Общественно-политическая интернет газета
“Son zəng” də etdiyim çıxışı xatırlayıram. Məktəbin akt zalında bütün 10-nuncular və müəllim heyəti toplaşmışdı. “10 B” sinfi adından başqa danışanlar da vardı, amma kulminasiya mənim çıxışım oldu. Bir neçə müəllimdən üzr istədim, əsasən də kimya fənnini tədris edən Məleykə müəllimədən. Onun adını çəkəndə düz gözünün içinə baxdım, o da kövrəldi. Mən də özümü saxlaya bilmədim. Bütün uşaqlar, müəllimlər bir-birinə qarışdı, çox duyğusal və səmimi dəqiqələr idi, heç unutmadım o günü...
Məleykə müəlliməni dərslərdə çox incitmişdim, atama bir gün şikayət də etmişdi. Atamın dediyi sözləri də xatırlayıram. “O kimsəsiz qadındır(ailə qurmamışdı), amma namuslu və savadlı müəllimədir, bir daha səndən şikayət etməsin...”
Bir dəfə aptekdən spirt alıb gətirməyi tapşırmışdı təcrübələr üçün, mən də distillə edilmiş su alıb aparmışdım. Guya gülmək üçün. Təcrübə aparanda nə qədər elədi spirt lampası yanmadı, kibrit qurtaranda ağlına gəldi ki, yoxlasın. Sinif uşaqları kələyi bilirdi, hamı güldü, Məleykə müəllimə pis oldu. Mənə adətən “3” və ya “4” yazardı, həmin gün isə “1” yazdı. Sonradan uşaqlar dedilər ki, Məleykə müəllim heç kimi sinifdə saxlamayıb indiyədək, “1” də ona görə yazıb ki, sonradan 4 etsin...
Qaçqınlıq illərində qonşuluqda olurdu Məleykə müəllimə. Əlində zənbil gələndə qarşısına qaçardım, sanki məktəbdə etdiklərimi unutdurmaq istəyirdim. O da qapıya çatanda həmişə elə bil qəsdən gülümsəyərək deyərdi: “Sinifdə məni yaman incidirdin a...”
Bir ingilis dili müəlliməmiz vardı- Ağgül xanım. Mənə məktəbi dəyişən il birinci rübdə “2” yazdı. Yeni məktəbdə kimin oğlu olduğumu bilməyən yox idi, ondan hətta həyat yoldaşı (Romik həkim bu yaxınlarda vəfat etdi) xahiş etdi, sözündən dönmədi. Amma dedi ki, ona ingilis dilin öyrədəcəyəm, oxuyacaq. Sinif uşaqları 5-ci sinfin ingilis dilini oxuyanda Ağgül müəllimə mənə hərf öyrədirdi, beləcə ikinci rübdə “3” aldım. Dördüncü rübdə artıq sinif uşaqları kimi 5-ci sinfin kitabını oxuyurdum. O müəllimə hər rüb “3” yazıb canını qurtarardı, hətta minnət də qoyardı, amma bunu etmədi, özünə zəhmət verdi, mənim öyrənməyim üçün... Belə təmənnasız müəllimlər vardı...
Səriyyə müəllimə...Nur içində yatsın. Azərbaycan dili və ədəbiyyat müəlliməmiz idi. Vaxtsız vəfat etdi. Mən o dərsi yaxşı oxuyardım. Onun dərsində heç səs-küy salan olmazdı. Ölüm yatağında olanda getdik vidalaşmağa. Bütün sinif. O da unudulmayacaq bir gün idi. Bizdən heç kimi tanımadı, bir Azər vardı, ondan başqa. Azər yaxşı şeir deyirdi, ona görə yəqin onun səsini unutmamışdı. Səriyyə müəllimənin ölümünü uzun müddət unuda bilmədi sinfimiz...
Yunus müəllim tarixdən dərs deyirdi. Yaxın qohumum idi, amma dərsinə nə vaxtsa hazırlıqsız getdiyim olmadı. Çox ciddi və savadlı müəllim idi. Allah canını sağ etsin, mən indi də onu görəndə özümü yığışdırıb, şagird “stoykası”nda dururam.
Roza müəllimə mənə rus dilini sevdirən olub. Dərslərini oxuduğum üçün ona daima minnətdaram. İndi də onun öyrətdiyi dilin “çörəyini yeyirəm”.
Almaz müəllimə biologiyadan dərs verirdi. Bitkilər mənim üçün heç vaxt maraqlı olmadı, amma yuxarı sinifdə “İnsan” dərsi keçirdi. Onda da skiletin başına oyun açardıq, bir gün hətta ürək maketini oğurlayıb evə aparmışdım...Qaytaranda xeyli gülmüşdü, bu dana ürəyi boyda maketi niyə oğurladığımı ağlına sığışdıra bilmirdi.
Biz anamızın müəllimə üçün verdiyinə heç vaxt baxmazdıq, yalnız açıqcanı özümüz yazardıq. Müəllimə də “anana sağ ol” deyərdi. Müəllimə hədiyyəyə görə bizə qiymət yazmazdı, mən görmədim, şahidi olmadım...
İndi deyirəm ki, Allah, sən bizim dəlilikərimizi günaha yazma, biz belə saf müəllimələrin necə qədrini bilməmişik...Necə olub ki, dərslərini dinləməmişik, şuluqluq salmışıq, hərdən bilmədən qəlblərini qırmışıq. Heç nədə gözü olmayın, nümunə olmağa çalışan, qayğıkeş müəllimlərimiz. Qızıl kimi müəllim və müəllimələr...
Sanki bir kino lentini geri fırlayıram, ətrafa baxıram, müqayisə edirəm, yoxdur o müəllim və müəllimələr...Ölənlərə rəhmət, qalanlara cansağlığı...
КомментарииОставить комментарий