Общественно-политическая интернет газета
Qürurverici günlərimiz davam edir. Azərbaycan və Rusiya liderlərinin Bişkek görüşündən kadrları izlərkən ilk düşündüyüm bu oldu. Bişkeki unutmamışıq: 1994-cü ilin 12 mayında Rusiyanın moderatoluğu ilə Azərbaycan və Ermənistan təmsilçiləri atəşkəslə bağlı protokol imzaladı, amma atəş heç vaxt dayanmadı…O illərdə nə qədər günahsız insanımızın qanı axdı, körpələr evlərinin qarşısında qətlə yetirildi, qadınlar, qocalar düşmən mərmisinə tuş gəldilər. Adı “atəşkəs” idi...Hər gün xəbərlər belə başlayırdı: “Təmas xəttində atəşkəs rejimi yenidən pozulub”.
Və…Üstündən 29 il yarım keçəndən sonra, 2023-cü ilin 12 oktyabrında Azərbaycan və Rusiya prezidentləri Bişkekdə görüşdülər. Bu dəfə Ermənistanın baş naziri Roma Statutunu ratifikasiyasına “yaşıl işıq” yandırmaqla faktiki olaraq barəsində həbs qərarı çıxardığı Putindən utandığındanmı, ya İlham Əliyevdən qorxduğundanmı Bişkekə getmədi, dəqiq deyil…İstənilən halda görüşdən yayındı. Bəlkə də Qərbdəki havadarları “ora getsən, bizim gözümüzə görünmə”, mesajı verdilər. Axı, son aylar “böyük bacısı” başda olmaqla Qərbdən gəlir sifarişdən tutmuş, pul-parayadək...Qərbin auksionuna çıxarıb ölkəsini Nikol Paşinyan, belə yerdə başı müharibəyə qarışan Rusiyaya niyə yaxınlaşıb bazarı əldən versin ki? Erməni üçün dəyər qalmayıb, tarix boyu satıb, bunu Putin də yaxşı bilir, Puşkinin məlum ifadələri də yerində...
Qayıdaq Bişkekdə iki liderin görüşünə. Səmimi atmosferdə keçən görüşdə prezident Vladimir Putinin qısa giriş nitqinə diqqət edək: “Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Biz sonuncu dəfə Sizinlə telefonla danışmışdıq. Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq”.
Prezident İlham Əliyevin cavabı möhtəşəm oldu: “Vladimir Vladimiroviç, sağ olun. Sizi yenidən görməyimə şadam. Sizin də qeyd etdiyiniz kimi, biz bu yaxınlarda söhbət etmişik. Sevindirici haldır ki, Siz Qırğızıstana dövlət səfəriniz çərçivəsində görüşmək üçün vaxt tapdınız. Əslində, məsələlər çoxdur. Hesab edirəm ki, Sizin təklifiniz tamamilə məntiqlidir. Biz həmkarlarımızla ikitərəfli gündəliklə bağlı danışacağıq, həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik. Görüşə görə bir daha təşəkkür edirəm”.
Diqqət edirsiniz, cənab Putin yenə də Qarabağdan başlamaq istəyir…Azərbaycan lideri usta siyasətçi olaraq həllini tapmış Qarabağ məsələsindən yox, əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıqdan, təhlükəsizlik məsələlərindən bəhs edir.
Bu yerdə bir xitabın tam yeridir: Bişkek həmin Bişkek olsa da, Azərbaycan həmin Azərbaycan deyil, Vladimir Vladimiroviç!
Azərbaycanın dövlət başçısı dəfələrlə bəyan edib ki, artıq Qarabağ problemi deyilən bir şey yoxdur, hamısı getdi arxivə. Azərbaycan dövləti qüdrətli ordumuzun gücü, qətiyyətli Ali Baş Komandanımızın Dəmir İradəsi və Yumruğu sayəsində 30 ildən çox müddətdə pozulmuş ərazi bütövlüyünü bərpa etdi, separatçı, terrorçu erməniləri darmadağın elədi, Xankəndi, Xocalı daxil olmaqla bütün ərazilərdən işğalçıların kökünü qazdı. Bütün bunlardan sonra danışıqlarda Qarabağdan başlamağın yeri və mənası qalmır. Ermənilərə havadarlıq edən Qərbin ikili standartlı lider və paytaxtlarının bu mövzunu davam etdirməkdə məqsədləri bəllidir, bölgəyə soxulmaq, özlərinin maraqlarını təmin etmək, ermənilərin maşa funksiyasından bundan sonra da yararlanmaq...
Hər halda Rusiya proseslərdə sülhməramlı missiya funksiyasını yerinə yetirib və son antiterror tədbirlərində də normal münasibət sərgiləyib. Eyni zamanda Rusiya rəhbərliyinin də Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması barədə aydın mövqeyi var. Üstəlik, erməni əhalinin hər hansı təzyiqlə üzləşmədiyi halda, bölgəni tərk etdiyini ərazidə hərbi kontingenti olan Rusiyada daha yaxşı bilirlər. Bütün bunlardan sonra Qarabağ məsələsinə şimal qonşumuz Rusiya da NİDA qoymalı, həmçinin Qarabağdakı hərbi kontingentinin EVə dönməsi barədə qərar verməlidir. Son məlumata görə, Rusiyanın Qarabağdakı hərbi kontingenti 7 müşahidə, 15 müvəqqəti müşahidə məntəqəsini başlayıb. Hər gün 1, 2, ya 3 məntəqənin xəbərini yayır Rusiya Müdafiə Nazirliyi. Özlərinə niyə əziyyət verirlər, havalar da soyuyur, əlavə xərcdir burada hərbi kontingent saxlamaq. Bəlkə sürətləndirsinlər. Uzağı Ağdamdakı Türkiyə-Rusiya Birgə Müşahidə Missiyası fəaliyyətini davam etdirə bilər bundan sonra. Azərbaycan dövləti bölgəyə tam nəzarət edir, Qarabağdakı ermənilər də xunta rejiminin girovluğundan azad olmalarının xoşbəxtliyini dadırlar. Belə olan təqdirdə rus hərbçilər vaxtlarını niyə öldürürlər buralarda?
Doğrudan da bundan sonra Azərbaycan və Rusiya arasında müzakirə olunmalı çox mövzular var, məsələn, Zəngəzur dəhlizi. Qarabağ məsələsi isə bitdi! Kimsə düşünürsə ki, növbəti dəfə ermənilərin “karusel”i üçün sülhməramlılara ehtiyac var, yanılır...
КомментарииОставить комментарий