Общественно-политическая интернет газета
“Çöllə kənd arasında
Ölmüşdü bir qara ilan,
Yatmışdı bir qaragün.
Kölgə kimi göydən ora
Düşmüşdü bir qara gün..."
(Vaqif Nəsib, Əskipara dərəsinin şairi, 1983-cü ildə yazdığı “Dağ havası” kitabından)
Ermənistanla Azərbaycan arasında ilk sərhəd dirəyinin basdırılması, dirəyin fotosu da içində olmaqla, xəbər lentində hamımızın diqqətini çəkdi. Çoxları bunu “tarixi hadisə” adlandırdı. Tarixidirmi? Yəqin ki. Ancaq bir dirəklə, ümumiyyətlə, dirəklə sərhəd olmur. Bu işin davamı maraqlıdır. Proses nə qədər stabil davam edəcək, düşmənçilik azalacaqmı, qıraq-bucaqdan ocağa yanar maddə axıdanlar kiriyəcəkmi və sairə. Uzun işdir. Lakin ilk dirək vurulubsa, insanlarda ilk ümid qığılcımları da yaranır. Elə bütün mütərəqqi dünyanın bu sərhəd razılaşmasını alqışlaması müsbət haldır və prosesi davam etdirməyə həvəsləndirir.
Mən də dirəyi görüb sevinənlərdən biri idim və az sonra soyuq ağılla sevincimi düşünəndə özümə tragikomik gəldi. Axı mən qəlbən kosmopolit, qlobalizmçi, Yer adamı birisiyəm, sərhədləri, sınırları pis və mənasız sayıram. Vətən anlayışı uzağı doğulduğun kiçik ərazi (kənd, şəhər) və səninlə eyni dildə danışan şəxslərlə bağlı ola bilər. Bir də siyasi, dövlət anlamında. Başqa halda vətən nədir? Necə demək olar ki, Gürcüstan bizim vətənimiz deyil? Yaxud Rusiyadakı Saxa vilayəti. Bu yaxında internetdə bir saxaya (rus-sovet istilası onlara saxta “yakut” adı yapışdırıb) rast oldum, adam dedi ki, bizdə şamanlar iki cür olur, qara şaman və ağ şaman. Ağ şamana saxalar “alxısçı” deyirmiş. Bizim işlətdiyimiz “alqış”, “alqışçı” sözüdür.
Oymyakonla Biləcəri mənim üçün eyni dərəcədə vətəndir. O cümlədən Almaniya, Braziliya, Afrika, Avstraliya... Lap yuxarıya getsək, hamımız Günəş sisteminin uşaqlarıyıq. Günəş üçün hamı birdirsə, hamını isidirsə, niyə biz bir-birimizə soyuq olmalıyıq?
Bəs necə oldu birdən Əskipara dərəsindəki sərhəd dirəyinə sevindim? Gör aramızda axan qanlar bizi hansı vəziyyətə gətirib... Biz ermənilərlə dinc yanaşı yaşamaq üçün ilk növbədə dinc ayrılmağa məcburuq. “Bütün Qafqaz bizimkidir” deməzdən öncə, “səninki səndə, mənimki məndə” deməyimiz lazım gəlib. Gün gəlsin, bizim də sərhədlərimiz Avropadakı kimi olsun: çayxanada oturub çay içəndə bir masa Ermənistana, başqa masa Azərbaycana düşsün. Dövlətlərin arasında sərhəd xətti yox, uzağı durna qatarları keçsin. (Sentimental oldu, bağışlayın).
Hələliksə o türk serialının adına uyğun, “ayrılsaq da bərabəriz” deməyə əsas yaradan elementlər çoxalmalıdır. Əlbəttə, Ermənistan indiki üzüyumşaq halına, “pişim-pişim” vəziyyətinə asanlıqla gətirilməyib (pis çıxmasın, biz dədə-babalarımızdan qalma “erməni qan gördü”, “erməni deyər müsəlmanın sonrakı ağlı məndə olsun” məsəllərinin həqiqi mənasını da indi başa düşməkdəyik). İgidi öldür, haqqını yemə - Azərbaycan hakimiyyəti bu yolda xeyli əziyyət çəkib. Ancaq sülh, barışıq işləri davamlı, qalıcı olsun deyə biz güclü, əzici mövqeyimizi bir az bəlkə yumşaltmalı, səbirli olmalıyıq. Ermənistan orada-burada özünə havadar axtarır, ona havadarlığı niyə elə biz özümüz eləməyək? Ən azı iqtisadi baxımdan havamız var axı. Bir-iki qaz borusunu da oradan uzadaq. Bazburutumuz azalmayacaq ki.
Zəngəzur dəhlizini qan-qadasız açmaq üçün biz ermənilərə “yol, dəhliz boyunca bir qaz kəməri də çəkə bilərik” mesajını versək, nə olar? O cümlədən Naxçıvana dəhlizlə eyni gündə Türkiyənin Ermənistana qapını, sərhədi hərtərəfli açacağı mesajı verilsə, ümumi proses sürətlənməzmi?
Hətta mən arzu edirəm tikinti oliqarxlarımız İrəvanda göydələn tikməyə başlasın. Niyə də yox? Lap istəsələr orda da bir mənzili yeddi adama satarlar. Nəyi pisdir?
КомментарииОставить комментарий