Общественно-политическая интернет газета
Dünən “Qarabağ” - “Qəbələ” oyununda Tofiq Bəhramov stadionunda idim. Stadiona çatar-çatmaz “İmarət”in tanıdığım uşaqları ilə qarşılaşdıq, onlardan biri ilə Qurbanın “Beşiktaş”a gedə biləcəyi haqda xəbərlərdən danışdıq. Dedi ki, Qurbanın “Beşiktaş”a getməsini istəyirlər: “Biz isə həmişə “Qarabağ”ın yanındayıq...” Dedim ki, Qurbanov heç vaxt “Beşiktaş”a getməz, çünki Türkiyə futbolu, azarkeşi heç bir ölkəyə bənzəməz. Gizlətmirəm, “əgər öz mütəxəssisləri ilə Qurban Qurbanov arasında seçim etsələr, bəllidir kimə üstünlük verərlər...” də dedim.
Türkiyə futbolunda elə son həftələr baş verənlər də bir daha göstərir ki, orada nəinki baş məşqçi, hakim və futbolçu olmaq asan iş deyil.
Türkiyə klublarına azarkeşlik etmirəm, illər əvvəl “Beşiktaş”a bir sezon diqqət etmişəm, Qara dənizlilərin türkülərini sevdiyim üçün “Trabzon”a da həmişə “bir tık” rəğbətim var.
Qurban futbolçu karyerasında Zaqataladan “bir addım” uzaqda olan Gürcüstan klubunda da oynayıb, Rusiyada da. O zamanlar Türkiyə futbolu bizdə o qədər dəbdə deyildi, bəlkə zamanlama uyğun olsaydı, Qurban gücünü orada da sınayardı.
Bəs, dünya futbolunun indi “altını da, üstünü də bilən” təcrübəli baş məşqçi “Beşiktaş”a gedərdimi?
Türkiyə futbolu ərz etdiyim kimi çox siyasiləşib, hətta özləri də etiraf edirlər ki, eybəcərləşib. Qurban Qurbanov belə bir mühitdə nə qədər duruş gətirə, daha konkret özünü qoruya bilər? Qurbanov haqsızlıq olan yerdə yoxdur, ya da o yerdə özünü çox pis hiss edir. İkinci və mənim zənnimcə, istənilən məşqçi üçün ən ciddi məsələ azarkeş faktorudur. “Dünyadakı bütün azarkeşlər bir-birlərinə bənzəyir” təsbiti yanlışdır. Avropadan deyirəm: ingilislərin, şotlandların, irlandiyalıların, italiyalıların davakar olduqları günlər keçmişdə qalıb. İndi serblər, albanlar, Türkiyə klub azarkeşləri haqda daha çox danışılır. Türkiyədə xüsusilə derbi oyunlarını stadiondan izləyən bizimkilərdən soruşun, sizə desinlər ki, onlar futbolçuların və məşqçinin ünvanına hansı ağır söyüşlər edirlər.
Türkiyədə Şenol Günəş brenddir, amma derbilərin birində (deyəsən “Fənər”lə oyunda) onun da başını yarmışdılar.
Bir neçə il əvvəl isə belə bir derbiyə azərbaycanlı jurnalistləri aparmışdılar. Şoka düşmüşdülər ki, ailə üzvləri hamısı bir yerdə stadionda hansı söyüşləri işlədirmişlər. Bunlar faktdır. İndi dəyişibmi vəziyyət? İnanmaq çətindir.
90-cı illərdə Tofiq Bəhramov stadionuna gedənlər bilir, bizimkilər də futbolçulara, hakimlərə ağır söyüşlər edirdilər. Bizim zərif cinsin nümayəndələrini o vaxt stadionda nadir hallarda görərdin. O da sevgilisi ilə azerkeş olmayan yerdə oturardı. Söyüş çox pis hal idi.
