Общественно-политическая интернет газета
Yenə bəzi rayonlarda icra başçıları çıxarıldı, yerləri dəyişdirildi, deputat icra başçısı qoyuldu və sairə. Amma xalqımızın rəhbərlikdən gözlədiyi bu cür yerdəyişmələr deyil. Biz istəyirik bu struktur kökündən dəyişsin. İcra hakimiyyətləri hazırda heç bir tələbə cavab vermir. Nə iqtisadi, nə sosial əsası, mənası var.
Məsələn, siz indiyəcən hansısa rayonda icra başçısının xalqın içində gəzdiyini, onun dərdlərini dinlədiyini görmüsünüzmü? Gəzəndə də artistlik üçün, çəkiliş üçün beş-on saniyə fırlanarlar.
Yaxud, icra başçıları mərkəzdən, dövlət büdcəsindən alınan pulları xərcləyirlər, bəs xaricdən, daxildən hansısa investisiyalar cəlb etsinlər, yeni iş yerləri açsınlar – belə bir halla qarşılaşdınızmı? Sualın gülməli və ritorik olduğunu başa düşürəm.
Çox zaman camaat icra başçısının kim olduğunu yalnız DTX və Baş Prokurorluq birgə əməliyyat keçirəndə öyrənir. Vaxtaşırı, yalan olmasın, günaşırı biz bu tip xəbərlər eşidir, oxuyuruq: “Filan rayonun icra hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var”. Sanarsan mafiyadırlar, mütəşəkkil cinayətkar dəstədirlər, nə bilim, lotu və oğru dünyasıdır. Bəzən hansısa zaman kəsiyində bizim türmələrdə eyni anda 7-8 başçı saxlanılır. Tək başçılar tutulmur. Onların müavinləri, rayonun memarı, hüquqşünası, təşkilat şöbəsinin müdiri, başçının katibəsi, baldızı, qaynı... İşin içindəki tiplər saysız, onların icra hakimiyyətiylə cinayətkar əlaqələri fantastik və ağlasığmaz...
Ən son keçən ayın 24-də Daşkəsən rayonundan xəbər gəlmişdi: “Memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıblar. Həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur”. Sitatın sonu. Heç anlamırıq ki, Daşkəsənə memar nə üçün lazım imiş. Orada bəyəm memarlıq var? Hansısa evlər, küçələr tikinti qaydalarına uyğun aparılır? Heç böyük şəhər və qəsəbələrdə memarlıq qaydalarına baxan, əməl edən yoxdur, sən Daşkəsən kimi gözdən uzaq, könüldən iraq yerdən danışırsan...
Şair Əli Kərim demişkən:
“Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi”.
Hərdən yazıda belə poeziya fasiləsi verirəm ki, hörmətli oxucularımız yorulmasın, darıxmasın.
Bəzi icra başçıları isə türmədə otura-otura yeni cinayət işlərinə mövzu olurlar. Biləsuvarın icra başçısı olmuş Mahir Quliyev 12 il həbs cəzası almışdı, keçən həftə məhkəmə əsrarəngiz səbəblərlə onun cəzasını 8 ilə endirdi, lakin bugünlərdə bir nəfər çıxıb, deyir Quliyev mənə 500 min manat atıbdır. Adamın tikinti şirkəti varmış, rayonda Gənclər evi və Bayraq meydanı tikmək üçün icra hakimiyyətindən sifariş alıbmış. Lakin indi birdən ayılıb ortaya düşüb, deyir Mahir müəllim mənə pulu ödəməmişdir.
Neçə illərdir bələdiyyənin, yerli özünü idarə etmənin inkişafının vacibliyindən danışırıq, təkliflər irəli sürürük, lakin bunun heç bir əhəmiyyəti yoxdur. Sanki rayonlarda xalqı özünə tapşırmaq günahdır. Mütləq camaatın başının üstündə başqaları olmalıdır. Əgər azadlıq və müstəqillik qazanmışıqsa, niyə özümüzü də idarə etməməliyik? Hətta ən kiçik miqyasda, küçə, məhəllə, kənd, çay, göl, sahil zolağı, meşə cığırı səviyyəsində işlərin görülməsində xalqa azadlıq, müstəqillik verilməsə, vətəndaşın cəmiyyət həyatında rolu sıfıra yaxınlaşır. Marginallaşmış, laqeyd, heç bir işlə maraqlanmayan kütlə yetişir.
Başlığın ardını isə orta məktəbin riyaziyyat dərsindən bilirsiniz. Əlbəttə, sertifikatsız müəllim dərs keçməyibsə.
КомментарииОставить комментарий