Общественно-политическая интернет газета
Hörmətli Nazirlər Kabinetimiz qabaqlar karantin rejimini adətən 1, 2 aylığında uzadardı. Nəticədə uca millətə qısa müddətli ümid verilərdi. Ki, narahat olmayın, bəlkə 30-40 günə qapı-bacanı açdıq, hətta özünüz yaxşı aparsanız hovuza su buraxdıq. Atalarımız demişkən, karantinin ömrü qırx gün çəkər. Ancaq bu həftə NK xalqın əlini-ayağını birdəfəlik yığmaq qərarına gəldi, karantinin müddəti oktyabrın 2-nə qədər uzadıldı.
Görəsən, hansı hesablamalar aparılıb, dünyada və Azərbaycanda epidemiya, korona münasibətlərini necə ölçüb bu qərara gəlmişlər? TƏBİB-in, Səhiyyə Nazirliyinin bu qərarın verilməsində nə kimi rolu vardır?
Bu arada, fürsətdən istifadə edərək hörmətli TƏBİB müdirini övladının toyu münasibətilə təbrik edirəm, xoşbəxt olsun, yarıyanlardan olsun. Düzdür, bəzi ağzıgöyçəklər toyda müxtəlif bahalı sənətçilərimizin iştirakını hallandırdılar, düşünürəm paxıllıqdan edirlər. İmkanları olsa hamısı Beyons və Elarizi Amerikadan toya gətirərlər.
Söz düşmüşkən, neçə vaxtdır bizi qəmə düçar edərək, qrin-kard udaraq amerikalı olmuş görkəmli, korifey sənətkarımız intervü vermişdir, deyir vətənə qayıtmağa imkan tapmıram, hər gün ABŞ-ın hansısa ştatından soydaşlarımız məni toya çağırırlar. İnşallah, o da Trampı klipinə çəksin.
Qayıdaq mövzuya. Mövzu isə budur ki, Azərbaycanda karantin rejiminin davamlı uzadılmasının səbəbləri təkcə pandemiya deyildir. Burada Amerikanın barmağı var. Əslində pandemiyanın da Amerikanın oyunları olduğuna əminik. Yer planeti isə yastıdır. Nazirlər Kabineti karantin rejimi qoymasa, Bayden yeni bir virus tapıb canımıza salar. Ehtiyat igidin yaraşığıdır. Niyə sonradan əl-ayağa düşək? Elə qabaqlayıcı, elmi dildə yazsam, profilaktik tədbirlər görmək daha məqsədəuyğundur.
Məsələn, keçən 3 ildə koronavirus bütün dünyanı çaldı-çapdı, milyonlarla insan öldü, lakin 3 ölkədə bu virusa ümumiyyətlə rast gəlinmədi: Belarus, Şimali Koreya və Türkmənistan. Çünki üçü də qapalı ölkələrdir. Əgər bizdə də 2020-ci ilin martına qədər qapalı, karantin rejimi olsaydı, heç virusa yoluxmazdıq.
Hərçənd haşiyə çıxaraq qeyd edim ki, bizim ölkədə də heç kəsin xəstələnmədiyi, ölmədiyi sabit zonalar vardır. Bunlardan Yasamalda, Çəmbərəkənddə, Qurd qapısında olanları saya bilərəm. Lakin mövzu bu deyil.
Qayıdaq Amerikanın oyunlarına. Mənim Arnold Şvartseneggerə aktyor kimi müəyyən hörmətim var. Bu, təkcə “Konan”, “Terminator” kimi davalı kinolarda oynadığı rollara bağlı deyil, məsələn, “Uşaq bağçasının polisi” filmi də var. O üzdən Arnold müəllimin kinoları olanda baxmağa çalışıram. Təzəlikcə “Fubar” adlı serialda oynamışdı, baxmağa çalışdım, ancaq o qədər mənasız, düşük, bambılı (hələ də itən vaxtıma peşmanam) serial idi ki, bir neçə bölümünə zülümlə baxdım və yarımçıq buraxdım. Serialda elə zarafatlar var idi, onların yanında “Bu şəhərdə” dünya yumor incisi sayılar. Ancaq sonra xəbər lentində gözümə maraqlı bir informasiya dəydi: “Fubar”ın 7-ci seriyasında hadisələr Azərbaycanda “olurmuş”.
Son sözü dırnağa almağımın mənası var. Canımı dişimə tutub həmin seriyaya da baxdım. Və maraqlı mənzərə ortaya çıxdı: seriyada hadisənin bir hissəsinin Azərbaycanda olduğu müzakirə edilsə də, tamaşaçıya heç zad göstərilmir! Şvarseneggerin qəhrəmanı Bakı ilə, Azərbaycanla bağlı tapşırıq alır, burada o və komandası pasportlarını dəyişdirməli və uydurma Sardoviya ölkəsinə uçmalıdır. Onlar Sardoviyaya xüsusi qablaşdırmada - tabutlarda gedirlər.
Yazdığım kimi, Arnold və komandasının Azərbaycana uçması filmdə var, ancaq bir də Sardoviyada tabutlardan çıxırlar. Vəssalam. Bəs Azərbaycan hanı? Azərbaycan göstərilmir. Əsl umsuqluq. Adımız ssenaridə çəkilir, epizodda isə yoxuq. Sanki Azərbaycan kinosudur - adı var, özü yoxdur.
Bəlkə yankilər filmdə ölkəmizdə pasport dəyişməyin bürokratik çətinliyinə işarə edirlər? Yəni öl, tabuta gir, xeyri yoxdur. Bəs ASAN-xidmət? Ümumiyyətlə, niyə şəxsiyyəti dəyişdirmək bizə şamil edilir? Gündə bir mərama qulluq etməyimizə işarə vururlarsa, ayıb olsun.
Ya da NK-nın karantin rejiminə görə Şvartsenegger ölkəmizə girməyi bacarmayıb. Əriyib tökül, girə bilməzsən.
Necə deyərlər, “hasta la vista, baby”.
КомментарииОставить комментарий