Общественно-политическая интернет газета
Dünyanın ən yaşlı insanı Mariya Branyas idi, ABŞ-da doğulmuş, İspaniyada yaşayırdı. Bu ilin martında 117 yaşını qeyd etmişdi. Üstünə 117 rəqəmi taxılan tortun fotoları hər yerə yayıldı.
Prinsipcə, fövqəladə bir rəqəmdir. Ancaq o qədər yaşamağın müəyyən problemləri də var. Məsələn, bütün dost-tanış, qahım-əqrəba ölür, sən isə durub baxırsan. Yaxşı xatırlayıram, avstraliyalı bir alim kişi vardı, 105 yaşına çatmışdı. Dedi mənim yaşamağa artıq heç həvəsim qalmayıbdır. Avstraliyada evtanaziyaya - könüllü ölməyə icazə yoxdur, ona görə hansısa Avropa ölkəsinə gəldi, brifinq keçirdi, son yeməyini yedi, iynəsini vurdular, deyə-gülə ölüb getdi.
Uzun yaşamağın dövlət büdcəsinə də böyük ziyanı var. Hökumət pensiya yaşını qaldırıb 65 edib, ümid edir ki, sən uzağı 4-5 il pensiya alıb “xımır-xımır yeyərsən”, ancaq dirəşib 117 il yaşayırsan. 35 burdan, 17 ordan, neçə eləyir? Ay sağ ol: 52 il. 52 il penisya almaq olarmı, ay sizə qurban olum?
Nəticədə büdcə çökür, xalqa uşaq pulu verə bilmirlər, icra başçısının hovuzuna metlax çatmır, rəis balaca gədəni sünnət edə bilmir, deputat sumkasız, səfir saatsız, nazir manatsız qalır, manıslar dodağını şişirtməyə çətinlik çəkir və sairə. Hamı vaxtlı-vaxtında, dövlətin müəyyən elədiyi aralıqda ölməyə borcludur.
Əlqərəz, Mariya xanım da görünür bu cür xalqa yük olmaqdan bezdi, 117 yaşını qeyd edəndən sonra çox yaşamadı. Avqustda ömrünün yerdə qalan hissəsini ispan xalqına bağışlayıb rəhmətə getdi.
Bu zaman ortaya sual çıxdı ki, bəs hazırda dünyanın ən uzunömürlü insanı kimdir? Dərhal açıqlandı, Ginnesin rekordlar kitabı-zad da işin içində idi, dedilər indi planetimizdə ən uzunömürlü yaponiyalı Tomiko İtooka adlı xanımdır. Tomiko nənə 1908-ci ildə Osaka şəhrində doğulmuşdur, hazırda 116 yaşındadır.
Lap gözəl. Bizim yapon xalqına hörmətimiz böyükdür, xüsusilə Beyləqanda məktəblərə tualet tikdikləri üçün. O cümlədən, arada qaçqınlara eynək paylayırdılar ki, uzağı yaxşı görsünlər. Məhz həmin eynəklərin hesabına nə qədər qaçqın Qarabağı görə bildi. Ancaq hörmət öz yerində, həqiqət öz yerində. Bu işdə saxtakarlıq aşkar edilmişdir. Tərəfimizdən. Həmin saxtakarlığın üzə çıxmasında bizə seçkilər yardım etdi. Şəxsən MSK sədri Məzahir müəllimin köməyilə. Buyurun, siz də agah olun.
Seçki günü Məzahir müəllim bəyan etdi ki, ən yaşlı seçicimiz Lənkəranda yaşayır, Tamam Əzizovanın 134 yaşı var. Yəni, Tamam nənə yapon Tomiko-dan düz 18 yaş böyükdür! Adları da nə təhər oxşayır, güman edirəm Tomiko yapon dilində “yetər, bəsdir, kifayətdir, tamam” anlamındadır - biz qız uşaqlarını çox sevdiyimiz üçün onlara belə adlar qoyuruq.
Lakin dünya ictimaiyyəti, Ginnes təşkilatı bu rekordu görmək istəmir. Bizim 134 yaşlı Tamam nənə onlar üçün 116 yaşlı yapon Tomiko nənədən dəyərsizdir. Bəlkə də onlar fikirləşir ki, Tamam nənənin yaşı saxtalaşdırılıb, rəqəmlər nəsə düz yazılmayıbdır. Ancaq Məzahir müəllimin açıqladığı rəqəmlər həmişə öz düzgünlüyü, dəqiqliyi ilə seçilmişdir. Başqa idarə, başqa məmur söyləsə biz özümüz də şübhələnərdik.
Qoy elə xaricilər paxıllıqdan ölsün, biz isə 134, 144, 154 il yaşayaq.
Bircə pensiya məsələsi həll olunmalıdır. Tamam nənə 69 ildir pensiya alır. Məncə o, artıq ikinci dəfə pensiyaya çıxmalıdır. Ya da təzədən qayıdıb işə girsin.
КомментарииОставить комментарий