Свобода людям, независимость нациям!

Süni gözəllik, təbii eybəcərlik

 

Plastik əməliyyatlar haradan çıxdı, niyə dəb oldu, ona nə ehtiyac vardı, bilən, anlayan yoxdur. Eləcə, dəbdir, müasir dildə desək, trenddir, insanların qafasına girib və onlar, el dilində desək, bıçaq altda yatmaqda davam edirlər.

Bu mövzu hər dəfə kimsə bir gənc adam plastik əməliyyat zamanı öləndə aktuallaşır. Hamı deyir ki, axı nə ehtiyac vardı, gözəl, yaraşıqlı adam idi, niyə elə etdi ki, belə də olsun.

Amma yox, siz gəlin bunu beyninə plastik əməliyyat keçirirək daha da gözəlləşəcəyi fikrini qoyanlara (əsasən də xanımlara) başa salın. Bəlli bir yerdən (yaşdan) sonra kiminsə onlara söz keçirməsi mümkün deyil.

Gözəlləşmək ehtirası incəsənət yanğısı kimi bir şeydir, ikisi də qurban tələb edir.

Düzdür, o cür əməlliyatların yalnız yüzdə biri faciə ilə nəticələnir, 99-u uğurla başa çatır. Amma baxaq, görək, gözəlləşəcəyini düşünən şəxs uğurla başa çatmıç əməliyyatdan sonra yeni görünüşündən razı qalırmı? Qalmır. Hətta özü razı qalsa da, ətrafdakılar mütləq mız qoyur – ya üzünə, ya da dalınca.

Birincisi, qadınların plastik əməliyyat keçirdiyi əksərən gendən bilinir – xüsusilə ağız-burun korreksiyası, botoks-filan. Onların çoxu ördəkdodaq olur, bir də üzlərindəki hiss-həyəcan bildirən mimikalar minimala enir.

İkincisi, bu əməliyyat onların ictimaiyyət arasındakı reputasiyasına pis təsir göstərir. Başqa ölkələrdən fərqli olaraq, bizdə bir siqaret çəkən qadınlara, bir də belə şeylərdən çox istifadə edən zənənlərə başqa gözlə baxırlar, elə bilirlər, kim belə bir şey edirsə, demək, yolu düz deyil.

Üçüncüsü, təbii görünüş itdiyinə görə bir vaxtdan sonra süni gözəlliyin yerini təbii eybəcərlik alır.

Dördüncüsü, bu əməliyyatın bir ətək xərci var (əslində, bu varlı zümrənin girişəcəyi işdir, plastik əməliyyat kasıblar üçün deyil).

Ən əsası, yeni görünüş ağılı artırmır, xasiyyəti dəyişmir. Əgər bir adam təbii simasında ətiacı, deyingən, təkəbbürlü, bir sözlə, ifritəydisə, yeni simasında sadəcə, gözəl və beyinsiz ifritə olacaq.

Bu xüsusda bir məşhur lətifə də var: Qadın reanimasiyadadır, az qala ölür. Birdən səs eşidir: “Sənə daha 10 il ömür verirəm!”

Qadın sevincək çarpayıdan qalxır, 10 illik ekstra ömrünü xərcləməyə gedir. Ancaq bu dəfə o, həyatına və simasına düzəliş etmək istəyir, plastik cərrahın yanına qaçır, rinoplastika, botoks, liposaksiya, ümumiyyətlə, bu sferada nə varsa, hamısından yararlanır. Fikirləşir ki, ən azı on il öz kefi üçün gözəl yaşayacaq. Fəqət klinikadan çıxıb yolu qarşı tərəfə keçəndə qəfildən bir maşın onu vurur. Qadının ruhu göylərə uçub soruşur: - Ya Rəbb, bu, nəydi? Bəs daha 10 il ömür vəd etmişdin axı! Yuxarıdan səs gəlir: - Bağışla, tanımadım, sən öl.

Yəni plastik əməliyyat çox vacibdirsə, vazkeçilməzdirsə, o zaman elə etmək lazımdır ki, təkcə gözəgörünməz yox, həm də dost-tanış adamı görəndə tanıya bilsin.

Hərçənd bəzi adamlara həqiqətən plastik əməliyyat lazımdır. Biri uşaq vaxtı travma alıb, ağzı-burnu dağılıb, o birində hansısa xəstəliklərdən xoşagəlməz izlər qalıb və s.

Amma durduğun yerdə Şaron Stouna və ya Ancelina Coliyə oxşamaq istəmək normal şey deyil. Siz onların makiyajsız, yaxından və indiki, yaşlaşmış halını görsəniz, gözəl hesab etməzsiniz. O biri məşhur gözəllər də eləcə.

Ta bilmirlər ki, nə qədər gözəl olursan, ol, şair Rəsul Rza 63 il qabaq bu məsələnin möhürünü vurub: “Söylə, nədir bu ədalar, bu işvə, bu naz. Gedər bir gün bu gözəllik, sənə də qalmaz”.

Belə baxanda lap köhnə şairlər gözəllik standartlarını daha yaxşı vəsf ediblər – al yanaq, pərişan zülf, mina gərdən, aypara qaş, püstə dodaq, gecə yağmış qar kim ağ biləklər və s. Hətta büllur zənəxdanda xal da vacib gözəllik atributu olub. İndiki gözəllər plastik cərrahın yanına gedəndə birinci təbii xalı ləğv etdirmək istəyirlər. O da düz gəlmir, təhlükəlidir, oxumuş adamlar deyirlər ki, hər xal yatmış ilandır, gərək toxunmayasan.

Hər halda, hər kəsin özü bilən məsləhətdir. Onsuz da çox adam öz bildiyini edəcək. Amma yenə də bizdən deməkdir.

Нет комментариев

Новости автора