Общественно-политическая интернет газета
4-5 il əvvəl iki mömin həmkar-qardaşla birlikdə Astanaya uçurduq. Orucluq vaxtıydı və qardaşlar oruc tutmuşdular. Günortadan bir az sonraydı. Təyyarədə yemək veriləndə əkə-bükə müctəhidlər kimi onlara dedim ki, səfər üstə olduğunuzdan orucunuzu poza bilərsiniz, icazə var. Onlar dedilər, yox, çatarıq, Astanada namazımızı da qılarıq, iftarımızı da açarıq.
Bir müddətdən sonra fikir verdim ki, arxa oturacaqlarda oturmuş uzun saqqallı, orta yaşlı iki qazax kişi durub qabağa gəldilər, bizdən öndəki tamamilə boş oturacaqlarda oturub üzlərini cənuba tərəf tutaraq namaz qılmağa başladılar. Təsəvvür edin, saatda 800-900 kilometr sürətlə uçan təyyarədə Məkkəyə tuşlanmaq necə çətin idi.
Yanımdakı mömin qardaşa xısıldadım ki, indi bunlar Astanaya çatandan sonra qəza namazı qıla bilməzlərmi?
Həmkarım dedi, inanc məsələsidir, qoy qılsınlar. Mane olmaq fikrim yox idi, onsuz da. Amma dedim, bəs siz niyə qılmırsınız. Qardaş dedi, ehtiyac yoxdur, mənzil başına çatandan sonra qəza namazı qılacağıq.
Qazax kişilər təyyarədəki bütün sərnişinlərə göstərə-göstərə namazlarını qıldılar və keçib öz yerlərində əyləşdilər.
Fikirləşdim ki, yaxşı, təyyarədə boş oturacaqlar olmasa, bunlar nə edəcəkdi, kokpitə gedib, pilota “bizə şərait yarat, namaz qılaq” deyəcəkdilər?
Xüləseyi-kəlam, bu epizod yaddaşıma həkk oldu. Astanaya çatandan sonra fikir verdim ki, küçədə uzun saqqalı adamlar, möminlər çoxdur. Hətta şəhərdəki böyük prospektlə irəliləyəndə xeyli adamın qrup halında son illərdə tikilmiş böyük məscidə ibadətə getdiyini gördüm.
Açığı, indiyədək adları yeyib-içən, bir az da ruslaşmış camaat kimi çıxan qazaxların tam şəkildə qazaxlaşmadan, birdən-birə dinə belə meyllənib, ərəbləşməsi təəccüblüydü. Çünki belə bir qənaət vardı ki, türk xalqlarının içində dindarları az olan xalq qazaxlardır. Uzun müddət o ölkədə yaşayan dostlar danışırdılar ki, qazaxlar ruslardan da çox içirlər, hətta özləri zarafatla deyirlər ki, ruslar bizə araq içməyi öyrətdi, amma nə vaxt dayanmağı öyrətmədilər.
Görün, vəziyyət necə dəyişmişdisə, qazaxlar təyyarədə namaz qılırdılar.
İndi xəbər yayılıb ki, qardaş Qazaxıstanda ictimai yerlərdə hicaba və niqaba qadağa qoyulması müzakirəyə çıxarılacaq, qanunvericilik normaları sərtləşdiriləcək. Mədəniyyət və informasiya naziri Aida Balayeva deyib ki, bu, milli təhlükəsizlik məsələsidir. İctimai yerlərdə üz örtülü olmamalıdır, adamı tanımaq olmur.
Bu təsadüfi bəyanat deyil. Bir-iki həftədir ki, qardaş ölkədə radikal dini ideologiyaya, ekstremist qruplara qarşı mübarizə kampaniyası başlayıb. Ölkədə dini radikalizmi yayan, ekstremizm təbliğatı aparanları həbs edirlər.
Parlamentin deputatı Ermurat Bapı deyib ki, Qazaxıstanda vəhhabilik və sələfiliyin yayılmasının səbəbkarı Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı olub. O, nəyi satıb-alıbsa, prezident əmisinin rüsxəti ilə radikallara yaşıl işıq yandırıb. Beləcə, qazaxlar başlayıb şalvarı gödəldib, saqqalı uzatmağa.
Bəs Nazarbayevə nə düşmüşdü ki, dünyəvi ölkədə, Avropa standartları ilə yaşayan Qazaxıstanda birdən-birə radikal dini cərəyanın ölkəni ərəbləşdirməsinə şərait yaratsın?
Heç demə, bunun böyük sirri yoxmuş və bu, heç də Nazarbayevlərin dərin dini inancından irəli gəlmirmiş. Deputat Bapı deyib ki, vəhhabilikdə dövlət başçısına qarşı çıxmamaq kimi bir qanun var və Qazaxıstanın hakim ailəsi bundan öz maraqlarına uyğun istifadə edib. Yəni istəyiblər ki, qazaxlar əsl müsəlman olsunlar və onlara qarşı çıxmasınlar.
Bu, çoxdan məlumdur ki, hələ 5-6 yüz il qabaq da din xadimləri “padşah Yer üzündə Allahın kölgəsidir, ona qarşı çıxmaq küfrdür, haramdır” deyə öz dövrlərinin hökmdarlarına, bir növ, trolluq ediblər. Amma Nazarbayevdən belə şey gözləmək olmazdı. 60 il konyak, araq, şərab, qımız içmiş adamdır.
Bəs bunun xeyri oldumu? Olmadı. İki il qabaq qazaxlar Nazarbayevin üzünə ağ oldular, “Allahın Yer üzündəki kölgəsi”nə asi düşdülər, faktiki hökmdarlığına son qoydular. Hazırda da onun imtiyazlarını əlindən bir-bir alırlar. Hərçənd ağsaqqalın öz xalqı qarşısında böyük xidmətləri də vardı. Nəzərə alan yoxdur.
Elbaşının himayə etdiyi radikal dindarlar isə Qazaxıstanda necə köklənib, rişələniblərsə, artıq dövlət öz xalqının milli kimliyini qorumaq qərarına gəlib və onlarla mübarizə aparır.
Elə bir tendensiya Özbəkistanda da var. Bu ölkənin müftisi bu yaxınlarda demişdi ki, islam dini bir millətin və bir iqlimin dini deyil, ərəblər kimi geyinməyə ehtiyac yoxdur.
Doğrudan da. Əgər İslam dini Finlandiyada yaranmış olsa, sonra üzü bərilərə yayılsa, necə olacaqdı, camaat yayın cırhacırında finlər kimi kürk geyəcəkdi?
Hər millət özü olsa, özü kimi geyinsə, düşünsə, danışsa yaxşıdır. Necə deyərlər, ürəyini Allahla düz tut, yaşa, getsin.
КомментарииОставить комментарий