Общественно-политическая интернет газета
Priqojin Putinə üsyan edən gün Bakıda əsas müxalifət partiyalarımızdan biri olan AXCP qurultayını keçirmişdir. Qurultay olduqca mühüm yeniliklərlə yadda qaldı. İlk növbədə, partiya sədrinin gizli səsvermə üsuluyla seçilməsi qaydası qüvvəyə mindi. Bilənlər bilir, bu qaydaya keçid cəbhəçilərimiz üçün uzun illərin prinsipial problemlərindən biri idi. Orada sədri həmişə açıq səsvermə üsuluyla, necə deyərlər, əl qaldırıb seçirdilər. Nəticədə bəzi düşmən qüvvələr AXCP-də demokratiyanın olmadığı qənaətinə gəlirdilər, deyirdilər əgər gizli səsvermə olsa biz Əli Kərimlinin əleyhinə çıxan qüvvələri də görərdik. Yoxsa açıq səsvermədə bəziləri utanır, bəziləri qorxur və sairə. Axır ki, gizli səsvermə oldu, ancaq yenə Kərimli alternativsiz sədr seçildi.
Lakin gizli səsvermə zamanı bir mühüm yenilik ortaya çıxdı: 1 nəfər sədrin əleyhinə səs vermişdir! Məncə bu, qorxunc perspektivlər yaradır. Həmin 1 nəfər kimdir? Güman edirəm cəbhəçilər növbəti qurultaya qədər olan müddəti həmin 1 düşməni tapmağa sərf etməlidir. Bu isə partiyanın demokratiya uğrunda mübarizəsini zəiflədəcəkdir. Yenə yaxşısı açıq səsvermə imiş.
Əlbəttə, xalq müdrikliyinə qarşı çıxmaq olmaz. Xalq hər şeyi bilir. Ona görə uzun illərdir nə iqtidarımızın alternativi var, nə müxalifətimizin. Qucaqlaşıb yaşayırlar. Ancaq dünənəcən. İndi ürəklərə həmin 1 nəfərin xalı düşüb. Bizi pis günlər gözləyir, biləsiniz. Eh, vay...
Hələ bu harasıdır, bayaq yadımdan çıxdı, yazmadım, o 1 nəfərlə iş bitsə dərd yarıydı! Sədr seçkisində 2 bülleten də etibarsız çıxıbdır! Bu lap dəhşətdir. Yekdillik əldən gedir. Əleyhinə səs verəni bəlkə başa düşmək olar – iqtidarın gizli tapşırığını yerinə yetirmişdir, bəs bülleteni etibarsız kökə salanı necə anlayaq?
Bu gün 1-2 nəfər, iyirmi ildən sonra da 4-5 nəfər... Bir də baxarsan müxalifət partiyası parçalanıb. Təklif edirəm həmin 3 nəfəri tapmaq üçün partiya daxilində xüsusi komissiya yaradılsın. Onları sədrin yanında “sonuncu şam yeməyi”nə dəvət etmək lazımdır.
Yemək demişkən, bizdə nazirlərin xalqın inkişafı naminə səmərələşdirici təklifləri davam edir. Məsələn, deyir əgər şam yeməyini ailəvi yesəniz uşaq universitetə qəbulda yüksək bal toplayacaqdır. Kimsə ərinməz-ərinməz oturub bunu hesablamışdır. İsveçrəli alimlər, yəqin ki. Bizim akademiklər də ola bilər. Ramiz Mehdiyev işdən çıxarılandan orada misilsiz islahatlar aparılır. Bu yaxında burun silmək üçün nanodəsmal ixtira etmişdilər.
Ancaq şam yeməyi yoxdursa nə etməliyik? Yəqin parkda ailəvi oturub günəbaxan tumu qırmaqla Oksforda qəbul olmaq mümkündür. Yaxud, bəzi ailələrdə ata gecə yarısına qədər fəhləlik, ana səhərlər süpürgəçilik edir, uşaq isə yiyəsiz qalıb məktəbin tinində patı satanlara qoşulur, bunun araşdırması vardırmı? Belə uşaqlar əvvəl-axır hara “girirlər”?
Tənqid eləmək asandır, təklif vermək lazımdır. Doğrusu, mənim hazırda heç bir təklifim yoxdur, çünki şam yeməyi bir yana qalsın, heç nahar etməmişəm. Acqarına isə təklif yox, ancaq tənqid etmək istəyirsən. İnsan üsyana qalxmaq istəyir. Priqojinin soyadı gözünə “pirojna” kimi görünür.
Priqojin yazdım, ağlıma gəldi: bəlkə AXCP-dəki o 3 nəfər qiyamçı danışıqlar yolu ilə Müsavata keçsin, müxalifət sferasında sabitlik bərpa olunsun? Əks halda nigaran qalacağıq.
КомментарииОставить комментарий