Общественно-политическая интернет газета
“BBC” yazır ki, Türkiyənin dərinləşən iqtisadi böhranı Rəcəb Tayyib Ərdoğanı Qərbə meyllənməyə sövq edir. Bu həftə Türkiyə prezidentinin uzun sürən və getdikcə dərinləşən iqtisadi böhrandan çıxmaq üçün həll yolları axtardığı üzə çıxdı. O, sürətli siyasi dönüşlə Qərblə münasibətləri yaxşılaşdırmaq üçün böyük bir addım atdı.
Cənab Ərdoğan bazar ertəsi İsveçin hərbi alyansa (NATO) qoşulmaq istəyinə uzun müddət davam edən etirazını birdən-birə kənara ataraq, NATO-dakı müttəfiqlərini heyrətə gətirdi. Litvaya gəlməzdən bir neçə saat əvvəl o, terrorizmi durdurmaq üçün kifayət qədər iş görə bilmədiyinə görə ittiham etdiyi rəsmi Stokholmun bağçasına xeyli daş atmışdı.
Türkiyə prezidentinin qəfil mövqeyini dəyişməsi, yenidən seçilən prezidentin Qərblə diplomatik münasibətləri düzəltməyə və son illərdə Türkiyəni iqtisadi çətinliklərə görə tərk etmiş xarici sərmayədarların geriyə dönüşünə inam yaratmağa hesablanıb.
Sadiq İnstitutunun analitik mərkəzinin Ankarada fəaliyyət göstərən siyasi analitiki Batu Coşkun deyir: "Bu, klassik Ərdoğan gedişidir. Bu gediş gözlənilmədən siyasətdə və vurğuda qəfil dəyişmədən yaranır. İstənilən başqa siyasi lider belə bir U dönüşündən əziyyət çəkərdi. Amma o, bu dönüşdən də faydalana bilir".
Elə buna görədir ki, o, İsveç, ABŞ, NATO və hətta Avropa İttifaqının da Türkiyə qarşısında öhdəlik götürməsinə nail olub.
Türkiyə indi ABŞ-dan çoxdan gözlənilən F-16 qırıcı təyyarələrini almağa hazırlaşır və cənab Ərdoğan deyir ki, Brüssel Ankaranın uzun müddətdir ki, Avropa İttifaqına üzv olmaq istəyinin yenidən canlanmasına və viza rejiminin liberallaşdırılmasına "müsbət yanaşır".
İllərdir Türkiyənin demokratik dəyərlərdən geri çəkilməsindən narahat olan ABŞ və Avropadakı müttəfiqlərinə daha konstruktiv yanaşması bir daha onu göstərdi ki, cənab Ərdoğan daha çevikdir.
Onun Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts ilə NATO sammitində çoxsaylı foto çəkdirmək fürsəti olub.
İllərdir ki Türkiyə prezidenti ilə arasında məsafə saxlayan ABŞ prezidenti Co Bayden cənab Ərdoğanla ikitərəfli görüşünü özü dilə gətirib.
“Hesab edirəm ki, seçkilərdən sonra Ərdoğan həm Rusiya, həm də Qərblə münasibətlərdə özünü daha inamlı hiss edir”, – politoloq Batu Coşkun deyir.
Xaricdə güvənli olmaq, əlbəttə, yaxşıdır. Ancaq daxildə təcili şəkildə Türkiyənin iflasa uğrayan iqtisadiyyatını canlandırmaq lazımdır. Bu, onun mayın sonunda keçirilən tarixi ikinci tur səsverməsində çətin mübarizədə əldə etdiyi qələbəsindən sonra üzləşdiyi əsas məslədir.
“BBC” sıradan bir türkün Türkiyədəki acınacaqlı vəziyyətlə bağlı dediklərinə də yer ayırıb.
Gündə 17 saat odun sobasında simit bişirən Burhan Morkoç deyir: “İş o qədər də yaxşı deyil. Hər şey o qədər bahadır ki... əvvəl iki simit alan insanlar indi yalnız birini alırlar. Tələbat azalıb".
Burhan Morkoç İstanbuldakı Kadıgöy ərazisində yaşayır. O, 3 qardaşı ilə birlikdə simit biznesi ilə məşğuldur. O deyir ki, ərazidəki kirayə evlərin qiyməti 400 faiz qalxıb. Eyni müddət ərzində simit üçün digər zəruri məhsullar da kəskin bahalaşıb - soba üçün odun 900%, un təxminən 500%, maya 255%, küncüt isə 150% qiymətdə qalxıb.
“BBC” vurğulayır ki, Türkiyəni iqtisadi tənəzzüldən xilas etmək üçün prezident Ərdoğan təkcə Qərblə ilişkiləri dərinləşdirmək fikrində deyil. Onun Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayır.
"Biz yenidən üzümüzü Qərbə çevirmişik. Rusiya isə arxamızda qalır", - iqtisadçı İris Cibre bəyan edir.
Prezident Ərdoğan ötən həftə sonu Ukrayna prezidenti Vladimir Zelenskiyə müharibənin qalan müddətində Türkiyədə saxlanılmalı olan beş hərbi komandirlə evə qayıtmasına icazə verdikdə Rusiya bundan çox qəzəbləndi.
