Общественно-политическая интернет газета
Belorus prezidenti Aleksandr Lukaşenko hayları “ürəyindən vurub”. “Rossiya” telekanalına müsahibəsində Ermənistanda qəzəblə qarşılanan fikirlər səsləndirib. Sitat: “Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, ehtiyatlarına diqqət yetirsinlər. Hansı Fransa yoxsa Makron? Sabah o, orada olmayacaq və hamı Ermənistanı unudacaq”. Lukaşenko həqiqəti deyib, amma erməni mediası bu fikirləri tirajlayarkən Belorus prezidentin “Ermənistana qarşı daha bir qəbuledilməz və kobud ifadəyə yol verdiyini” iddia edib.
Bundan əvvəl Aleksandr Lukaşenko dəfələrlə hayları alçaltmış, Ermənistanı rəzil edən mövqelər səsləndirmiş, addımlar atmışdı. 2016-cı ilin Aprel döyüşlərindən sonra Belorusun və KTMT-də təmsil olunan bir sıra digər dost ölkələrin Ermənistanın “ağzından necə vurmasını”, İrəvanda keçirilməsi nəzərdə tutulan tədbiri boykot etmələrini unutmamışıq. Lukaşenko sonuncu dəfə Azərbaycana səfər edərkən ölkəmizi Qafqazın lideri adlandıranda, Şuşaya səfər edəndə də haylara dağ çəkmişdi. Bu da növbəti oldu: Belorus prezidenti erməniləri “lazımsız əşya”yerinə qoydu. Əslində onun dediklərini bu və ya digər şəkildə bəzi erməni ekspertlər özləri də etiraf edir ara-sıra. Ermənistanın növbəti müharibəyə başlayacağı halda Fransanın Azərbaycanla döyüşməyəcəyini də məhzerməni ekspertlər söyləyirlər. Belə olduğu halda haylar niyə qəzəblənir, anlaşılan deyil. Lukaşenko Ermənistanı və erməniləri xilas etmək istəyir əslində.
Belarus prezidentinin dedikləri heç də onun öz mövqeyi sayılmamalıdır, burada həm də Rusiya hakimiyyətinin mövqeyi əks olunub. Elə Likaşenko özü də etiraf edir ki, o, Rusiya Federasiyası ilə əslində “bir qayıqdadır”. Sitat: “Əgər o batsa, birlikdə boğularaq. Müttəfiqlik əlaqələrimizi gizlətməyə ehtiyac yoxdur. Biz özümüzü heç nə vermədən yalnız Rusiyadan almaq istəyən bəzi başqa dövlətlər kimi aparmırıq”. Lukaşenko “gəlin birlikdə olaq” çağırış da edib. Zaman-zaman Rusiyadan Ermənistana edilən xəbərdarlıqların başqa formasıdır. “Bizim ümumi bazarımız var və onu itirmək məsləhət deyil”, - Lukaşenko əlavə edib. Ermənistan bu bazardan qazanmaq istəyir heç şübhəsiz. Amma eyni zamanda başqa bazarların axtarışındadır.
Bu arada, MDB ölkələrinin birinci departamentinin direktoru Mikael Aqasandyan bildirib ki, İrəvan Aİİ-də iştirakdan faydalanır. Rusiya XİN-dən isə növbəti xəbərdarlıq gəlib: “Moskva ümid edir ki, ABŞ və Avropa İttifaqına görə ondan imtina etməyəcək”.
Belorus liderinin və Rusiyanın xəbərdarlıqlarına daha bir ölkə qoşulub – İran. Cənub qonşumuz çoxdan idi ki, Ermənistanın nazı ilə oynayırdı, onun islah olunacağını güman edirdi. Amma görünür Tehran Ermənistanın artıq “qırmızı xətti keçməsinə” dözə bilməyib. İllər boyunca Ermənistanın olmayan sərhədlərini özünün “qırmızı xətti” adlandıran İran bu dəfə rəsmi İrəvana “qırmızı vərəqə” göstərdi.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, İran ABŞ-ın Ermənistandakı mövcudluğuna müsbət yanaşmır. Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır. “Lakin biz ABŞ-ın regionda mövcudluğunu bəyənmirik. Biz bununla bağlı narahatlığımızı erməni həmkarlarımıza bildirdik”, Kənanı bildirib.
