Общественно-политическая интернет газета
Kimsə Laçında çayxanada qiymətlərin bahalığından şikayətlənmişdir. Mən orda qiymətin nə qədər olduğunu bilmirəm, lakin bu cür deyinənləri, donquldananları şiddətlə qınayıram. (Bir növ, “Mən Pasternakı oxumamışam, ancaq...” mövzusu kimi alındı, eybi yoxdur).
İşğaldan azad edilən ərazilərdə çay-çörəyin qiymətləriylə bağlı belə şikayətnamələr vaxtaşırı rastımıza çıxır. Bir ara, yanılmıramsa, Şuşada da ət yeyənlər bahalıqdan danışmışdı, restoranın adını reklam olmasın deyə çəkmirəm.
O torpaqlar üçün camaat şirin canını verib, bunlar şirinçaya iki manat artıq verəndə canları çıxır. Gəlin tərəziyə qoyaq, çötkəyə vuraq, görək hansı bahadır. Qarabağı müqəddəs torpaq adlandırırıqsa, onun uğrunda ölənlərimiz varsa, orda qiymətlər yuxarı olmalıdır. Orda çayı neçəyə versələr ucuzdur. Pafos üçün yazmıram, gerçək fikrim belədir.
Müqəddəs yazdım, yadıma düşdü. Beş-on il qabaq bir qrup dindar müsəlman zəhmətkeşlərimiz Məkkə çöllərində ac-susuz, üryan qalmışdılar. Ağlaşmanın şiddətindən efirlər titrəyirdi, həciliyə namizədlərimiz hotellərin bərbad olduğunu, xidmətin zəifliyini və sairəni misal çəkərək hökumətə müraciət edirdilər: “Gəlin bizi burdan çıxardın!” Təsəvvür elə...
Bu nə dindarlıqdır?! Camaat orda ölüb qalmağı özünə şərəf bilir, sən komfort axtarırsan. Mürid mürşidi yolunda min əzaba qatlaşmalıdır. Bu yerdə Xətai der: “Yürü, sufi, yürü, yolundan azma, Elin qeybətinə quyular qazma, Yorulma bihudə, boşuna gəzmə, Yanında mürşidin var olmayınca”.
Qədimlərdə camaat Həcc ziyarətinə at-eşşəklə, dəvə ilə, lap imkanı çatmayanda piyada, neçə günlər, aylar yol ölçərək gedərdi. İndi iki-üç saatlıq uçaqla gedirlər, yenə görürsən narazı qalırlar.
İnsafən, o şikayət elə o vaxtdan kəsildi deyəsən. Çünki, yenə yanılmıramsa, həmin ziyarətçi qrupunu müstəqil turizm şirkəti düzəltmişdi. Ondan sonra bütün dini və dinsiz ziyarətlər hökumətimizin, şeyxin və sairə yoldaşların inhisarına alındı, hay-küy də yatışdı. Əsas, milli mollamız Nəsrəddin demişkən, dava yorğan davasıymış.
Güman edirəm bu Qarabağda bahaçılıq kimi ucuz mövzuların aradan biryolluq qalxması üçün ordakı bütün dükan-bazarı hökumətin inhisarına vermək yeganə çıxış yoludur. Görüm o zaman kim çaynikdən şikayətlənir. Həmin şəxsi əlaqədar orqanlar vasitəsiylə qaynadıb dəmə qoyarlar. Elə territoriyalar var ki, orda özbaşınalıq pis nəticə verir. (Bax: AXC-Müsavat dövrü). Vətən sərhəddən başlanır!
İnsanlarımızda mənəviyyat, vətənpərvərlik, dövlətə xidmət duyğuları sanki azalır. Qarın qardaşdan irəlidir prinsipiylə, mədələrini düşünərək yaşayırlar. Halbuki, vətəni sevmək imandandır. Özümüzü elə aparırıq, sanki hər gün Laçında çay içmək imkanımız var imiş. Nə tez unutdunuz o ağrı-acılı günləri, Məhəbbət Kazımovun yanıqlı mahnılarını?
İnsanlar vardı, and içirdilər ki, kaş torpaqlar azad edilsin, dizin-dizin sürünərək ora gedəcəklər. İndi isə Laçında dükandan şəkər tozunu 2 manata aldığına deyinir. Ehh... Meydan hərəkatı zamanı populyar olan “Xalqımız unutqan xalqdır” aforizmi yenidən aktuallaşır. Yəqin ki, hamını o ərazilərə buraxmaq lazım deyil. Yalnız seçilmiş insanlar, o ərazilərə layiq şəxslər, məsələn, icra başçıları, deputatlar, şairlər getməlidir. Bu cür insanlar vətənin qədrini bilir, heç vaxt şirinçayın qiymətindən şikayət etmir. Əksinə, təzə avtomobil alanda bunun sevincini xalqımızla bölüşməyə tələsirlər.
Çayı mütləq çayxanada içmək harda yazılıb? Zəhmət çək, termosda apar, özün dəmlə, iç. Düşmənləri sevindirməyək.
Eyni hal Bakı metrosuna da aiddir. Təzəlikcə söhbət çıxıb, metro idarəsi deyib ki, 1 nəfəri daşımaq bizə 68 qəpiyə başa gəlir. Camaat dərhal qorxuya düşüb, fikirləşirlər yəqin metro pulu artırılacaqdır.
Əslində, doğrudan da 40 qəpik bizim metro üçün ucuz qiymətdir. Mən metroda həmişə xoşbəxt oluram, xalqımızla qucaqlaşıram, ünsiyyət, mehribançılıq yaranır. Vaqona bəzən minməyə ehtiyac olmur, camaat özü səni qucağında aparır. Həmişə stansiyaları müsbət emosiya ilə tərk edirik. Hər stansiyada rəsm, foto sərgiləri keçirilir, musiqilər səslənir... Nizami stansiyasında hətta mozaik üslubla sənət əsərləri yaradılıb. Metromuzun gözəllikləri saydıqca bitməz. 40 qəpiyə dünyada hansı muzeyə giriş var? Yoxdur beləsi.
Bunu da bahalaşdıraq, qoy metrodan yalnız vətənpərvərlər (bax: icra hakimləri və sairə) istifadə eləsin. Ucuz ətin şorbası olmaz.
КомментарииОставить комментарий