Общественно-политическая интернет газета
İndiki cavanlar bizim kimi deyil, inşallah, əcnəbi siyasətçilərin təmiz, dürüst, kristal olduğuna inanmırlar.
Biz o vaxt çox inanırdıq, elə bilirdik ki, onların hamısı olduqca halal, vicdanlı, obyektiv adamlardır, rüşvət və korrupsiyadan uzaqdırlar, maaşları və digər leqal qazancları ilə dolanırlar.
Amma bir ara şübhələndik ki, dəən, hamısı elə deyil. Bir Ernest Müleman vardı, tez-tez ölkəmizə gələrdi, rəhbərlərə bir tərif yağdırar, bir yaltaqlıq edərdi ki, “Tütək səsi” filmindəki Qılınc Qurban kimi mat qalardıq: “Axı onu buna nə vadar edir?”
Heç demə, Mülemanın da dərdi digər fani bəşər əhlinin dərdindən imiş, adamın əli aşağı olan kimi yadına düşürmüş ki, 39-42-ci paraleldə Azərbaycan adlı dövlət var, orada rəhbər şəxsləri tərifləyənləri ənamsız qoymurlar. Dolanışığın yolunu tapmışdı yaramaz.
Hərçənd kristal əcnəbilər də vardı: Andreas Qross və Anders Herkel. Onlar Avropa Şurasının ölkəmizdəki həmməruzəçiləri idi. Biri İsveçrədən gəlirdi, o biri Estoniyadan. Bax, o vaxt hökumət onların ha sağına, soluna keçdi, mümkün olmadı, neçə il ölkəmizdə işlədilərsə, eyni kostyumda gəlib-getdilər və məruzələrində obyektiv olmağa çalışdılar.
Bu şəxslərin kristallığı və prinsipiallığı ölkəmizdə də dillər əzbəriydi, Avropada da. Düzdür, bəzi skeptik yoldaşlar deyirdilər ki, onların elə olduğuna baxmayın, əl altından keys-keys pul aparırlar Bakıdan, amma bu iddiaya qarşı belə bir kontr-fikir səslənirdi ki, yox, pul alan oğraş o cüt məruzə yazmaz.
Zaman gəldi, onların mandatının vaxtı bitdi, yerlərinə başqa avropalı deputatlar təyin olunmalıydı. Pah! Azərbaycan üzrə həmməruzəçi olmaq üstündə Avropa Şurasında dava düşmədimi? Yunanıstanı təmsil edən Purgirdius (gerçəkdən soyadı beləydi) özünü ülgücləyirdi ki, Azərbaycana özüm gedirəm. Amma onun niyyəti tam aşkar idi, pula gəlirdi, ona görə də onu yox, başqalarını, niyyətlərini tam aşkar etməyənləri göndərdilər. Onlar da, sağ olmasınlar, buradan apardıqlarını sağ yeməsinlər, eləcə, özlərinə işlədilər.
Belə işlərdə, etiraf edək ki, ermənilər bizdən daha fərasətli idilər. Biz əcnəbi deputatların, diplomatların dilini tapana qədər onlar ölkələrinə gələn vəzifəli şəxsləri bizdən daha yaxşı yedirdib-içirdir, keyslərini doldurub yola salırdılar. (Sonra biz onları ötüb keçdik, başa düşdük ki, əcnəbilərin də ağzı var və ağzıyumulmuşlar kürü qaşıqlamağı sevirlər).
Bir məşhur rus deputat vardı, Qalina Starovoytova, el arasında dişi itə deyilən ifadə ilə anılası biriydi. Bütün həyatını ermənilərə qulluğa həsr eləmiş bu məxluq bizə qarşı o qədər qərəzli, kinli idi ki, ağzını açıb danışanda adam istər-istəməz fikirləşirdi ki, əlində əlac ola, bunu yerə yıxıb ağzına, subaşına geyilmiş qaloş tayı ilə vura. O dərəcədə mənfur biriydi. Hamı bilirdi ki, o, ermənilərdən pul aldığı üçün belə danışır. Bu şərəşur qadını 1998-ci ildə qapısının ağzında güllələdilər. Yaxşı ki, qanı üstümüzdə qalmadı, məlum oldu ki, onu öz deputat yoldaşları kriminal ünsürlərə öldürtdürüb.
Açığı, ötən əsrin 90-cı illərindən bəri Ermənistana 147 dəfə gəlib-getmiş, Qalyanın qoca variantı olan baronessa Kerolayn Koksun ermənilərə bu aşırı sevgisinin motivlərini hələ müəyyən edə bilməmişəm. Pul məsələsi deyil, baronessanın pulu çoxdur. Qılman məsələsi ola bilər, amma o həvəs də indiyə qalmaz, qarının yaşı 85+-dur. Hərçənd o, Xankəndiyə dadananda yaşı 50+ olub, kim bilir. Hər nədirsə, anormal sevgidir. Bu qədər korazehin olmaqmı olar, bu 35 ildə baronessa bunların nə yuvanın quşu olduğunu bilmədimi.
Budur, ermənilərlə alış-verişi olan daha bir vəzifəli əcnəbinin adı çəkilir. Bu, Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno Okampodur. Okampo argentinalıdır, sözü gedən vəzifədə 2003-2012-ci illərdə işləyib. O vaxtdan o, Qasım bəy Zakirin sözü olmasın, özünü necə tutubsa, artıq milyonçudur, buna işi düşənin hamısından, o cümlədən ermənilərdən də pul alıb, Argentinada, Avropada mülkləri var.
İndi o, başımıza təzə hakim kəsilib və ermənilər ona güvənirlər, Azərbaycana qarşı verdiyi səfeh rəydən sitat gətirirlər. Sanki adam hələ də prokurordur və dediyi dedikdir. Haylar anlamırlar ki, xirtdəyəcən təzək içində olan bu adam dünyada biabır olmuş biridir. Okamponun vikipediyasında belə pis hərəkətləri, korrupsiya əməliyyatları barədə yazılıb. Heç demə, bu üzdəniraq keçmiş prokuror Cənubi Afrikaya səfəri zamanı yerli jurnalistə girişib, onun avtomobilinin açarlarını çırpışdırıb və yalnız cinsi əlaqəyə girməyə razılıq aldıqdan sonra açarı qaytarıb. Bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzeti yazıb.
Bax, ermənilər belə birindən mədət umurlar. Kim bilir, o Ermənistana gələndə başqa nə qələtlər edib, kimin açarını, kimin telefonunu götürüb verməyib.
КомментарииОставить комментарий