Hayastan üçün kifayət qədər ciddi mesajdır, hətta Rusiya və Belorusun barmaq hədəsindən də. Çünki İran Ermənistana hava və su kimi lazımdır, “nəfəslik”dir, Mehri boğazı sıxılsa, Ermənistan boğular. Amma Ermənistanın mövcud hakimiyyəti son illərdə İranın səbrini daşıran addımlar atmaqla özünə qəbir qazır. Düzdür, İran etiraz etmirdi, hətta ötən ilin payızında ABŞ-Ermənistan hərbi təlimlərinə Rusiyadan reaksiyalar verilsə də, Tehran sadəcə prosesi seyr etməklə kifayətləndi. İşə baxın ki, bir neçə ay öncə Kremldən cənub qonşumuza “xoddan da, Roşka, niyə susursan” məzmunlu çağırış gəldi. Nəhayət, bu dəfə İran dözmədi. Ötən ay Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri keçirldi. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin, digərləri iştirak etdilər. Ondan əvvəl və sonra amerikanlar Ermənistana axın etdilər. Sonra məlum oldu ki, amerikalı hərbçilər təlim bitəndən sonra belə, Ermənistanı tərk etməyiblər, hətta rus sərhədçilərinin Zvartnots hava limanından çıxarılmasından dərhal sonra ABŞ hərbi təyyarələri Ermənistana enib. Təbii ki, konfet gətirməyiblər, hərbi avadanlıq, texnika, silah daşınıb. Ermənistandakı hərbi təlimlərdə ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçilərinin iştirakı heç də erməni ordusunun maraqlarına xidmət etmirdi. Bu təlimlər həm də anti-İran planının tərkib hissəsi idi. Ötən ilin sentyabrında “Eagle Partner” təliminin birincisi keçirilmişdi, amma bu qədər ajiotaj doğurmamışdı İran tərəfindən. Amma artıq Tehranda anlayırlar ki, Ermənistan Fransa başda olmaqla Aİ cəsus şəbəkəsinin, ABŞ hərbçilərinin poliqonuna çevrilir. Üstəlik, metallurgiya zavodu tikmək planı ilə bölgəyə daxil olmaq istəyən Amerika indi də Ermənistanda nüvə reaktoru qurur. İranın nüvə enerjisinə qarşı sədlər çəkən ölkə gəlib onun “qulağının dibində” nüvə reaktoru tikir. Özü də 35 il öncə zəlzələdən darmadağın olan ölkədə, seysmik cəhətdən təhlükəli məkanda. Onsuz da Metsamor adlı fəlakət bazası var...
Bəli, ABŞ odla oynayır. Həm də bölgədə barıt çəlləyi qurur, günün birində odu barıt çəlləyinə yaxınlaşdırmaqla fəlakətə səbəb olacaq ssenari üzərində işləyir. İranın yeni prezidenti çox güman ki, baş verənlərin fərqindədir. Əks təqdirdə ABŞ-nın budəfəki Ermənistan planları da sükutla seyr edilərdi. Ermənistan hərbçilərinin ABŞ-yə hərbi təcrübələr ardınca səfər etməsi də İran üçün arzuolunmaz sonluğa gətirib çıxara bilər. Ermənistanın fərari ordusu ilə əməkdaşlığı özünə rəva bilən ABŞ kimi supergüc əslində İranın Ermənistan qapısı üzərində yeni planları işə salıb, Tehran artıq duyuq düşüb və narahatdır. Beləliklə, Türkiyə və Azərbaycan arasında rəzil gündə qalan, Gürcüstanla da ideal münasibətləri olmayan Ermənistan Rusiya, Belorusun ardınca İrandan da “qırmızı vərəqə” aldı. Təklənmiş Hayastanın hayına kim yetişəcək, ABŞ, yoxsa Makron Fransası? Gözləyək, görək davamında nələr olacaq...
Elşad Paşasoy,
Musavat.com
КомментарииОставить комментарий