Общественно-политическая интернет газета
Vaxtaşırı qabaran patriotizm-kosmopolitizm mübahisələri artıq çox adamı təngə gətirib, amma bu xüsusda polemikaların sonu görünmür. Bu günlərdə Vikipediyadan şəhidlərə dair məqalələrin silinməsi bu ixtilafı bir az da dərinləşdirib.
Biz hələ də nəyin yaxşı, nəyin pis olduğunu, vətənpərvərliyin hara qədər normal və zərərli, kosmopolitizmin hara qədər qəbuledilən və ziyanlı olduğunu bilmirik.
Bu anlayışların şəffaf sərhədlərinin delimitasiyası haqda təsəvvürlər zəifdir.
O üzdəndir ki, özünü mövcud iqtidarın əleyhdarı sayan bir sıra adamlar bəzən sırf xalqımızın, dövlətimizin ziyanına olan iddialar, ittihamlar irəli sürür, düşmənlər tərəfindən skrin-şot edilib qovluğa (fayla) yığılan paylaşımlar yayırlar.
Məsələn, onlardan birinin skrin-şotu aşağıdakı kimidir. Bunu edən şəxsin adı da bəllidir, soyadı da, hansı sahədə fəaliyyət göstəridiyi də.
Bəs onu bu cür paylaşımlar etməyə nə vadar edib? Əlahəzrət həqiqətmi? Bağlı olduğu məkrli mərkəzlərdən aldığı tapşırıqmı? Onlara yarınmaq ehtirasımı?
Bu səpkidə başqa suallar da ola bilər, amma burası tam yəqindir ki, adamın öz xalqının qəhrəman, xilaskar ordu birləşməsini ittiham etməsi həqiqət carçılığından irəli gəlmir.
Elə olsaydı, o, ermənilərin son 36 ildə başımıza gətirdiyi, fəryadımızı ərşə qaldıran onlarca faciəvi hadisələrdən, qətliamlardan bəhs edərdi – Xocalı soyqırımından tutmuş ta Meşəli qırğınına qədər, Ağdaban, Başlıbel, Qaradağlı, Kərkicahan qətliamlarına qədər. Erməmi əsirlərə qarşı düzgün olmayan rəftardan bəhs edənlər yüzlərlə, hətta minlərlə əsirimizin güllələnməsindən, işgəncə ilə öldürülməsindən kəlmə kəsmirlər. Füzulinin Seyidəhmədli kəndindən ta Edilliyə, Şuşaya, Kəlbəcərə qədər hər yerdə toplu məzarlıqlar çıxır – hamısı da öldürülmüş əsirlərimizin məzarlarıdır.
Amma bu və digər “sülhpərvər” şəxslər üçün önəmli olan neçə-neçə gənc hərbçimizi alnından vuran snayper Anuş Apetyanın taleyidir. O, Anuşun faciəsini 1-ci Qarabağ müharibəsində 30 mindən çox övladını iriən xalqımızın faciəsinin fövqünə qoyur.
2-ci Qarabağ müharibəsində bir neçə dəfə Gəncənin, iki dəfə Bərdənin, dəfələrlə Tərtərəin, bir dəfə isə Beyləqanın erməni hərbçilər tərəfindən raket zərbələri ilə vurulması nəticəsində yüzdən artıq dinc sakin (qoca, qadın, uşaq) itirmişik, 44 günlük müharibə zamanı və ondan sonra davam edən lokal əməliyyatlarda ölən ermənilər üçün ağlaşanlar öz mülki insanlarımız üçün bir cümləllik paylaşım etməyiblər.
Sanki onlar yalnız ermənilərin itkilərinin hesabını aparır və yalnız onlara kədərlənə bilirlər. Bu, manqurtluq deyil, manqurtluğun bəlli bəraəti var. Onların bu mövqedə olması itirilmiş şüurun, qurumuş beyinin yanlış düşüncələrindən irəli gəlmir. Tam əksinə, bu adamlar bilirlər ki, şəxsi mənfəətləri, xeyirləri bundadır, belə danışsalar, öz ölkələrinin ordusuna qara yaxsalar, generallarını “hərbi cani” elan etsələr, xaricdəki siyasi, hərbi, kəşfiyyat dairələrində yerləri möhkəm, qrantları iriməbləğli olar.
Bu xüsusda bütün kartlar açılıb, daha heç kim “demokratiya”, “haqq-ədalət”, “insan haqları” kimi cazibədar şüarların arxasına gizlənə bilməz.
