Свобода людям, независимость нациям!

Tosu getdi, Baboş gəldi – “Teve”lərə yox, onlara baxırlar

 

Qədirbilən, şousevən camaatımız yenə milli “teve”lərimizdən narazıdır, giley-güzar edir. Televizonçularımız da məcbur olurlar özlərinə haqq qazandırsınlar, izahat versinlər.

Əslində telekanallarınızın əsas auditoriyası veriıişlərin keyfiyyətindən, səviyyəsindən narazı deyil, oturub həvəslə sona qədər baxır, gülür, ağlayır, müzakirə və lağlağı edirlər. Bu auditoriya əsasən şəhərdəki evdar xanımlardan və əyalətlərdəki yaşlı insanlardan ibarətdir. Onlar “teve”lərdən narazı deyillər. And içərəm.

Heç 17-37 yaşlı adamlar da milli televiziyalarımızın səviyyəsindən narazı deyillər. Bəlkə də çoxunun xəbəri yoxdur ki, bizdə CBC-dən başqa yerli telekanal var. Çünki gənclər kütləvi şəkildə “teve”yə baxmırlar, baxdıqları da, bircə CBC-dir, ona da futbola görə baxırlar. Qalan vaxt hamı öz mobil telefonununda nələrəsə baxır.

Allah tərəfi, meqabaytı olan telefonlarla internetə qoşulandan sonra adamın qarşısına yüzlərlə baxılası şeylər çıxır. Heç baxıb qurtarmaq olmur. O qədər fenomen var ki...

İndiki cavanlar gedib film sarıdan “Nəsimi”yə, “Dədə Qorqud”a, “Yeddi oğul istərəm”ə, “Axırıncı aşırım”a, “Arşın mal alan”a-filana baxmırlar, Tosuya, Baboşa, Balaəliyə, “Tik-tok”dakı səylərə baxır, özləri demişkən, mırt tuturlar. Beynəlxalq gündəmdəki məsələlərlə bağlı poemikalara baxanlar elə də çox deyil, daha dəqiqi, yox deyil

Ancaq elə verilişlər var ki, yayınlandıqdan bir-iki gün sonra saytlarda, sosial şəbəkələrdə “teve”yə baxmayan adamların da qarşısına çıxır. İstər-istəməz baxırsan ki, görəsən, aşıq Əli nə deyibmiş ki, adamı sazı qarışıq yıxıb sürüyürlər; Xumar Qədimova nə geyinibmiş ki, “geyimi müzakirələrə səbəb olub”; “Xəzər TV”-nin “Komedixana”sında səhnəcikdə nə baş verib ki, həmkarlarım qeyzlənib və sair və ilaxır.

Bax, görürsünüz, axırıncı dəfə “teve”yə 3 il əvvəl bu vaxtlar axırı “Qarabağ Azərbaycandır” nidası ilə bitən xalqa müraciətlərə baxdığımdır, amma telekanallarımızın repertuarından, verilişlərindən xəbərim var. Çünki 20 il əvvəl qəzetlər oxucu toplamaq üçün TV-lərdə reklam verərdilər, indi TV-lər ayrı-ayrı verilişlərini saytlarda yaydırırlar ki. tamaşaçı auditoriyaları böyük olsun. Ordan da mənim kimi, lovğalıq olmasın, “tevesevməz”lər xəbər tutur.

Doğrusu, aşıq Əlinin yekə-yekə dediyi sözlər bir az naqolay çıxıb. Ola bilər, özü belə adam deyil. Ya da hələ indi belədir, amma bir müddətdən sonra o, fikrini kardinal şəkildə dəyişəcək. Məsələn, vaxt gələcək, kürəkən onun qızına acıqlı şəkildə “sənin işin uşaq tərbiyə etməkdir” deyəndə aşıq sazını götürmədən maşına minib onlara gedəcək və başa salacaq ki, elə deyil.

Xumar xanımın geyimində də elə bir qəbahət yox idi. Səhnə paltarıdır, o, həmin paltarda küləkli Bakının küçəsinə çıxsa və külək “açılıbdı gümüş kəmər, belə bax” situasiyası yaratsa, haqqımız var ki, sənətçiyə o ətəyi dəlinmiş əlbisəni yaraşdırmayaq. Amma daha xanım Qədimova da Angelə Merkel və ya Kondoliza Rays kimi eyzən pencək geyinməli deyil. O, səhnə adamıdır.

“Komedixana”nın səhnəciyi də Feysbukun video bölümündə qarşıma çıxdı. Deyəsən, yenə komediya aktyorlarından çox ciddi şeylər gözləyirik. Birincisi, onlar gerçəkdən də istedadlıdırlar və yaxşı komanda yaradıblar, ikincisi, sketçlərində müasir dövrün trend və problemlərinə satirik-yumoristik səpkidə toxunurlar, üçüncüsü, bu, əyləncə səciyyəli layihədir, durub “Hamlet”i, “Ölülər”i təqdim edəsi deyillər. Baxdın, güldün, bitdi, keç bir az da düşündürücü şeylərə bax.

İndi kimsə deyəcək ki, mən onlara baxanda gülmürəm. Düz edirsən. Gülmürsənsə, demək, daha ciddi adamsan, aç Yutub-da “Titanik”ə, “Çernobıl”a, “Xəyali səadət”ə bax.

Bu, adını axırıncı çəkdiyim film qəfil yadıma düşdü, köhnə hind filmidir, ağlamalı ekran əsərdir. Bir dəfə tələbə vaxt bilet alıb bu filmə baxmağa getmişdik, elə bilirdik, yenə Cimi və ya Şaka pis adamları çiləyəcək. Amma gördük ki, pah, söhbət nakam aşiqlərdən gedir, heç cür qovuşa bilmirlər. Zalda bizdən arxada pedoqoji institutun qızları oturmuşdu, için-için hıçqırırdılar, hönkürtüsünü zorla boğanlar vardı. Dostlar dedi, durun çıxaq, kövrələrik, biabır olarıq. Çıxdıq.

Odur ki, siz də elə edin, nəsə bir film, veriliş xoşunuza gəlməyəndə durun, çıxın, ya da aşıq Əli kimi ötkəm adamsınızsa, pultu həyat yoldaşınızın əlindən alın, kanalı çevirin. O da mümkün deyilsə, mobil telefonda baxmaq üçün özünüzə başqa bir şey tapın. Dəryadır, hər şey var.

Buraxın, “teve”lər də necə bilirlər, elə veriliş hazırlasınlar, əvvəl-axır fərqinə varacaqlar ki, onları yalnız rayon yerlərində tanıyırlar.

Нет комментариев

Новости автора