Общественно-политическая интернет газета
Səudiyyə Ərəbistanı son illərdə İspaniya və İtaliyanın Super Kubokunun müəyyən olunması üçün final oyununa ev sahibliyi edib. Yəni Türkiyə ilk ölkə deyil.
Hələ noyabrın 7-də “The Associated Press” agentliyi belə bir xəbər yaymışdı ki, "Qalatasaray" və "Fənərbaxça" Super Kubokla bağlı oyununun Səudiyyə Ərəbistanında yox, məhz Türkiyədə keçirilməsinə üstünlük verir. Bu il həm də Türkiyə Respublikasının yaranmasının 100 illiyidir. Belə bir yubiley nədən Səudiyyə Ərəbistanında keçirməlidir?...
Ancaq Türkiyə Futbol Federasiyası oyunun Səudiyyə Ərəbistanında keçirilməsində təkid etdi. Axırı da belə. Səudiyyə rəhbərliyi tələb edib ki, stadionda Atatürkün şəklini və onun fikirlərini əks etdirən şüarları nümayiş etdirmək olmaz. Niyə olmaz? Bu sual cavabsız qalıb...
“Al-monitor” saytı yazır ki, Atatürkün “Yurdda barış, cahanda barış” şüarına Səudiyyə rəhbərliyi etiraz edib. Bu isə Türkiyəni silkələyib. Sosial şəbəkələrdə komandaların dərhal Türkiyəyə dönməsi tələbi dominantlıq edib...
Son məlumata görə, klublar arasında görüş Samsun şəhərindəki 19 Mayıs stadionunda keçiriləcək. Xatırladım ki, Atatürk mayın 19-da doğulub. Stadionun adı da buradan gəlir...
Səudiyyə Ərəbistanı nədən Atatürkə qarşı bu qədər aqressivdir? Çünki Atatürk İslam Dünyasına yeni bir dövlət modeli təklif etdi. Vəhhabilərin at oynatdığı Səudiyyə Krallığı isə Atatürkdən yarasa işıqdan qorxan kimi qorxur...
Xatırladım ki, 1926-ci ildə Səudiyyə Krallığı elan olundu. Bu ölkəni ilk tanıyan Atatürkün rəhbərlik etdiyi Türkiyə oldu. 1932-ci ildə 27 yaşlı şahzadə Faisal bin Abdulaziz 15 gün ərzində Türkiyədə oldu. Atatürk tərəfindən yüksək səviyyədə qarşılandı.
Səudiyyə Ərəbistanının qurucusu və ilk kralı (1932-1953) Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud 1933-cü ildə Türkiyə Respublikasının yaranması ilə bağlı Atatürkə təbrik məktubu göndərib.
1938-ci ildə Atatürkün vəfatı münasibətilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal Türkiyə Xarici İşlər Nazirliyinə aşağıdakı teleqram göndərib: “Türkiyə prezidenti Kamal Atatürkün vəfatını böyük təəssüf hissi ilə öyrəndik. Bu, böyük itkidir”.
Yəni Atatürklə Səudiyyə Ərəbistanının hakim sülaləsi arasında elə bir ixtilaf olmayıb. Əksinə, Türkiyə Səud sülaləsinin iqtidara gəlişini alqışlayıb. Niyə? Türk tarixçisi Hakan Özoğlu qeyd edir ki, Hicaz kralı Şərif Hüseyn Əbdüləzizə məğlub oldu. Şərif Hüseyn 1916-cı il Osmanlı İmperiyasına qarşı üsyan etmişdi. Ona görə də Türkiyə Əbdüləzizin Hüseyni Hicazdan qovmasından məmnun qalmışdı. Bu mənada Türkiyə Səud Krallığını Haşimilərin Osmanlıya xəyanətinin əvəzi kimi tanıdı...
КомментарииОставить комментарий