Общественно-политическая интернет газета
“Yadda saxlayın, bizim əllərimiz uzundur, lakin onu hər kəsə uzatmırıq”
(“12 stul”, İlf və Petrov)
Dünənki yazımda hörmətli yazıçımız Əkrəm Əylislinin sənədlərinin əlindən alınmasına toxunmuşdum, bir əlavəm yaddan çıxıb. Köhnə oxucuların yadında olar, bir zamanlar Əkrəm müəllim “Xaos diktaturası” adlı böyük məqalə yazmışdı, orada AXC-Müsavat cütlüyünün hakimiyyət erasını kəskin tənqid etmişdi. Tənqidə, əlbəttə, sözüm yoxdur, ancaq indi niyə narazılıq edir? Axı hazırda sabitlik şəraitində yaşayır!
Niyə bu qənaətə gəlmişəm? Prokurorluğa məktubundan görürük, 8 ildir şəxsiyyət vəsiqəsini əlindən alıblar. Nə açılan uydurma cinayət işində irəliləyiş var, nə sənədlərin qaytarılmasında. Yəni, 8 ildir Əkrəm müəllim sabit şəkildə incidilir. Bu, müsbət haldır. Yoxsa bəzi ölkələrdə gah adamı incidirlər, gah medal verirlər. Gah dükanını bağlayırlar, gah təzə dükan açırlar. Birdən efirdə söyürlər, birdən gətirib xiyabanda basdırırlar. Bilmirsən hansı münasibəti göstərəsən.
O cür ölkələrdən biri ilə hazırda dava vəziyyətindəyik. İki gün qabaq Fransa xarici işlər nazirinin “Azərbaycan bizim daxili işlərimizə qarışır” açıqlamasını görəndə az qaldım gülməkdən ölüm. Niyə? Çünki eynilə bizdə populyar olan “xaricdən maliyyələşən qara qüvvələr” ritorikasıydı. Fransa deyir ki, onun Sakit okean koloniyası olan Yeni Kaledoniyada qarışıqlığı, xaosu Azərbaycan maliyyələşdirir. Yəqin indi kaledoniyalı yazıçı “Əkrəm müəllim” də yerli qəzetlərə xaos haqda məqalə guppuldadır.
Düzdür, bizim XİN fransızların bəyanatını təkzib elədi, ancaq hardan baxsan qürur duyulası vəziyyətdir. Əgər biz neçə min kilometr aralıda, Sakit okeandakı adada vəziyyətə, türkün sözü, “barmaq eləyə” biliriksə, bu, dövlətimizin gücündən, qüdrətindən xəbər verir. Həmişə başqaları aləmi qatmayacaqdı ki. İndi növbə bizimdir. Bu yaxında “Süni adalar haqda qanun” müzakirə ediləndə çoxları bunun mənasını başa düşməmişdi. Sanmışdılar Xəzərdən-zaddan söhbət gedir. Eh. Biz indi Sakit okeanda ada qururuq.
Yeni Kaledoniyanın bayrağındakı rənglər eynilə bizim bayrağı xatırladır: mavi, qırmızı və yaşıl zolaqlıdır. Bu da oranı bizə doğmalaşdırır. Sözgəlişi, bu yaxında diplomatik viza sərbəstliyi imzaladığımız Afrika ölkəsi Qambiyanın da bayrağı eynilə bu üç rəngdədir. Kaledoniyanın yerli əhalisi kanak tayfalarıdır. Ehtimal etmək olar ki, kanaklar tükr əsillidir, qədim zamanlarda bu bölgəyə qonaq getmişlər. Qonaq, kanak - sözün etimolojisini çözdüm. Türkiyədə Kanak adlı çay var. Bizdə də Qanıq çayı var.
O cümlədən, kanaklar qəbilə-tayfa quruluşunda yaşayır, bu da onları bizə doğmalaşdırır. Qəbilənin birinin adı isə hətta bay qəbiləsidir. Bay, bəy sözündən əmələ gəlmişdir.
Ancaq güman edirəm kanakların müstəmləkə zülmündən qurtulmasına dəstəyimiz kəsilməyəcək. Hazırda orda vəziyyət gərgindir, etiraz aksiyaları yatırılarkən 4 nəfər öldürülüb. Bizdə piketdə kiminsə burnu qanasa indi aləm qarışmışdı. Yeri gəlmişkən, bizdə ümumiyyətlə piket və mitinqlərə icazə yoxdur. Niyə kimsə ölsün? Yaşamaq lazımdır. O ara qızışdıran şairlərin “yaşamaq yanmaqdır, yanasan gərək” misralarına da çox aludə olmayaq. Həmişə camaatı yandırıb, özləri qıraqdan əllərini isidiblər.
Ümumilikdə, ölkəmizdə vəziyyət burda yazmaq mümkün olmayan “hər şey əvvəlki kimidir, sadəcə yazı-pozu çoxalıb” lətifəsini xatırladır. (Bilənlər bilməyənlərə danışsın). Məsələn, Ziya Məmmədov nəqliyyat naziri olanda taksi sürücülərinin günü göy əskiyə bürünmüşdü, bir dəstə qoluzorlu nəqliyyat müfəttişi vardı, taksiçiləri harda tutsalar döyürdülər. Bəzən şillə-təpik, bəzən lomla. İndi yenə taksiçiləri sıxışdırırlar, ancaq sənədləşdirilmiş formada. Cərimələyirlər. Taksi işlətmək üçün, deyir, gərək ayaq dırnağında göbələk olmadığı haqda arayış gətirəsən. Yalan olmasın.
Bir də o fərq yaranıb ki, qabaqlar biz Fransanı xarici qara qüvvə adlandırırdıq, indi onlar bizi elə adlandırır.
Allah Hatəmxan ağaya, o cümlədən Mirzə Fətəliyə rəhmət eləsin.
КомментарииОставить комментарий