Свобода людям, независимость нациям!

Şairə xanımın Araikə konkret tövsiyəsi

 

Politoloq dediyin belə olar. Rauf Mirqədirov noutbukunu açıb Araik Arutyunyanın prezident seçkisində seçici kimi iştirak etmək istəməsinin alt və üst qatlarını, eləcə də pərdəqabağı və pərdəarxası nüanslarını təhlil edənə qədər şairə Nazilə Səfərli möhürü vurdu: “Araik Arutyunyan, öl öldüyün yerdə”.

Açığı, indiyə qədər bu konkretlikdə, lakoniklikdə, satiriklikdə və çeviklikdə analiz, durum dəyərləndirməsi görməmişdim. Araikin niyyəti barədə ilk informasiyanı oxuyanda, düzü, özüm də düşünmüşdüm, nəsə yazım. Amma xanım şairənin “öl öldüyün yerdə” hökmündən sonra nə yazasan?

İndi yüz faiz MSK-nın rəhbərliyi də mat qalıb ki, seçkilərdə seçici kimi iştirak etmək, səs vermək, bununla da Azərbaycan vətəndaşlığını qəbul etdiyini isbat etmək istəyən Arutyunyana nə cavab versin. N.Səfərlinin sözünün üstündən söz demək düzgün olmaz. Necə desinlər ki, bəli, Arutyunyana şərait yaradacaq, təcridxanaya səyyari seçki qutusu aparacağıq ki, o, səs versin.

Yeri gəlmişkən, hələ bilmək olmaz ki, Araik kimə səs verəcək. Bir də gördün, getdi favorit namizədə yox, onun ən ciddi rəqibinə səs verdi, səsləri böldü. Ola bilməzmi? Sərçənin yanğın yerinə dimdiyində bir damcı su aparması haqda rəvayəti bilirsiniz, ətraflı yazmıram. Araik də elə edə bilər. Bəlkə də mahnı sözləri yazmaqla tanınmış şairəmiz onun bu mənhus niyyətini bildiyi üçün ona öz yerində ölməsini tövsiyə edir.

Hərçənd ölkəmizin Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi kimi beynəlxalq təşkilatlarla münasibətinin pisləşdiyi bir vaxtda Araik Arutyunyanın hazırda olduğu yerdə ölməsi bizə sərf etmir. Hətta o, şairəmizin sözünə qulaq asaraq videokameralar qarşısında çıxış edə-edə özünü öldürsə, yenə bizə minus olar. Altından çıxa bilmərik. Beynəlxalq təşkilatlar deyərlər ki, onu qəsdən, işgəncə ilə öldürmüsüz. Sonra di gəl o təşkilatlara cavab ver. Avropa İnsan Haqları Məhkəməsində ölkəmizi təmsil edən Hakim Lətif Hüseynov avropalılara sübut edə bilməz ki, bu durum şairə N.Səfərlinin sözgəlişi dilə gətirdiyi idiomatik ifadədən sonra yaranıb.

Oxumuş adamlar deyir ki, ola bilər ki, şairə Araikin sözlərini yanlış anlayıb, elə bilib ki, o, prezident seçkisində namizəd kimi iştirak etmək, alternativ namizəd olmaq istəyir, ona görə hiddətlənib. Yoxsa niyə əsəbiləşsin ki? Bir seçici artıq, biri əskik, heç nə olası deyil.

Amma yox, şairə açıq mətnlə deyir ki, özümüz özümüzə bəsik, dünyada 80 milyonuq, onun səsinə ehtiyacımız yoxdur. Bu, əlbəttə, parlaq patriotluq göstəricisidir, şairə istəmir ki, yeni prezidentimizin seçilməsində hər hansı bir erməninin sıfır tam beş milyonda bir faiz qatqısı olsun.

Daha bir patriotluq göstəricisi də xanımın xalqımızın toplam sayını 3-4 il əvvəlki 50 milyondan 80 milyona qaldırmasıdır. Bax, buna ehtiyac yoxdur. Qoy oturaq oturduğumuz yerdə. Nə qədəriksə o qədərik. Sayımızı birdən-birə 30 milyon artırmağa nə ehtiyac var? O Hindistandır, gecə-gündüz çalışıb saylarını artırırlar, elə bil, özlərinə söz veriblər ki, 2 milyardı düzəldəndən sonra rahatlaşacaqlar. Çinin özü son iki ildə 2-3 milyon azalıb, amma biz 30 milyon artmışıq?

Rəqəmlərlə düzgün işləmək lazımdır. O vaxt, SSRİ-in axır illərində şişirtmə rəqəmlərə görə türmələr təsərrüfat rəhbərləri ilə ləbə-ləb dolmuşdu.

Xüləs, mətləbdən yayınmayaq, söhbət yeni nəsil politoloqlarımızın yaranmış situasiyaya çevik reaksiya verməsindən gedirdi. İndi gözləyirəm ki, şairənin əlindən estafeti digər sənət adamlarımız da alacaq və növbə ilə deyəcəklər: “Araik qələt eləyir”; “Erməni oğlu erməni! Keks yeyir, başını da təcridxananın divarına vurur”; “Ona desinlər ki, ə, get tullan” və sair və ilaxır.

Məsələyə bu cür konkret yanaşmaq lazımdır. Yoxsa uzun-uzadı şərh verməyə ehtiyac yoxdur. Analitik düşüncə başqa şeydir. Mənə görə yeni bir analitik mərkəz yaradaraq, qısa və konkret analiz verənləri ora toplamaq lazımdır.

Нет комментариев

Новости автора