Kreml hətta Türkiyəyə xəbərdarlıq etdi ki, avropalılara çəhrayı linzalı eynəklə baxmasın.
Lakin prezident Ərdoğan avqustda Vladimir Putini də qəbul etməyi planlaşdırır. Türkiyə prezidenti Ukraynaya taxıl ixrac etməyə imkan verən “Qara dəniz” razılaşmasını xilas etmək üçün Putinlə anlaşmaya ümid edir.
Batu Coşkun üçün bu, balanslaşdırıcı hərəkətin bir hissəsidir: "Türkiyə-Rusiya münasibətlərini zənn edilən Qərblə yaxşılaşma ilə əvəz etmək sadə məsələ deyil".
Yəni Türkiyə Qərblə nə qədər yaxınlaşsa da Rusiyadan kəskin şəkildə uzaqlaşmayacaq. Əlbəttə, bu, bağışlanılmaz səhv olardı. Zatən Türkiyə elə Rusiya ilə yaxın olduğuna görə Qərb üçün xüsusi önəm daşıyır. Heç bir halda bu üstünlüyü əldən vermək olmaz.
Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üç gün Körfəz ölkələrinə səfər etməyə hazırlaşır. Bu səfərlə bağlı Almaniyanın ən nüfuzlu nəşri olan “Deutsche Welle” belə yazır: “ Prezident Ərdoğan bazar ertəsi Səudiyyə Ərəbistanı, çərşənbə axşamı Qətər və çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərində olacaq.
Səfər zamanı cənab Ərdoğan Türkiyənin dövlət aktivlərinin özəlləşdirilməsindən tutmuş birbaşa investisiyalara, müdafiə sənayesi sövdələşmələrinə, biznes satınalmalarına, yeni müqavilələrə kimi hər şeyi əhatə edə biləcək çoxmilyardlıq anlaşmalara cəhd edəcək”.
“Səfərimiz zamanı bu ölkələrin Türkiyəyə göstərəcəyi dəstəyi şəxsən izləmək imkanımız olacaq”, – Ərdoğan bu yaxınlarda Türkiyə mətbuatına belə demişdi. "Onlar mənimlə əvvəlki təmaslar zamanı Türkiyəyə ciddi sərmayələr qoymağa hazır olduqlarını ifadə ediblər. Ümid edirəm ki, bu səfər zamanı bu məsələni yekunlaşdıracağıq".
Yüksək rütbəli türk məmurları “Reuters” xəbər agentliyinə Ərdoğanın səfərindən qısa müddət sonra Körfəz ölkələrindən təxminən 10 milyard dollar (8,9 milyard avro) və daha sonra daha uzun müddət ərzində ümumilikdə 25 milyard dollardan 30 milyard dollara qədər birbaşa investisiyaların daxil olacağının gözlənildiyini deyiblər.
May ayında-Ərdoğanın seçkilərdə qalib gəlməsindən üç gün sonra Türkiyə və BƏƏ gələcək beş il ərzində potensial olaraq təxminən 40 milyard dollar dəyərində ticarət sazişi imzaladılar.
Səudiyyə ilə Türkiyə arasında 2018-ci ildə jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsi ciddi problemlər yaratdı. Ancaq bir müddət sonra proses əvvəlki axarına qayıtdı. Hazırda Səudiyyə Ərəbistanının Türkiyə ilə ticarəti bütün Körfəz ölkələri arasında ən sürətlə artanıdır. 2022-ci ildə iki dövlətlər arasında ticarət dövriyyəsi 6,5 milyard dollar təşkil edib. Türkiyənin dövlət “Anadolu Agentliyi”nin iyulun 12-də verdiyi məlumata görə, 2023-cü ilin ilk altı ayı ərzində ikitərəfli ticarət artıq 3,4 milyard dollar təşkil edib.
İyun ayında “Bloomberg” xəbər agentliyi Səudiyyə Ərəbistanının dövlət nəzarətində olan neft şirkəti “Saudi Aramco”-nun qarşıdakı beş il ərzində 50 milyard dollar dəyərində potensial layihələr üzərində işləmək məqsədilə Ankarada 80-ə yaxın müxtəlif türk podratçısı ilə görüşdüyünü qeyd edib.
Analitiklər hesab edirlər ki, Türkiyənin inkişaf edən müdafiə sektoru səudiyyəliləri də maraqlandıra bilər. Onlar hələ “Bayraktar” pilotsuz təyyarəsini almayıblar, amma gələcəkdə buna maraq göstərə bilərlər. Türk ordusu müasir donanması ilə neft daşıma yollarında patrul xidməti həyata keçirmək gücündədir.
Qətərdə isə Türkiyəyə xüsusi simpatiya var. Səudiyyə Ərəbistanının dirijor çubuğu ilə bütün körfəz ölkələri 2014-cü ildə Qətərlə düşmənçilik edəndə Türkiyə onun yanında idi. Bir faktı deyək. 2016-2019-cu illərdə Qətərin Türkiyəyə qoyduğu sərmayə 500 faiz artdı. Növbəti illərdə də bu tendensiya davam etdi. Qətərdə Türkiyənin hərbi bazasının olması da bu ölkələr arasında münasibətlərin dərinliyindən xəbər verir.
КомментарииОставить комментарий