Axırıncı dəfə bir çoxlarının iç üzü Macarıstandan ölkəmizə ekstradisiya edilən zabit Ramil Səfərovun təyyarədə əfv edilməsi hadisəsi zamanı açıldı. Məhz o zaman xarici dairələrdən “hücum” komandası alanlar böyük bir səfərbərliklə Ramilin, onu Azərbaycana göndərənlərin və gətirənlərin üzərinə hücuma keçdilər.
Ermənilər yalan olmuşdu, bizimkilər gerçək. Xaricdən maliyyələşən media qurumlarında və sosial şəbəkələrin Azərbaycan seqmentində tozanaq ərşə qalxmışdı.
Başqa vaxt siyasi motivlərlə həbsdə yatanlara, törətdiyi əmələ uyğun olmayan şəkildə ağır cəza alanlara azadlıq tələb edən “haqq-ədalət carçıları” ömrünün ən yaxşı 9 ilini həbsxanada keçirmiş Ramilin azadlığa buraxılmasını qılıncla qarşılayırdılar və erməni lobbisinin ağır cəza kəsdirdiyi Ramilin türmədə günə-gün, yəni ömürlük yatmasını istəyirdilər. Çünki onların bağlı olduqları mərkəzdən verilən direktiv beləydi.
Əkrəm Əylisinin “Daş yuxular” romanı ilə bağlı yaranan qalmaqal zamanı da elə oldu. Bəziləri hələ də romanda elə bir antimilli xətt olmadığını, əksinə, bəşəri dəyərlərə, sülhpərvərliyə önəm verildiyi barədə iddialar irəli sürürlər.
Ancaq bütün bu müdafiə arqumentlərini darmadağın edən bir fakt var. O da bundan ibarətdir ki, ermənilər Əkrəm Əylislinin “Daş yuxuları”nı dünyanın 50-dən artıq ölkəsində erməni və yerli dillərə tərcümə edərək kitab şəklində nəşr ediblər və hələ onu yaymaqda davam edir, bu kitabı əldə tutarqa edərək, “Azərbaycan xalqının ermənilərə qarşı vəhşilik törətdiyini öz ədiblərinin etirafı” kimi xalqımıza qarşı təbliğat aparırlar. Nümunə üçün o kitablardan bir neçəsinin üz qabığını burada paylaşırıq.
Başqa sözlə, şovinist ermənilər və onlara havadarlıq edənlər ölkəmizdə formalaşdırdıqları mərkəzlərin əliylə insanlarımızı trollayaraq, linç edərək vətənpərvərlik hissindən uzaq tutmağa çalışırlar və buna qismən nail olublar. Onlar yalançı “sülhpərvərlik” pərdəsi arxasında daldalanır, vətənpərvərliyə qarşı çıxırlar. Bu iki məfhum nədən bir-birinə antonim olmalıdır? Nəgər vətənpərvər olaraq da sülhpərvər olmaq mümkün deyil?
Yeni nəsildən olan, Avropaya gedib-gəlmiş, oradakı müxtəlif dairələrlə əlaqə yaratmış gənclərin düşüncəsinə görə, patriotizm çox qəbahət bir şeydir, gerilikdir, normal insan kosmopolit olmalıdır, xalqlar arasında fərq qoymamalıdır və s. Amma baxaq, görək, öz xalqını bəyənməyən, yeri gəldi-gəlmədi, onu aşağılayan bu şəxslər erməni xalqı haqqında güldən ağır bir söz deyə bilərlərmi? Deyə bilməzlər. Onların yalnız öz xalqını pisləmək azadlıqları var. Əks təqdirdə qrantları kəsilər.
Vikipediyada şəhidlərə dair məqalələrin silinməsi qalmaqalının altından 44 günlük müharibədə “novarçı” olaraq Azərbaycanı müharibəni dərhal dayandırmağa çağıranların çıxması çox da təəccüblü deyil. Həmin dalğa, həmin koordinat.
Son illərdə vətənpərvərlik bayrağının vaxtilə bu kimi məsələlərə barmaqarası baxan iqtidar düşərgəsinin, bu düşərgəyə mənsub olan fəalların əlinə keçməsi heç kəsə haqq vermir ki, hakimiyyətə müxalifliyi vətənpərvərlik hərəkatının üzərinə proyeksiya eləsin. Kim iqtidara müxalifdirsə, olsun, onun sosial-iqtisadi, mədəni siyasətini, idarəçiliyini tənqid edirsə, etsin, amma dövlət maşınının torpaqları işğaldan azad etməsini, ölkənin təhlükəsizliyini, bütövlüyünü qorumasını “vurmaq”, artıq hökumətə yox, millətə, dövlətə müxaliflikdir.
КомментарииОставить комментарий