Общественно-политическая интернет газета
“Qarışqa mindik, çay keçdik, yabayla dovğa içdik”
(qaravəlli)
19 avqustdan Macarıstanda atletika üzrə dünya çempionatı start götürüb. 27 avqustda bitməlidir. Buna qabaqlar “yüngül atletika” deyirdilər, lakin son illər beynəlxalq sferada “yüngül” sözünü haqlı olaraq atıblar. Çünki bu, heç də yüngül iş deyil. Atletikanı bir çox xüsusiyyətlərinə görə “idmanın kraliçası” adlandırırlar. Bu xüsusiyətlər hansılardır?
Birincisi, atletikaya qaçış, tullanma, idman yerişi kimi növlər daxildir, onlar isə istənilən başqa idmanın da bazisidir, əsası, bünövrəsi, olmazsa-olmazıdır. Yəni qaça bilməyən bir futbolçu təsəvvür edin (Əlbəttə, təsəvvürə ehtiyac yoxdur, bizim komandalarda belələri zibil kimidir). Yaxud tullanmağı bacarmayan boksçu, karateçi, nə bilim, voleybolçu, basketbolçu... olmur.
İkincisi, atletika ən asan məşğul olmaq imkanı verən, necə deyərlər, əlçatan idmandır. Lakin bizdə yox... Bu haqda az sonra.
Üçüncüsü, atletika baxımlıdır, həmişə dramatikdir, qaçış yarışlarının finalında nə qədər maraqlı, tragikomik hadisələr yaşanıb.
İndi qayıdaq Macarıstan paytaxtındakı yarışa. Yarışın önəmini göstərmək üçün macar lideri Viktor Orban, başda Türkiyə prezidenti Ərdoğan olmaqla, bir çox dövlət başçılarını açılış törəninə dəvət etmişdi. Azərbaycandan İlham Əliyev də orda idi. Ancaq atletika üzrə dünya çempionatında iştirak səviyyəmiz bu törənə heç uyğun gəlmirdi. Yenə havadan danışmayaq, quru rəqəmlərə baxaq.
Çempionatda dünyanın 200 ölkəsindən 2000-dən çox idmançı iştirak edir. Azərbaycan bayrağı altında cəmi 2 nəfər olacaq. Niyə “bayrağı altında” yazdım, ariflər yəqin dərhal başa düşdülər, çünki bu iki nəfər də əslində Azərbaycan idmanının yetirməsi deyil.
Çəkic və nüvə atmaq üzrə idmançı Anna Skidan Ukraynanın Luqansk şəhərindəndir. 2015-ci ildən milliləşdirmişik, lakin hazırda 31 yaşı olan idmançının indən belə nəsə böyük uğurlar qazanacağı şübhəlidir. Elə indiyə qədərki ən böyük uğuru da Avropa çempionatında bürünc medalı keçmir.
Budapeştə göndərdiyimiz ikinci atlet kubalıdır. Üçtəkanlı tullanma üzrə idmançıdır. Aleksis Kopelyo adlı bu müəllimi 2017-ci ildə, karyerasının çiçəklənmə dövründə milliləşdirmişik. Əlbəttə, “çiçəyi” qara yumor üçün yazdım, çünki hörmətli Aleksis-in hazırda 38 yaşı var. Necə deyərlər, tullandığını tullanıb. Ən böyük medalı isə hansısa islam oyunlarında gümüş medal imiş.
Hazırda idmançılarımız Budapeştdə hansı xarüqələr yaradır, açığı, heç bir məlumatım yoxdur. Ümid eləyək ən azından Anna xanımın atdığı çəkic Aleksis bəyin başına dəyməsin. Ya da Aleksis tullananda Dunay çayına düşməsin. Allah bizim hamımızı cəmi xəta-bəlalardan iraq eləsin, ilahi, amin. Hamının qürbətə gedəni qayıtsın.
Atletika federasiyamızın sədri Cavid Qurbanovdur. İnsafən, onu bu ilin aprelində o vəzifəyə qoymuşuq və belə qısa müddətdə Cavid müəllimdən heç kəs “Hüseyn Bolt” yetişdirməyi gözləmir. O cümlədən qonum-qonşularımızın da vəziyyəti heç ürəkaçan deyil. Ermənistan Budapeştə 1, Gürcüstan 1, İran 2 idmançı göndərməyi bacarıb. Ancaq niyə idmanın kraliçası bizdə pis vəziyyətdədir, bunu düşünməyin mənası var. Çünki əhalisi bizdən 3 dəfə az Litvadan çempionata 16 idmançı gedib. Estoniyadan 7, Latviyadan 9. Bizimlə təxminən bərabər sayda xalqı olan Belçikadan isə hətta 31 nəfər.
Şəhərlərimizdə insan yeriməyi üçün normal səki yoxdur. Park salırlar, qaçış cığırı ayırmaq heç kəsin ağlının ucundan keçmir. Uşaqlar məktəbdə daşın, asfaltın, qranitin üstündə idman dərsi keçir, guya tullanmaq öyrənir. Burada atletika necə inkişaf eləsin? Nəticədə o biri idman növlərində də axsayırıq (Bax: qaça bilməyən futbolçular).
Ancaq mən atletikaya niyə az diqqət ayırmağımızın əsl səbəbini tapmışam. O da yuxarıda yazılıb: əlçatanlıq. Dolayısı ilə, bunu “xərci az olan” da oxuya bilərsiniz. Xərc azdırsa, deməli, burda iri korrupsiya projesinə də imkan qalmır. Qaçışda, tullanmada nə yeyinti edə bilərsən? Adam ayaqqabını geyinir, qaçır... Ancaq başqa idman növlərində stadion tikilir, komanda qurulur, transfer elə gəldi, poster belə getdi...
Bir az camaat üçün də ayıbdır. İdarələrdə bizə “get, tullan” komandası verilir, biz isə hələ də tullanmağı bacarmırıq. Nə bir təkanla, nə üç təkanla. Nə uzununa, nə hündürlüyünə. Yer yarılsa, yerə girsək...
Ancaq deyəsən hələ yerə girmək idmanı yoxdur. Hara baxsan perspektivsizlik...
КомментарииОставить комментарий