Общественно-политическая интернет газета
Həyat yoldaşıyla birlikdə Taylandda yaşayan keçmiş həmkarımız bu günlərdə qonşu Vyetnama adlayıb, orada bir restorana girib, menyu ilə tanış olanda maraqlı şeylər görüb.
Əlbəttə, o, başqa ölkədən olsaydı, heç menyuda yazılanlara fikir verməzdi, amma azərbaycanlı olduğu üçün menyudakı yemək adları, necə deyərlər, “gözünə girib”. Menyida yazılıbmış: “Armenian lahmajon”, “Armenian ayran”, “Armenian lavash”, “Armenian bakhlava” və s.
Bu, yeni şey deyil. Bundan əvvəl Rusiyada, Ukraynada, Avropa ölkələrində erməni əsilli sahibkarlara məxsus iaşə müəssisələrinin menyularında müxtəlif cür “Armenian poks-püsür” təamları çox təqdim edilib – dolmadan imambayıldıya, həftəbecərə, süzməyə qədər. Ermənilər hətta bu yeməklərin konservlərini də buraxmışdılar, adları da üstündəydi.
Qarabağda məsələ həll olandan sonra, düzü, dolma, lavaş savaşı aparmaq adama çöçün gəlir. Mənasız iş hesab edirsən. Amma belə görünür ki, onlar bunu hələ də “milli mücadilə elementi” sayırlar, hesab edirlər ki, güclü və böyük Ermənistan dövləti yaratmağın yolu hər yerdə, hətta uzaq Vyetnamda da qatığı çalxalayıb ayran düzəltməkdən və onu “Armenian ayran” kimi təqdim etməkdən keçir.
Yaxşı, onlar bu lavaşı, dolmanı, ayranı, paxlavanı öz icadları kimi təqdim edərkən heç düşünmürlərmi ki, onlara erməni adı qoysunlar? Axı ta Dədə Qorquddan bəri “ayran” bizim sözdür. “Dolma”, “paxlava” da onun kimi.
Belə görünür ki, onlar ya bunu öcəşkənliklərindən edirlər, ya adı brendləşmiş təamlara bilə-bilə başqa ad qoymaq istəmirlər, ya da bunu fikirləşəcək beyinləri yoxdur.
Xatirinizdədirsə, bir ara bu məsələ bizdə böyük həyəcan doğururdu. Bəzi patriot qardaşlar əlaqədar təşkilatlara müraciət edirdilər ki, bu işi belə qoymasınlar, beynəlxalq strukturların qarşısında məsələ qaldırsınlar. Arada bu kimi münaqişələrə görə dünya kulinarlarının simpoziumunda qanqaraçılıq da düşürdü.
Gerçəkdən də tragikomik durum yaranmışdı: dünya birliyi bilmirdi ki, Qarabağ münaqişəsini həll eləsin, yoxsa ermənilərlə azərbaycanlıların dolma-lavaş savaşında münsif olsun.
Hələ ortada bir “Sarı gəlin” söhbəti də vardı. Amma biz “Sarı gəlin”i onların əlindən tez aldıq – səsimizin qalın, nazik, bəm, zil yerinə salıb o qədər oxuduq ki, ermənilər çatdıra bilmədilər. Bir tərəfdən Anadolu musiqiçiləri, o tərəfdən Sami Yusif kimi əjdaha müğənni kömək elədi, nəticədə ermənilər gördülər ki, “Sarı gəlin” əldən gedib.
Bir o deyildi, hələ uzun illər öncə ermənilər “Arşın mal alan”ı da öz adlarına çıxıblarmış, dünyanın müxtəlif ölkələrində öz əsərləri kimi tamaşaya qoydururmuşlar. Sonra bizimkilər duyuq düşüb, qarşısını alıblar.
Hər şey o tərəfə, “Arşın mal alan”da söhbət ailə quran oğlanın toydan qabaq gəlinin üzünü görə bilməməsi problemindən, qadınlar örtülü gəzməsindən gedir və bu erməni cəmiyyətinə xas adət-ənənə deyil. Amma neynirsən, deyirmişlər, bizimdir.
Doğrudan da hansısa yemək və ya musiqi parçası üstündə illərlə öcəşmək artıq mənasız görünür. Dünya kulinarları əllərinə keçən tərəvəzi, meyvəni boşqaba doldurub qarışdırır, gündə bir salat, yemək icad edirlər. Hər gün milyonlarla mahnı yazılır. Ona görə də lavaşdan və “Sarı gəlin”dən yapışıb durmaq bizə yaraşmaz.
Soydaşımız isə sözügedən iaşə müəssisəsində bir xəritə də görüb – “Böyük Ermənistan” xəritəsi. Ermənilərin xəyali dövlətinin bir sərhədi Xəzər dənizini yalayır, o biri sərhədi Qara dənizə dirənir, cənub tərəfi də Livana, İsrailə qədər uzanır. Ən vacibi, bu xəritəyə görə, “Böyük Ermənistan”ın qərb qonşusu da başqa biri deyil, “Kiçik Ermənistan”dır. “Bir millət-iki dövlət” misalı...
İndi təsəvvür edin, biz də qoşulmuşuq bu cür utopik-utopik şeylər düşünən başıxarablara, onlarla bəhsləşirik. Adam hansı yollarlasa gedib çıxıb Vyetnama, pis-yaxşı bir kafe-restoran açıb, başnı aşağı salıb 5 donq pulunu qazanmaqdansa, Vo Van Thonqun xarici və daxili siyasətini dəstəkləməkdənsə, lavaş, ayran və paxlava ilə “Böyük Ermənistan” təbliğatı aparır.
Xəstə deyillər, nədirlər bəs?
КомментарииОставить комментарий