Общественно-политическая интернет газета
Yaxud möhtəşəm iqlim tədbirimiz üçün mübarəkbazlıq
Bəşəriyyətin bütün tarixi boyunca yaratdığı ən komik idarələrdən biri BMT-dirsə, onun da planetdə iqlimi yaxşılaşdırmaq üçün guya tədbir düzəltməyi başqa anekdotdur. Qısa adı ingiliscə abbreviatura ilə COP olan bu çöp-tədbirin builkisi ərəb diyarında olmuşdu, ondan qabaqkı Misirdə idi, gələn ilkini isə Bakıya saldırmışıq. Açığı, “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı Azərbaycanda 2024-cü ildə keçiriləcək” xəbərini oxuyanda gələn il bizi gözləyən yol tıxaclarından daha çox cümlənin əcaibliyinə heyrətləndim. Gəlin bir daha oxuyaq: iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransı. Bu nə dildir, bu nə axmaq cümlədir, bunu kim fikirləşib? Dildə belə zibil cümlə varsa, ekologiyanı necə zibildən qoruyacağıq?
Əslində iqlim dəyişməsi son yüz ildə ciddi sürətdə davam edir və bunu BMT ilə önləmək cəhdi selin qabağına armud cecəyindən bənd qurmaq kimi mənasız hərəkətdir. Buzlaqlar, Arktika və Antarktida sürətlə əriyir. Təzəlikcə Ucar rayonu boyda aysberq Antarktidadan qopub okeana üzmüşdü. Çaylar quruyur, meşələr yanır, dünyamızı zibilə bürümüşük. İnsan xərçəng hüceyrəsi kimi Yer planetində metastaz verib, onun axırına çıxmaq üzrədir. Şükür eləyin ki, biz heyvanların, ağacların, başqa canlıların dilini anlamırıq, yüz faiz onlar bizim haqqımızda səhərdən axşama, bütün sutka boyu və bütün yer üzündə söyüşlə, qarğışla danışırlar. Elementar misal: hansı canlı növü öz növünü öldürmək üçün bu cür təkmil silahlar hazırlayır, hələ onların satış-sərgilərini düzəldir? Canavar bizik, adımızı yazıq heyvana yapışdırmışıq.
Küçəmizdə hündür tut ağacı vardı. Uşaqlar şirin tutun ardıyca budaqlarında dolaşırdılar. Prinsipcə, yol kənarında olduğu üçün konkret “yiyəsi filankəsdir” demək olmazdı. Yayda bir gün uşaq qaçaraq gəldi: “Qonşu tutu kəsir!”. Pis qonşu da başqa cür bədbəxtlikdir, bu temada atalarımız yaxşı deyiblər ki, qonşun pisdir, köç qurtar. Yəni, bu, əlacsız xəstəlikdir. Gəlib görürəm bu ağıldan qıvraq cavan tutu mişarlayır. Soruşuram niyə belə edirsən, cavabı: “Mən burda maşın saxlayıram, tut üstünə tökülür, maşın şirə olur”. Mən tutun heç olmazsa bir budağını bu qatilin əlindən xilas etməyə nail oldum və ona “Bu tut qədər sənin ölkəyə xeyrin yoxdur” dedim.
Ağacları maşın şirə olmasın deyə kəsən adamlar üçün planetin gələcəyini düşünmək, onlara qlobal istiləşmə temasında konfrans eləmək çox böyük zorakılıq olardı. Yazıqdırlar.
6 dekabrda Gürcüstanda maraqlı hadisə olub: Ali Məhkəmə 30 illik qoz ağacı haqda işə baxacaq. Axalsixi vilayətində qonşular arasında belə bir qoz ağacı varmış. Qonşulardan biri ağacı kəsmək istəyir. Səbəb belədir: “ağac qarajıma təhlükə yaradır, qoz yetişəndə qarajın damına tökülüb tappıltı salır”. Hələlik iki məhkəmə instansiyası qozu qorumaq haqda qərar verib, görək Ali Məhkəmə bu qərarlara nə qoz qoyacaq.
Bu ilin sentyabrında İngiltərədə də çirkin əhvalat olmuşdu, “Robin Qudun ağacı” adlanan, yaşı bir neçə yüz ili ötən çinar ağacını vandal yeniyetmə mişarlamışdı. Hadisə xəbər lentlərində manşet olmuşdu.
Qarabağda, Xocavənd tərəflərdə yaşı 1000 ilə çatan (2000, 900 il kimi müxtəlif rəqəmlər də səslənir, dəqiqini kim bilir? Bioloq alimlərimiz varmı?) çinar ağacı var. Nə yaxşı o çinar qorunub saxlanır. Bəs başqa ərazilərimizdə neçə belə ağac tanıyırsınız? Təbiətimizdə yaşı yüz illəri ötən neçə ağac, qaya, şəlalə və sairə təbiət abidələri var?
BMT iqlim konfransına gələcək qonaqları yerləşdirmək üçün hansısa parkda, küçədə ağacları kəsib yerində otel tiksələr təəccüblənmərəm.
КомментарииОставить комментарий