq 1869-cu ilin dekabrında ştatların birində qadınlar təkcə seçkilərdə iştirak etmək deyil, həm də məhkəmədə andlı iclasçılar kimi oturmaq hüququ əldə etdilər. Sonra digər ştatlar da buna əməl etdilər. Konqresin 1919-cu ildə amerikalı qadınların səsvermə hüquqlarını təmin edən 19 saylı Konstitusiya Düzəlişinədək yarım əsrlik mübarizə aparıldı, bir ildən sonra qanuna çevrildi.
İndi o vaxtlar Amerikada Üzeyir Hacıbəyli və Cəlil Məmmədquluzadə kimi qadın hüquqları uğrunda mübarizə aparan ziyalılar, “Molla Nəsrəddin” kimi sərt tənqidi jurnal olub-olmadığını bilmirəm. Olsaydı, onların da “Məşədi İbad”larını, erkən ərə verilən “Gülnaz”larını biz də oxuyardıq. Yəni Amerikanın azad qadın obrazının şişirdilmiş olduğunu tarixə bu qısa ekskurs da göstərir. Baxmayaraq ki, beynəlxaq qadınlar bayramı da öz başlanğıc tarixini ABŞ-da 1857-ci ilin martında Nyu-York tekstil və ayaqqabı fabriklərində yüzlərlə qadın işçinin 16 saatlıq iş gününə və kişilərlə müqayisədə qeyri-bərabər maaşa etiraz etməsi ilə birbaşa əlaqəlidir...
Beləliklə, yalnız 21-ci əsrdə qadınlar Amerika həyatında görkəmli rollarda daha çox təmsil olunmağa nail oldular. Amerikada yaşayan mühacirlər deyirlər ki, müasir amerikalı qadının onun üçün açıq-aydın ağır olan bir qutu daşıdığını, yanında isə əliboş gəzən kişini görmək adı haldır. (Bizim ölkədə belə mənzərələr görmək olmaz). Oxuyanda təəccübləndim, sən demə, uşaq doğulduqdan sonra amerikalı qadınlar analıq sevinclərinin dadını çıxara bilmirlər. Yəni Amerikada ənənəvi üç illik analıq məzuniyyəti yoxdur və orta hesabla anaya cəmi 3 ay güzəşt hüquq verilir. Bundan sonra ya işə qayıtmalıdır, ya da işini itirməlidir. Amerikada da ailələrdə qadınlara qarşı məişət (eləcə də psixoloji, maddi və cinsi) zorakılıq problemləri hələ də qalmaqdadır.
Son bir neçə onillikdə qadınların seçkilərdə iştirakı artsa da, araşdırmalar göstərir ki, qadınlar müxtəlif sahələrdə, o cümlədən hökumət, yüksək texnologiyalar və korporativ sektorda hələ də kifayət qədər təmsil olunmurlar.
Keçmiş SSRİ respublikalarından hazırda ikisində qadın prezident var- Gürcüstanda və Moldovada. Slovakiya, Sloveniya və İsveçrədə də dövlət başçıları zərif cinsin nümayəndələridir. Hindistan, Yunanıstan, Honduras, Peru, Tanzaniya, Trinidada və Tobaqo və Barbadosada prezidentlər qadındır. Amma bunların heç biri ABŞ-la müqayisə oluna bilməz, çünki Amerika prezdenti dünyanın taleyinə birbaşa təsiri olan fiqurdur.
Bayden erası gələn ilin yanvarında rəsmən bitir,onun vitse-prezidenti, indiki prezidentliyə namizəd bu 4 il ərzində xüsusi heç bir ağıllı təşəbbüsü ilə seçilmədi, Baydenin kölgəsində fırlandı. İndi isə önə çıxmaq lazımdır, Harrisin özünün dediyi kimi həm də “Amerikanı Tramp bəlasından xilas etmək üçün”. Harris üzərinə çətin və məsulliyyətli iş götürüb. Bacaracaqmı? Dünya matrialxal rejimi qəbullana biləcəkmi? Suallar daha çoxdur, amma hələ ki, bir cavab var: unutmayaq ki, qadın böyük qüvvədir...
Görəsən, Üzeyir bəy Tramp, Mirzə Cəlil isə Harris haqda nə yazardı?
КомментарииОставить комментарий