Свобода людям, независимость нациям!

“Tik-Tok” gedəcək, "Şik-Şok" gələcək...

 

Götürüb, “Tik-Tok”-un ABŞ-də (A-Be-Şe) qadağan olunmasının “yaxşı xəbər” olduğunu yazsam, düz gəlməyəcək. Çünki ortada xeyli əmmalar var.

“Tik-Tok”a qarşı olan ölkələrlə ABŞ bu qısa videoxidmət şəbəkəsinə qarşı olmasının arasında fərq böyükdür.

Başqa ölkələrdə əsas əndişə odur ki, “Tik-Tok”a yerləşdirilən iyrənc, düşük, əxlaqsız, mənasız videolar insanların, xüsusilə də gənc nəslin tərbiyəsini pozur, ABŞ-də isə Çin şirkətinə məxsus video xidmətin ölkənin milli təhlükəsizliyinə təhlükə yaratdığını deyirlər.

Orası aydın deyil ki, məsələn, Boliviyada və ya Kosta-Rikada (dünyanın hər yerində) hamamdan kəməri bağlanmamış bornozda çıxaraq kamera qarşısında guya ki, geyinməklə məşğul olan, amma cazibədar əndamının relyefini nümayiş etdirən mulat qız Be-Şe-nin milli təhlükəsizliyinə nə kimi təhlükə törədir?

Yaxud toyda, şənlikdə səy-səy rəqslər edən, dombalaq aşan, yataqda o üz-bu üzə qıvrılan adamlar, bir-birinin başına un tökən, ağızlarına tort yapışdıran cütlüklər, nə bilim, bir-birini əcaib şəkildə qorxudan şəxslər ABŞ-yə nə edə bilərlər ki? Göydə və yerdə söylənən hər bir sözü bilən, hər şeyi eşidən, hər şeyi görən Si-Ay-Ey (CİA-MKİ) qoymaz.

Amma görünür ki, amerikalı konqresmenlərin də bildiyi bir şeylər var. Əsas məsələ odur ki, “Tik-Tok” Çin şirkətinə məxsusdur. Çin isə özləri demişkən, A-Be-Şe-yə düşməndir. Və bu düşmən Amerika xalqının hesabına milyardlar qazanır. Düşmən yaxşı pul qazanırsa, demək, güclənir. Güclənirsə, demək, yarada biləcəyi təhlükə böyüyür. Ona görə də onun dükanını bağlamaq lazımdır.

Bir Tik-Tok deyil, Çinin istehsal etdiyi ucuz mobil telefonlar ABŞ şirkətlərinin qayırdığı telefonları üstələyib. ZTR-ə oxşayan “Hammer” markalı avtomobillər var ha, bax, Çin onların 5 dəfə ucuz variantını istehsal edir artıq.

Başqa ölkələrə nə lazımdır? Ucuz avadanlıqlar, cihazlar və sair məmulatlar. Ona görə də onlar tökülüşüb Çin malları alırlar. Amerikanın bazarı daralır. Hesab edin ki, dünən 100 piştaxtalı bazarda 35 piştaxta ABŞ-yə məxsus idi, bu gün əlində 15-i qalıb, Çin isə piştaxtalarının sayını artırıb, hələ bununkuna da göz dikib.

Dava bunun davasıdır. Yoxsa “Tik-Tok dünya səylərinin, başıxarablarının görüş platformasıdır-filan”, bunlar əfsanə söhbətlərdir.

İndi “TikTok” platformasını işlədənlər deyirlər ki, ABŞ-də qəbul olunan qanun layihəsi 170 milyon ABŞ istifadəçisinin hüquqlarını pozacaq, minlərlə kiçik biznesmenə zərər verəcək.

Elə şey olmayacaq. ABŞ qızıl yumurtlayan toyuğu kəsməz, onu sahibindən alar, özü yumurtladar, sonra broyler fabriki açıb kütləvi şəkildə qızıl yumurtlayan toyuq yetişdirər.

Hazırda Çinlə yanaşı, “Tik-Tok”un ölkəmizdəki milli seqmentinin fəalları da əndişəlidir. Bu platformada reklam işi aparan iş adamları narahatdır ki, birdən bizim dövlət də ABŞ yolu gedər, “Tik-Tok”u bağlayar. Olmazmı? Ola bilər. Birincisi, yasaq işində biz də yaxşıyıq, ikincisi, buna social sifariş var. Camaat “Tik-Tok”dan çox narazıdır. Düzdür, hamı vaxtaşırı baxır, amma narazı-narazı izləyir.

Bu haqq-hesabdan “Tik-Tok” fenomenləri də narahatdır, amma onların çıxış yolu var. Çünki İnternet resurslarında öz qanacaq-qabiliyyətlərini göstərmələri, əndam və əzalarını nümayiş etdirmələri üçün başqa platformalar da var. Vağzal platformasında və ya trass qırağında durub müştəri tutmaqdansa, sosial şəbəkə platformaları daha əlverişlidir.

Heç beyni iti işləyən çinlilər də farağat duran deyil. “Tik-Tok” ABŞ-də, eləcə də bütün dünyada tam qapadılsa da, yeni bir şey icad edəcəklər. Adını da qoyacaqlar, tutaq ki, Çik-Çok (asan tələffüz olunsun deyə). Sonra birini də düzəldəcək, Pik-Pok adlandıracaqlar. Ardınca başqa biri gələcək – Şik-Şok və s. Bu, axırıncı lap aləm olar. Çünki ölkədə ən populyar iki sözdən biri “şok”dir.

Bir sözlə, əzizlər, qurtuluş yoxdur. Təşəbbüs xan sülaləsinin əlindədir. Min il öncədən onlara özənib rəhbərlərimizin titulunu “xan” (Çingiz xan, Sultan Süleyman xan, Ağa Məhəmməd xan, Pənahəli xan, Fətəli xan, Balaxan, Əlixan və b.) deyibən müəyyənləşdirmişik, indi də ağızlarına baxırıq ki, görək, yeni nə çıxaracaqlar.

 

Нет комментариев

Новости автора