Свобода людям, независимость нациям!

Səddam, Raciv, Əfqan və başqaları

 

“Keçəli Zülfəli çağırarlar”

(Azərbaycan ata sözü)

Ölkəmizdə uşaqlara qoyulan adlar mövzusunda yazıma müəyyən rəylər gəlmişdir. Öncə hörmətli yazıçımız, dil, vətən, türkçülük kimi mənə doğma mövzularda həmişə rəyinə böyük hörmətlə yanaşdığım Sabir Rüstəmxanlıya telefon zənginə, bölüşdüyü fikirlərə görə təşəkkür edirəm.

İkincisi, yenə dostum-qardaşım, görkəmli alim Yalçın İslamzadənin məktubu məni bir daha bu mövzuya qayıtmağa vadar etdi. Yalçın bəy yazır: “Mənə maraqlıdır ki, bizdə niyə bu qədər Əfqan adı var? ”Əfqan" romantizmi hardan qaynaqlanır? Misir, Tehran, Ruslan, Raciv - çox sayda belə xarici toponimlər və ya şəxslərlə əlaqəli adlar var. Ən maraqlısı da, Səddam adıdır. Düşündüyümdən çox imiş. İnsan Səddama niyə simpatiya duyub övladına Səddam adı qoysun ki?"

Bu barədə sosioloji araşdırma aparmağa ehtiyac var. Ancaq ehtimal edirəm Əfqan adı 1980-ci illərdə SSRİ-nin Əfqanıstana hücumundan sonra populyarlaşıb. Azərbaycanda yaşayan tərəkəmə tayfalarının orta əsrlərdə Əfqanıstan dağları tərəflərə vaxtaşırı köç etməsinin də təsiri ola bilər. Örnək üçün, Qarabağ bölgəsində Sulduz kişi adı geniş yayılıb və bu, məhz Güney Azərbaycandakı Sulduz bölgəsinin adını yaşatmaq istəyidir.

O cümlədən, Səddam adı 1991-ci ildə ABŞ və koalisiyanın Küveyti azad etmək üçün İraqa qarşı “Səhrada tufan” əməliyyatı zamanı Azərbaycanda geniş yayılmağa başladı. Əlimizdə dəqiq statistika olmasa da, az qala hər birimizin tanıdığı, 30 yaşın üstündə bir Səddam vardır. Lakin Səddam Hüseynin 2003-cü ildə iflasından sonra bu ad o qədər populyar deyil. Ədliyyə Nazirliyinin (ƏN) bilgilərinə görə son 5 ildə Azərbaycanda cəmi 9 uşağa Səddam adı qoyulub. 

Maraqlıdır, görəsən hazırda uşağına Hamas adı qoymaq istəyənlər vardırmı? İsrail qoyanlar var. 5 ildə 32 uşağa dost ölkənin adını qoymuşuq. Fürsət ikən köhnə dostum, dəyərli jurnalistimiz İsrail Musayevə salam yollayıram. Belə adın-soyadın ola, səni Qəzza bölgəsinə ezamiyyətə göndərələr...

Ancaq Səddam adının ərəbcə “müqavimət göstərən”, “qarşı duran” anlamı verdiyini nəzərə alsaq, bu adı uşaqlara qoyanların azadlıq duyğusuyla çırpındığını da güman etmək olar. Vallah.

Yalçın bəyi düşündürən başqa adlar da əslində azalmağa doğru gedir. Yenə ƏN-in son 5 il statistikasına görə uca xalqımız Əfqan adını 106, Misir adını 18 dəfə uşaqlara qoymuşdur. İnsafən, Misir-in  Misirxan forması da 9 dəfə istifadə edilib. Tehran 45 (lap kino adını xatırlatdı - Z.H.), Ruslan 573 dəfə qoyulub. Raciv adının istifadəsi 0. Sıfır - sözlə yazsam. Artıq Azərbaycan xalqı Hindistanın sui-qəsd qurbanı olan lideri Raciv Qandini və ümumən hind filmlərini unudur. İndi başqa kinolar dəbdədir - bu haqda az sonra.

Müqayisə üçün, son 5 ildə ən çox qoyulan adların dördlüyünü yazıram: Zəhra - 9200, Əli - 9036, Yusif - 8913, Uğur - 8819. Dini adların üstünlük qazanması bizə nə vəd edir, məncə özünüz nəticə çıxarın. Dördlüyə birtəhər, əsasən son iki ildə girən Uğurlara gələcək həyatlarında uğur diləyirəm. (Uğur adı 2022-ci ildə hətta birinci yerə çıxmışdı). Çətin olacaq, ancaq bacaracaqlar. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar.

Yusif adı məncə bir vaxtların çox sevilən teleserialına görə yayılmışdı. Uğur da Qarabağın alınmasına görədir. Lakin maraqlıdır ki, xalq siyasi, dövlət rəhbərliyindəki şəxslərin adlarını uşaqlarına qoymaqda çox maraqlı deyil. Düşünürəm bu, marker kimi hökumətin diqqətini cəlb etməlidir.

Sonda dostum Yalçın bəyə kefini pozacaq (bəlkə də sevindirəcək) xəbər verim: son 5 ildə onun adını 1 nəfər də uşağına qoymayıb. Bir növ, Yalçınlar elimizin ad evolyusiyasından salamat çıxmır. Mənim özümə gəlsək, hələ tam qırılıb qurtarmamışıq: Zamin adını 68 uşağa qoymuşlar.

Təvazökarlıq çıxmasın, güman edirəm onların 60-ı mənə görədir. Aşağı yeri yoxdur.

 

Нет комментариев

Новости автора