Общественно-политическая интернет газета
Bəzən mən öz-özümə xəcalət çəkirəm. Məsələn, təzəlikcə hüquq-mühafizə orqanları Tik-tok Ləmanı həbs eləmişdi. Sonra onu azadlığa buraxdılar. Mən çox utandım. Əlbəttə, ölkəmizdə söz və fikir azadlığının məhdudlaşması səbəbindən yox. Hamı bilir ki, bizdə söz azadlığı var. Əks halda, hər ay neçə jurnalisti hardan tapıb tuturuq? Utanmaq səbəbim Tik-tok Ləmanı tanımadığım olmuşdur. Az qaldım utanmıqdan ölüm.
Belə bilgilər var, çox adam onlarsız yaşayır, ancaq mən yaşamaqda çətinlik çəkirəm. Arıların 100 qram bal istehsal etmək üçün 46 min kilometr uçduğunu oxuyandan boğazımdan bal keçmir. Gör heyvana nə qədər əziyyət veririk. Yaxud siz Leonardo da Vinçinin anasının şəkili olduğunu bilirdinizmi? Tərtəmiz Şəkinin Dəhnə kəndindən imiş, Bəxtiyar Vahabzadə və Rəhim Qazıyevlə uzaq qahımdır. O vaxt arvadı xaçpərəstlər əsir götürüblər, kölə qismində venesiyalı tacirlərə satıblar. Rəhmətlik cijimiz bir müddət Konstantinipolda - indiki İstanbul tərəflərdə Şəki paxlavası bişirib satıbdır. Lap axırda da Leonardonu dünyaya gətiribdir. Cokonda təbəssümünün sirri nəhayət açıldı - o gülüş Şəki lətifəsinə işarədir. Vinçi rəsmini çəkdiyi Mona xalaya Hacı dayının anekdotlarından danışırmış.
Yaxud kimin ovcunun içində “M” hərfi varsa, onun məhəbbət işlərində daim uğurla üzləşəcəyi şübhəsizdir. Uran planeti isə Günəş sistemində ən soyuq planetdir. Orda qışda yaşamaq çox çətindir. Allahınıza şükür eləyin, Uranda qazın limiti daha azdır.
Bilmədiyimiz şeylər çoxdur. Sokrat demişkən, çox bilsən başın ağrıyar. Platon isə belə məsləhət görür: “Ayağını isti saxla, başını sərin. Yeməyinə fikir ver, düşünmə dərin”. Mən bunu da təzəlikcə öyrəndim ki, sən demə universitetlərimizdə qəribə adət yaranıbdır. Tələbələr auditoriyanın bir qırağında toplaşırlar, yalandan guya süpürləşirlər. Bu vaxt müəllim içəri girir, onları ayırmağa qaçır, tələbələr aralaşır və... müəllimə gül verirlər. Vah-vah. Həqiqətən çox sürpriz təhsil konseptidir. Biz tələbə olanda müəllim özü bizi döyürdü. Ona görə neçə tələbə oxumağın başını buraxdı, taksi sürməyə getdi. Taksi demişkən, dövlətimiz sahəyə nəzarəti gücləndirəndən qiymətlər ikiqat artıbmış. Həmişəki kimi.
Bayaq auditoriya yazdım, yadıma auditorlarımız düşdü. Bugünlərdə Auditorlar Palatasının 3 nəfər əməkdaşına cinayət işi açılıbdır, onlardan biri şöbə müdiridir. Cəsur auditorlarımız 1 milyon manatdan çox yeyintidə suçlanırlar. İşin tragikomik tərəfi odur ki, auditorların vəzifəsi dövlət və qeyri-dövlət obyektlərində maliyyə-mühasibat yoxlamaları aparmaq, qüsurları, nöqsanları, həmçinin yeyintiləri aşkara çıxarmaqdır. Bizim auditorlar isə özləri əkişdirməklə məşğul olmuşdur. Necə deyərlər, camaat dəli olanda mollaya gedir, molla dəli olanda hara getsin?
Təbii ki, bunlar bizim sonuncu 3 korrupsionerimizdir, başqa yeyinti hələlik aşkara çıxmamışdır. Tərəfimizdən. İnşallah, çıxmaz da. Nə də olsa ölkəmizdə rüşvətxorluğa, korrupsiyaya pis münasibət bəslənilir. Əgər kimsə xalq malını oğurlayıb özünə villa tiksə, xalq ona salam vermir. Oğurluqla maşın alanın təkərini heç dilənçi uşaqlar da qaraltmır. Ana tanıyıram, oğlu rüşvət hesabına ona şuba almışdı, həmin şubanı küçədə yandırdı. Oğul tanıyıram, atası əliəyri olduğu üçün atasını öldürüb. (Bu abzası Pinokkio əhvalatını yoxlamaq üçün yazdım. Yalan imiş. Heç nə uzanmadı).
İndi söz əlaqədar təşkilatlarındır.
КомментарииОставить комментарий