Общественно-политическая интернет газета
Nikol Paşinyan hakimiyyətinin sülh bəyanatlarının arxasında gizlənib, “min oyundan” çıxmasından bezdik daha. Rəsmi İrəvan vaxtaşırı özünü elə aparır ki, elə bil 30+ il ərzində Azərbaycan ərazilərini işğalda saxlayan ermənilər olmayıb, yadplanetlilər gəlib Qarabağın, Şərqi Zəngəzurun üstünü altına çevirib.
Azərbaycan Xarici İşlər Nazirliyi son bəyanatında tutarlı arqumentlərlə Ermənistanın cavabını verib. Ermənistan XİN vaxtaşırı Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 8 dekabr 1991-ci il Sazişində və 21 dekabr 1991-ci il Almatı Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalara istinad edir. Utanmaq, qızarmaq hissi yoxdur ki...
Həmin tarixdə Ermənistan prezidenti Levon Ter-Petrosyanın da imzaladığı sənədin üçüncü bəndində yazılırdı: “Üzv respublikalar bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşacaq və Respublikaların mövcud dövlət sərhədləri dəyişdirilməyəcək”.
Amma və lakin... Ermənistanın ərazi bütövlüyünə “hörmət etdiyi” o günlərdə artıq Xankəndi, Kərkicahan və digər ərazilərimiz işğal altında idi. Bu günə qədər Ermənistanın işğalı altında qalan Sədərəyin Kərki kəndi isə hələ 1990-cı ilin yanvarından işğal edilmişdi. MDB-vari “ərazi bütövlüyünə hörmət izhar olunandan” cəmi bir ay sonra isə Xocalıda əsrin dəhşətləri törədildi dinc əhaliyə qarşı. Sonra nələr oldu, hamımıza məlumdur, elə ermənilərə də işğal olunmuş “Dağlıq Qarabağ”ın hüdudlarını aşdı, 7 rayon da zəbt edildi, 1 milyonu keçdi qaçqın-köçkünlərin sayı. Bütün bunlar Ermənistanın bu gün tez-tez istinad etdiyi Almatı Bəyannaməsinin imzalanmasının fonunda baş verirdi.
Görürsünüz, Ermənistan imza atdığı sənədə necə “hörmət edib?” Almatı Bəyannaməsini 33 il zibil qabında saxlayan Ermənistan indi ayılıb və Azərbaycanın zəhləsini tökən mövqelərini bir-birinə calayıb, işğala, terrora məruz qalmış ölkədən həmin sənədə hörmətlə yanaşılmasını istəyir. Paşinyan-Mirzoyan-Simonyanın və digər yanların niyə yadına düşmürdü Alma-Ata Bəyannaməsi? Məsələn, Paşinyan baş nazir olan kimi “ilk səfərini” Şuşaya edəndə, 2018-ci ilin mayında... Yaxud oğlunu hərbi xidmət üçün Qarabağa yollayanda... Xankəndidə “Qarabağ Ermənistandır. Nöqtə” deyəndə... Şuşada çaxır içib Yallı gedəndə, yad torpağa yayxananda Almatı Bəyannaməsi yox idi? Bəs, onda Alma-Ata Bəyannaməsindəki ərazi bütövlüyü, suverenliyi ilə bağlı müddəanı niyə unutmuşdular?
Deyək ki, Baltikyanı respublikalar Belovej razılığı kimi, Alma-Ata Bəyannaməsini də imzalamaqdan imtina etmişdilər. Axı, Ermənistan imzalamışdı. İmzası olduğu halda tüpürdü o sənədə və 70 il bir çətir altında olduğu qonşu ölkənin ərazilərini işğal etdi sovet ordusunun, Qərbdəki havadarlarının dəstəyi ilə. Bütün bunlar tarixi faktlardır.
Ermənistan imzaladığı sənədə hörmət etməyibsə - özü də bu, ilk deyil, son da olmayacaq, 2020-ci ilin 10 noyabrında imzaladığı Üçtərəfli Bəyannamənin 9-cu bəndini də indiyədək icra etməyib – bundan sonra ona necə etibar etmək olar?!
