Общественно-политическая интернет газета
Binəqədi rayonunda əziz bayram günlərində tragikomik yol qəzası olmuşdur: bir avtomobil yoldan çıxaraq Mərkəzi Seçki Komissiyasının binasına dəymişdir. Sükana nəzarət itirilib, 4 nəfər ağır yaralanıb, reanimasiyaya götürülüblər və sairə - bunlar hadisənin tragik tərəfləridir. Komik tərəfi isə bir az “Yol əhvalatı” kinosunu xatırlatmağıdır. Orda yük maşını divarı yarıb evə girəndə ev yiyəsi sevinirdi ki, bəlkə bundan sonra JEK onun evini təmir edəcəkdir.
Ancaq bizim seçki məcəlləsinin təmirə ehtiyacı yoxdur. Sükan da tam nəzarət altındadır. Hətta nəzarət o qədər çoxdur ki, yarış başlamadan da hamı qalibin kimliyini bilir. İstəsəniz MSK binasına avtomobillə taran hücumunu xaricdən maliyyələşən qara qüvvələrin çirkin niyyətiylə izah etmək olar. Onsuz Məzahir müəllimə sui-qəsd etmək istəyənlər tarixən çox olmuşdur, lakin o, bir kreyser kimi dalğaları yararaq uca xalqımızı buzlar, od-alov, qayalar arasından xoşbəxt gələcəyə daşıyır. Buna görə xalqımız ona dərindən minnətdardır.
Lakin qalibin öncədən yüz faiz bəlli olması yarışın önəmini azaltmır və xeyli namizədlər irəli sürülmüşdür. Vaxtilə partiyasını qeydə saldırmaq üçün 5 min imzanı güc-bəla toplayan sədrlər belə 40 min imza yığıb namizəd olurlar. Ən son məlumatımda 17 namizəd vardı, güman edirəm seçki gününəcən namizədlərin sayı seçicilərin sayından çox olmaz. Amma olsa da ziyanı nədir? Təki vətən sağ olsun.
Sözgəlişi, bir seçki xatirəsini burda yazım, qəfil yadıma düşüb. Hardasa 15-20 il qabaq deputat seçkisində bir məntəqədə müşahidəçiydim, səslər sayılanda məlum oldu ki, namizədlərin biri həmin məntəqədə 0 (sıfır) səs toplayıb. Ancaq işin gülməli tərəfi bu idi: namizəd özü orada qeydiyyatda olduğundan ailə üzvləriylə birgə həmin məntəqəyə səsverməyə gəlmişdi və məntiqlə qutudan ən azı onun ailə üzvlərinin sayı qədər (4-5 nəfər idilər) səsi çıxmalıydı. Çıxmamışdı. Əsl möcüzəydi. Buna xeyli gülmüşdük – namizəd özü də bizə qoşulmuşdu. Axırda hamı şad-xürrəm evinə dağılışdı. Qan qaraltmaq nəyə lazım? Vətənpərvər olmalıyıq. Şair demişkən, burax gedim ay işığı, Anar müəllim məni gözləyir.
Qayıdaq namizədlərin aktivliyi mövzusuna. Burada hökumətin tənqidi bəzi müxalifətçilərə yönəlmişdir, deyirlər yaxşı oğlan olsaydınız siz də namizədliyinizi irəli sürərdiniz. Hətta bəzi kəskin mövqeli müşahidəçilər təklif edir ki, biz müxalifətin bütün sədr və başqanlarını zor gücüylə, administrativ üzullarla namizədliyə vadar etməliyik. Məncə bu metodu sınaqdan çıxarmağa dəyər. Yoxsa 30-40 ildir partiya sədri olan müxalifətçilər var, heç vaxt seçkilərdə namizədliyini vermir. Həmişə qıraqda-bucaqda kimisə tapıb qabağa verirlər, onun arxasında gizlənirlər. Məqsəd nədir? Bu müxalifətçi parazitizminə son qoyulmalıdır. Lazım gəlsə qanun şəklində. Məsələn, artıq media sahəsində belə qanun var. Gündə filan qədər təzə xəbər yazmayan saytı tutub bağlayırlar. Nəticədə mediamız inkişaf edir – hər gün balaca qızların ərə verilməsi haqda maraqlı xəbərlər oxuyuruq. Qoy sədri 10-15 il namizəd olmayan partiyalar da bağlansın, xalqın canı dincəlsin.
Seçki proqnozlarıma gəlsək, məncə bu il yarış əsasən Razi Nurullayevlə Zahid Oruc arasında gedə bilər. İnanmırsınız? Azərbaycan xalqı hər şeyə qadirdir. Ən gözlənilməz sonuclar əldə edə bilərik. Örnək göstərim. 1992-ci ildə, AXC-nin populyarlığı zirvədə olan günlərdə Nizami Süleymanov adlı lotu az qalmışdı AXC sədri Əbülfəz müəllimi udsun. (Hətta zaman keçdikcə mən cəbhəçilərin o seçkinin nəticəsini saxtalaşdırdığı şaiyələrinə daha çox inanmağa başlayıram). Nizami müəllimin əsas tezisləri, vədi isə bu idi ki, biyan kökü satıb hamınıza ev tikəcəyəm.
Məncə iqtidar çox arxayınlaşmasın. Dünənki hadisə də bunu bir daha sübut edir.
КомментарииОставить комментарий