Общественно-политическая интернет газета
...Soledara çatan kimi məni bir azərbaycanlı qarşıladı. Çiynimdəki rüqzakı kömək üçün almaq istədi, amma ehtiyac olmadığını dedim. Azərbaycanlı üç həftə əvvəl hərbi xidmətə başladığını söylədi. Yəni əsgərliyə çağırmışdılar. Qısa yolumuzda onu dedi ki, müharibədə vuruşan azərbaycanlılar çoxdur, amma bu istiqamətdə təkcə özüdür.
“Prezident Zelenski ilə görüş üçün...” dediyim yadımdadır, partlayış və avtomat səsləri sözlərimi yarımçıq qoydu. Haradasa gizlənməli olduq. Belə başa düşdüm ki, buranı işğaldan yenicə azad etdikləri üçün ciddi yoxlama var. Ukrayna əsgərlərinin postuna çatanda rüqzakımı yoxlamağa başladılar. Hərbçi İsrail istehsalı olan UZİ-nı(bu silahdan yığcamlığına görə həmişə xoşum gəlib) çıxardı, “o-o-o-o-o” dedi ucadan. Mən başqa sual və reaksiya gözləyirdim, onun üzündə isə bir uşaq təbəssümü vardı. Avtomatın yığılmış qundağını tez açdı, uşaq kimi sevincək əvvəl yaxınlığındakı əsgərlərə, sonra isə lüləsini yuxarı qaldıraraq ağızı ilə “dı-dı-dı-dı” elədi...
Donetsk vilayətinin Soledar şəhərini Rusiya bu ilin yanvarında işğal edib. Ukrayna tərəfinin iddialarına görə, Soledar uğrunda gedən döyüşlər zamanı Rusiya iki çeçen müharibəsindəki itkiləri ilə müqayisə olunacaq qədər hərbiçi itirib...Soledar isə bu gecə azad idi...
Ukrayna müharibəsi məsafə etibarilə nə qədər uzaq olsa da, biz də onun “informasiya bombardmanın” içərisində yaşayırıq. Mən hər gün ən azı 30-40 xəbər izləyirəm bu haqda, müxtəlif təhlillər və açıqlamalar oxuyaram. Beynimizə “oturub” bu savaş. Onu içərisində hələ də tam bitməyən Qarabağ, Ermənistanla müharibə də var. Dünyanın altını-üstünü bilməyən adamlara bu mənada qibtə etmək olar. Gecələr rahat yatırlar, yuxularını qarışdırmırlar.
Bir neçə gündür ki, Ukrayna genişmiqyaslı hücumlara başlayıb. Hər iki tərəfin yaydığı informasiyalar ziddiyyətlidir. Bu hücumların son məqsədi budur ki, Ukrayna heç olmasa nəsə əldə etsin ki, danışıqlar masasında tam uduzmuş kimi oturmasın. Bizə heç vaxt bu yolu göstərmədilər, həmişə istədilər ki, Ermənistan masada güclü görünsün. Elə bilirsiz, bu müharibənin nə ilə nəticələnəciyini bilmirlər? Bilirlər. Silah baronlarının hələ gözləri doymur, uzun müddətli müharibə istəyirlər. Lap sonda Zelenskiyə deyəcəklər ki, gücünüz varsa, yenə silah verəkmi? Yoxdursa, daha çarə yoxdur, gedin oturub razılaşın...
Heç kim demir ki, get alçaldıcı sülh müqaviləsi imzala. Müharibədən yayınmanın ən azı üç variantı vardı. Minsk razılaşmasını icra etmək indiki vəziyyətdən ən azı üç dəfə daha yaxşı şərtləri özündə ehtiva edirdi. İcra etmədilər, müharibəni qızışdıran ABŞ və NATO-nun oyununa getdilər. Bilirdilər ki, Ukraynanı NATO-ya üzv qəbul etməyəcəklər. Fəqət ayı yuvasına çomaq soxdular. Minsk sənədindən daha ağır şərtləri olan İstanbul razılaşmasını əvvəl qəbul edib, sonra isə imtina etdilər. Əlbəttə ki, həm də ABŞ və müttəfiqlərinin tapşırığı ilə.
Eyni sözlər Rusiya prezidenti Putinə də aiddir. O da bu müharibəyə görə zamanı gələndə tarix və xalqının qarşısında hesab verməli olacaq. Ukraynada müharibə avantüra idi. Onu illərdir bu avantüraya çəkmək istəyirdilər. O da nəhayət, özünün dediyinə görə, “başqa yol olmadığına görə” bu bataqlığa girdi. Amma onun Zelenskidən fərqi var. O, qərarlarını özü verir.
Ağılsız sabiq ingilis baş nazir Boris Conson demişdi ki, sonuncu ukraynalıya qədər vuruşmaq lazım gələcək. Ukrayna xalqının işğala qarşı dirənişinə qətiyyən kölgə salmadan həqiqəti də demək lazımdır. Bu müharibə onların ərazisində gedir, ölən də, itən də, qaçqın düşən də ukraynalıdır. Amma bu, böyük mənada Ukraynanın müharibəsi deyil.
КомментарииОставить комментарий