Azərbaycan XİN haqlı olaraq xatırladıb ki, 1991-ci ildə imzalanmış sənəddə MDB-yə üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir.
XİN rəsmisi Ayxan Hacızadə tam dəqiq söyləyib: Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz.
Nazirlik rəsmisi qeyd edib ki, Ermənistanın 18 fevral 1992-ci il tarixində MDB-nin yaradılması haqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz. Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 26 dekabr 1991-ci il tarixində Ermənistan Ali Soveti MDB-nin yaradılması haqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyan edib.
MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dair Ali Sovetin 18 fevral 1992-ci il tarixli qərarının 10-cu bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma “Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olan müstəqil dövlət hesab edirdi.” Diplomat bildirib ki, Ali Sovetin bu qərarından sonra Ermənistan heç vaxt “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanımayıb, bu mövqe Ali Sovetin 8 iyul 1992-ci il tarixli Qərarında bir daha təsdiqlənib və Ermənistanın 5 iyul 1995-ci il tarixli Konstitusiyası ilə daha da möhkəmlənib. Sitat: “O zaman qeyd-şərtin müqaviləyə tərəf digər ölkələrin nəzərinə çatdırılmasının zəruri olub-olmaması və Ermənistanın belə tədbir görüb-görmədiyindən asılı olmayaraq, hər hansı bir mühakimə yürütmədən, qeyd-şərtlər Ermənistan qanunvericiliyinin bir hissəsidir və inkar edilə bilməz. Beləliklə, həmçinin Ermənistanın Almatı Bəyannaməsinə qoşulan zaman konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı artıq mövcud olan iddiasını və onun qeyd-şərtlərini nəzərə alaraq, Ermənistan “Dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasını istisna edib. Odur ki, Ermənistan öz konstitusiyasına dəyişikliklər edənə və Azərbaycana qarşı iddiasını əks etdirən bütün hüquqi və siyasi aktlardan imtina etməyənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur”. Kifayət qədər aydın mətnlə və tutarlı arqumentlərlə əsaslandırılan mövqedir. Bundan sonra Ermənistanda azca həyası olan hay varsa, gərək Almatı Bəyannaməsinə istinadı dilə gətirməsin!
Yeri gəlmişkən, Azərbaycan XİN-in bəyanatında bir mühüm məqam da var: Almatı Bəyannaməsinə qoşularkən Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini nəzərə alaraq, “keçmiş Sovet İttifaqının respublikalarının inzibati sərhədləri boyunca bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması” dedikdə Ermənistanın 1992-ci ildə və indi nə nəzərdə tutduğuna aydınlıq gətirməsinin vaxtı çatıb.
Tamamilə doğru! Makron qulaqlarına yenə nə pıçıldayıbsa, suyu bulandırmaqla balıq tutmaq – silah alışını davam etdirmək istəyirlər.
Nəhayət, Paşinyan hakimiyyəti Azərbaycanın şərtlərinə əməl etməlidir: ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu məqamlar çıxarılmalı, yeni konstitusiya rəsmən elan olunmalı, həmçinin Minsk qrupu kimi mənasızların bitdiyi etirafı rəsmi İrəvan tərəfindən bəyanlanmalıdır! Ermənistana dəfələrlə inanmışıq, bu dəfə keçməz! Ötən əsrin əvvəlində də “İrəvanı verin, daha bir də ərazi iddialarımız olmayacaq”, vədini verdilər. Bu gün hətta İrəvanın, Qərbi Azərbaycanın tarixi Azərbaycan əraziləri olduğunu belə danmağa çalışırlar. Oyunbazlığa son qoymasalar, sülh də olmayacaq, özləri bilsin! Nağıllarını özlərinə saxlasınlar, ümid etməsinlər ki, bu nağıllardan sonra göydən alma, yaxud Almatı Bəyannaməsi düşəcək...
КомментарииОставить комментарий