Dünən stadionda az adam vardı, amma əksəriyyət azyaşlı oğlan və qızları ilə gəlmişdi. “Qarabağ”ın xeyli sayda gənc qızlardan ibarət azarkeşləri də var, onlar da stadiona gəlmişdilər. Daha gedib kənarda-bucaqda oturmaq yoxdur. Bunun ən başlıca səbəbi əlbəttə ki, stadionda azarkeşlərin özlərinə və “ağızlarına” yiyəlik etməyidir. Hər halda, 90 dəqiqədə ağızdan çıxan ehtiyatsız söz belə eşitmədim.
...Qurban Qurbanov öz üzərində işləyən məşqçidir, təbii ki, sakit və iddiasız görməyə öyrəşdiyimiz adamın da professional ambisiyaları, arzuları var. O da istəyər ki, Avropa klublarında işləsin. Buna haqqı da var, təcrübəsi də, bacarığı da. Son aylar adının Avropanın adlı-sanlı klubları ilə hallanmasına da ancaq sevinmək olar.
Dünənki oyundan sonra Qurbanovdan “Beşiktaş”la bağlı xəbərləri soruşublar. Baş məşqçi “iki aydır söz-söhbətlər çoxdur, bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur ”deyib. Qurban Qurbanovun “Beşiktaş” kimi tarixi klubda baş məşqçi (bu sezon 5, ya 6 məşqçi dəyişiblər, son olaraq məşhur Fernandu Şantuşu qovublar) postuna namizədlər sırasında olmasına səbəb əlbəttə ki, onun çalışdırdığı “Qarabağ”ın son illərdəki uğurlarıdır.
Qurbanov dəfələrlə vacib oyunlardan sonra azarkeşlərə təşəkkür edib. Futbolçu da, baş məşqçi də azarkeşdən enerji alır. Qardaş Türkiyə böyük ölkədir, əhalisi də çoxdur, futbolu bəlkə də qədərindən çox sevirlər. Tutaq ki, Qurban qardaşımız getməyə qərar verərdi, bir gözümüz də indi “Beşiktaş”da oldu... Bizim azarkeş bunu əvvəl anlamayacaqdı, qəbullanmayacaqdı. Bu, bütün futbol ölkələrində belədir. Birimiz deyəcəyik ki, “çox pul verdilər deyə “Qarabağ”ı qoyub getdi”.
Bəs, o ölkənin klubu, ümumi azarkeşləri Qurbanı necə qarşılayacaqdılar? Mənim sualım, daha dəqiqi narahat edən məqam budur. Primitiv görünə bilər, “peşəkar futbolçu da, məşqçi də belə nüanslara fikir verməz” deyənlər olar. Mahir (Emreli) “Legiya”ya gedəndə polşalıların (onlar haqda çox eşitmişdim) onu sevməyəcəyi bəlli idi. Amma hücum edib döyməkləri... (Biz isə əcnəbiləri də bağrımıza basa bilirik, mentalitetimiz, ürəyimiz belədir).
Türkiyənin futbol azarkeşlərindən “monstr” düzəlmək fikrim yoxdur, amma o futbol mühiti də, stadiondakı azarkeş də fərqli dünyadır.
Yenə bir misal. Biz Qurbanın ədalətinə - “feyr-pley”inə öyrəncəliyik. Elə “Qəbələ” ilə oyunda yenə belə bir addımı ilə yadda qalıb. Biz uzaqdan bunun fərqinə varmamışıq, sonra mediadan oxuduq. Klub 0:1 uduzduğu vaxt top Ağdam təmsilçisinin futbolçusundan auta çıxıb. Ancaq yan xətt hakimi səhv qərar verib. Qurban topun rəqib deyil, “Qarabağ”ın futbolçusundan çıxdığını göstərib. Görüb hakim fikrini dəyişməyib, autu atan futbolçusuna deyib ki, topu rəqib tərəfə göndərsin. İndi bunu “Beşiktaş” azarkeşi anlamaya da bilər. Biz isə alqışlayırıq...
Yalanı yoxdur, üz-gözümüz də öyrəşib Qurbana...
КомментарииОставить комментарий