Свобода людям, независимость нациям!

Suya batırılan barmağın hikməti

Bu gün - noyabrın 19-u, deyəsən, bayram sayılmır, ancaq hər ehtimala qarşı zəhmətkeşlərimizi təbrik edirəm. Haradan bilmək olar, bəlkə mənim bu cızmaqaranı elədiyim və sayın oxucularımıza çatdırmağa çalışdığım saatlar ərzində sayın Milli Məclisin deputatları təzə qanun düzəldəcəklər və 19 noyabr da bayram olacaqdır? Axı niyə də olmasın? Sabitlik şəraitində yaşayırıq. 

Bir az dünya nemətləri ilə təchizatımızda müəyyən problemlər ortaya çıxır, lakin niyə buna görə dərd etməliyik? Hamısı möminləri aldatmaq üçün şeytanın uydurduğu, saxta dəyərlər və nemətlərdir. Siz heç müsəlman aləmində milyarder, dəbdəbə ilə yaşayan adam görmüsünüzmü? Yox. Hamısı həsir üstündə yatır, yavan əppək yeyir. Maşın əvəzinə ulaqda, dəvədə gəzirlər. Yaxşısı budur fikirlərimi bəzi hədislərlə bərkidim, ağıllı sözə həmişə ehtiyac vardır. İbn Macə “Kitabü-z-Zühd” əsərində 4107 nömrəli hədisdə yazır: “Ey Adəm oğlu! Mənə ibadət etmək üçün dünya ilə bağlı arzularından imtina et ki, qəlbini zənginlik ilə doldurum və sənin kasıblığına səd çəkim.  Əgər belə etməzsən, sənin köksünə məşğuliyyətlər dolduracağam və kasıblığına səd çəkməyəcəyəm.”

Eyni kitabın 4106-cı hədisində isə deyir: “Kim çox arzuların əvəzinə tək bir arzu - axirət arzusu edərsə, Allah üçün kafidir. Və kim ki, dünya əhvalı haqqındakı arzuları özünü parçalayarsa, vadilərin hər hansı birində həlak olduğuna Allah iltifat etməyəcəkdir”.

Dəhşət söhbətdir. Yəni deyir Ayfon, qoyun əti, uşağın universitetə qəbulu, “Mercedes”in son modeli, şeyxin villası, kərə yağı və sairə arzulamaqdansa axirəti arzula, yetərlidir.

Doğrudan da bəzi vətəndaşlar kərə yağının bahalaşmasından gileylənir. Dükana girirsən, kərə yağı artıq kilosu 28 manatdan satılır. Doğrudur, 18 manata satılanı da var. 

Burada bir haşiyə çıxım. Açığı, niyə kərə yağının qiyməti bu cür kəskin amplituda üzrə dəyişir, anlamaq çətindir. Gömrük idarəsinin xəbərinə görə, hazırda ölkəyə girən kərə yağının dəyəri kilosu 9 manat 50 qəpik olmaqdadır. Piştaxtaya isə ikiqat, üçqat qiymətə çıxır. Sərhəddən keçəndə kərə yağına nə əlavə edilir ki, onun qiyməti belə qalxır? Ola bilsin sabitlik və demokratiya, düzgün seçkilər və söz azadlığı, iqlim konfransı və konstruktiv müxalifət kimi maddələr əlavə olunmaqla kərə yağını zənginləşdiririk. Belə şeylər olur. Məsələn, İranda uranın zənginləşdirilməsi üzrə proqram var, bizdə də kərə yağının zənginləşdirilməsi üzrə (hər rayon üzrə rəisin zənginləşdirilməsi proqramı da var, lakin mövzudan qırağa çıxmayaq). Hər halda, kərə yağının unsiyasının qiyməti yavaş-yavaş qızıla yaxınlaşır. Bir azdan toya gedən xanımlar boyun-boğazına kərə yağı sürtüb gedəcəkdir. 

Lakin burada başqa sual da ortaya çıxır: niyə bir kərə yağı 18, başqası 28 manata satılır? Bunların hamısı tərkib etibarilə eyni zad deyildirmi? İnək südü, qaymaq, ayran, su, duz-filan... Adətən satılan şeyin üzərində faizi də yazılır: 82,5. Loru dildə desək, aşağısı bu qədəri kərə yağıdır. Deməli, burada əsas məsələ qalan 17,5 faizin başındadır. Onu bahalı şeydən qayıranda yağ baha çıxır, ucuz şeydən qayıranda ucuz. Əks halda, qiymət fərqini nəqliyyat xərci ilə izah etmək çətindir, çünki bəzən Yeni Zelandiyadan gələn yağ Yeni Günəşlidən gələn yağdan ucuz olur. 

Yazını isə Bəni Fihr-in qardaşı əl-Müstəvriddən mübarək hədislə bitirirəm: “Axirət nemətləri qarşısında dünya nemətlərinin misalı və dəyəri, birinizin barmağını dənizə batırması kimidir. Artıq barmağın o sudan nə ilə qayıtdığına bir baxsın”.

Bəli. Şəxsən mən yayda dənizə barmağımı batırdım, şahid oldum. Hələlik icra hakimiyyəti dənizə barmaq batırmağa icazə verir. Allaha şükür olsun. 

Нет комментариев

Новости автора