Общественно-политическая интернет газета
Molla falçının evinə gedəndə qabağına yolda balaca qız çıxıb. Qızdan xoşu gəlib. Keçmiş əyyamlar olsa siğə eləyərdin, çıxıb gedərdi, Allah zəmanə çıxardanın, Bill Geytsin evini yıxsın.
Bu temada Mirzə Cəlilin gözəl felyetonu var, adı belədir: “Bizim şeyxin 32 arvadı var”. Deyir, şeyximiz gedir kəndləri gəzir, xalqa haqq-ədalətdən danışır. Moizənin şirin yerində şeyx belini tutur, ax-vay eləyib yerə uzanır, müridlər ərz edir ki, bəs uca şəxsiyyət qulunc olubdur. Nə etməli, şeyxin belini ovuşdurmaq lazımdır, bu isə zənən işidir, üstəlik müsəlmanın bədəninə yalnız məhrəm zənən əlini vura bilərmiş. Vəssalam, kənddən Hacı Səlmanın balaca qızı, çiçəyi burnunda Sonaxanımı gətirirlər, şeyx bunu özünə siğə edir, ardını özünüz bilirsiniz. Belə-belə şeyxin hər kənddə bir siğəli övrəti yaranır və müqəddəs şəxsiyyət olur 32 arvadlı.
Mirzə Cəlil yüz il qabaq yazdığı o tragikomik əsəri belə bitirirdi ki, zənn etməyin bu ancaq bizim tərəflərdə olan şeydir, yox, Firəngistanda-zadda da otuz iki arvadla gəzən, balaca qızlara pis gözlə baxanlar olur, lakin oralarda bu cür adamlara lotu deyirlər, məclisdə aşağıda oturdurlar, biz isə belələrinə şeyx deyirik, başda oturduruq.
Əlbəttə, təqsirsizlik prezumpsiyası deyilən şey də var, düzdür, bizdə çoxdan yaddan çıxıb gedibdir, lakin mənə maraqlı gəldi ki, nədənsə camaat bu cür temalara dərhal inanır. Yəni, “molla və yaxşı əməl” perpendikulyarına inananlarımızın sayı “molla və fırıldaq” teoreminə şübhə edənlərimizin sayından bəlkə milyon dəfə çoxdur. Niyə belə olubdur, sahənin professionalları düşünsünlər, mənə nə? Öz dərdimiz özümüzə bəsdir.
Mollanın falçıya getməsi, onunla dostluğu da başqa anekdotdur. Din aləminə inananlarımızla cin aləminə pərəstiş edənlərimiz hardasa üst-üstə düşməkdədir. Hamısı kasıbçılığın əlamətidir. “Acından belə eləyirlər” – hansısa kinomuzda deyilən kimi. Normal qazancı, iş yeri, dolanışığı olan dövlətlərdə ona görə dinə ehtiyac azalır.
Taliban düşüncəsini, İran xülyalarını artıran da kasıbçılıqdır. Bekar qalırlar, deyirlər: “Qadınlar müəllim işləməsin, çünki qadının elmi yoxdur”. Yalnız avaragor cəmiyyətlərdə insanlar cinsinə görə aşağılanır, alçaldılır. Yalnız kasıb adamlar üçün başqalarının şəxsi həyatı, cinsi istəkləri müzakirə mövzusu ola bilər. “Bekarçılıq bütün qəbahətlərin anasıdır” – bəlkə 40 il qabaq oxuduğum, təəssüf ki, müəllifini unutduğum bu müdrik fikrin doğruluğuna hər gün əmin oluram, bir gün belə bunu yadımdan çıxarmadım.
Siz o molla “əmi”nin balaca qızı əlləşdirdiyi küçənin vid-fasonuna baxdınızmı? Mən videoda azca izlədim. Yalan olmasın, orda kiminsə başını kəssən camaatın xəbəri olmaz. Yol bərbad, küçə dağınıq, plansız tikililər... Hələ balaca yaxşı qurtarıbdır.
Bu yaxında qərb bölgəmizdəki rayonlardan birində “palatka” toyunda xeyli adam zəhərlənmişdi. Əslində rayonlarda, mən eşitdiyimə görə Sumqayıtda da toylar tam olaraq çadırda keçmir, saraylarda olur, sadəcə yeni bir üsul tapılıb: ətdən suya, aşbazdan ofisianta qədər hər şeyi özün gətirirsən saraya, toy edirsən. Saray bir növ icarəyə götürülür. Başqa yolu da yoxdur, ərzaqlar çox bahadır, şadlıq sarayları da 1 yerin qiymətini 50-100 manata qaldırıb, kimsə bunu az verəndə, ya toya gəlməyəndə toy sahibinin atası yanır, şənliyi yasa dönür. Amma sarayı icarəyə götürəndə qalan ərzağı istərsən satdır, istərsən özünlə apar.
Əlqərəz, həmin toydan sonra bəyin atası intervü verdi, dedi bölgədə fırtına üzündən işıq sönmüşdü, salatları toydan iki gün qabaq hazırlamışdıq, soyuducu işləmədiyi üçün xarab olub, yəqin camaat buna görə zəhərlənib.
Günah kimdədir? Təbii ki, təbiətdə. Fırtınada.
Yazını isə aktual ata sözümüzlə bitirirəm: “Hacılar Məkkəyə getdi – qapıları açıq qoyun, gəldilər – qapıları bağlayın”.
КомментарииОставить комментарий