Свобода людям, независимость нациям!

Rusiyanın Rəisi…

Rüstəm Minnixanov  Putin üçün sadəcə, mühüm regionun rəhbəri deyil,  həm də müsəlman dünyasına açılan fərqli körpüdür... 

Rusiyanın milli respublikaları arasında Tatarıstanın xüsusi çəkisi var. Kremlin də Tatarıstana və onun  rəhbərlərinə həmişə fərqli münasibəti olub. Mötəbər və diqqətli…

SSRİ-nin dağılması ilə burada da qarşıdurmalar yaratmaq meylləri, ikinci Çeçenistan etmək cəhdləri vardı. Tatarıstanın  təcrübəli və avtoritet lideri Mintimer Şaymiyev olmasaydı, yəqin ki, bunu edəcəkdilər. 1991-ci ildə Boris Yeltsin Kazanda səfərdə olarkən tatarlara təxminən belə deyibmiş: "Götürə bildiyiniz qədər suverenlik ala bilərsiz". O vaxta qədər, Rusiyanın milli və regional bölgələrində müstəqil idarəçilik  strukturları yox idi. Lakin tezliklə onlar meydana çıxdı: öz qanunverici orqanları,  xarici dövlətlərlə müstəqil münasibətlər qurmaq hüququ və hətta öz prezidenti oldu...

32 il əvvəl, Rusiya Federasiyasının tərkibində qalan Tatarıstan ən geniş iqtisadi və siyasi muxtariyyət aldı – o vaxtkı prezident Şaymiyev özəlləşdirməni də yerli elitaların maraqlarına uyğun olaraq apardı,  eləcə də regional resursları idarə etmək üçün  daha çox müstəqil qərarlar vermək imkanı əldə etdi.

Tatarıstan Rusiya daxilində bu müstəqil hüququndan yararlanan respublikalar sırasında ön sıradadır.  Tatarıstanın neft də daxil, hətta öz Kremli də var. Əgər Rusiya nə vaxtsa milli respublikalara parçalanarsa(bunun yaxşı perspektiv olmadığını qeyd edim), Tatarıstanın o müstəqillik üçün hazır olmaq strategiyasıdır bu. Çığır-bağır salmadan, dinc və mümkün olanı tatarlar üçün əldə etmək strategiyası. Ağıllı adamlardır, demək...  

2010-cu ilin avqustunda Dövlət Duması və Federasiya Şurası milli və regional subyekt rəhbərlərinin prezident adlandırılmasına yasaq qoydu. Tatarıstan üçün isə bu müddət hamıdan daha çox uzadıldı. Rusiyanın siyasi isteblişmentindən müəyyən millətçi qruplar hətta Putini inandırmağa çalışırdılar ki, guya Tatarıstanın  prezident statusundan imtina etməməsinin səbəbləri var, bu hətta təhlükəli president də ola bilər.  Putin isə bunları ciddiyə almadı.  2020-ci ildə növbəti 5 il müddətinə respublikaya rəhbər seçilən Minnixanovun prezident vəzifəsinə yeni ad - "Tatarıstan Respublikasının başçısı - Rəis" təklif edildi.  Rusiya üçün xarakterik olmayan bu idarəetmə adına isə Kremldən hansısa siyasi rəng vermədilər. Rəis istəyirlər, Rəis olsun...   

 

Rüstəm Minnixanovun  hakimiyyətdəki çəkisi və mövqeyi deyilənlərə görə, göründüyündən daha fərqlidir.  Prezident Putinin ona da Ramzan kimi adı ilə, Rüstəm deyə müraciət etdiyi bilinən faktdır. Amma bu iki milli respublikanın lideri(Kadırov və Minnixanov) arasında ciddi fərqlər var.  Rüstəm Minnixanov  ilyarımdır davam edən Ukrayna müharibəsind sanki kölgədədir. Bu təsadüfi deyil.  Zənnim altadmırsa, Qərbin sanksiyalar siyahında da onun adı kənarda saxlanıb. Güman ki, sanksiyalar da Minnixanova o səbəbdən şamil edilmir ki, o, Kremlin diplomatik kommunikasiya kanalı rolunu oynayır. Demək, Putin üçün o, sadəcə, mühüm regionun Rəisi deyil, həm də müsəlman dünyasına açılan fərqli körpüdür.  

Məlumdur ki, Minnixanov "Rusiya-İslam Dünyası" Strateji qrupuna rəhbərlik edir. Ondan əvvəl bu qrupda Primakov və Şaymiyev həmsədr olmuşdular. Bu, qrup Rusiyanın xarici siyasətində mühüm bir xətdir, sanksiyalar dövründə isə hətta xarici siyasət idarəsinin başçısı Lavrova göstəriş verə biləcək qədər səlahiyyətə malikdir. Hazırda “Rusiya-İslam Dünyası” idarəetmə şurasına 27 müsəlman ölkəsindən 33 ictimai xadim - keçmiş baş nazirlər, xarici işlər nazirləri və elm adamları daxildir.  

  

İyunun 17-də Minnixanov “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak etmək üçün Cəbrayıla gəlməsi, oradan Zəngilana getməsi və işğaldan azad torpaqlarına yenicə qayıtmış adamların sevincini bölüşməsi ən əvvəl iki qardaş xalq arasında münasibətlərin göstəricisidir.  Rusiyanın işğaldan azad bölgədə ilk ciddi investiyası da  Tatarıstanın adına rəsmiləşdi. Prezident Əliyevlə görüşündə qarşılıqlı qardaşlıq mesajları verildi. Rəis isə “biz dil baxımından  tarixən çox yaxınıq. Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürdüm”dedi. Tatarıstanın Azərbaycanda  görə biləcəyi işlər əlbəttə ki, respublikanın potensialını nəzərə aldıqda  daha çoxdur. Bundan isə  qazanan təkcə Kazan və Bakı deyil, son nəticədə  türk dünyası olacaq...

Нет комментариев

Новости автора