Общественно-политическая интернет газета
Gələn il keçiriləcək prezident seçkisi yarışına deputat, Milli Cəbhə Partiyasının sədri Razi müəllim də namizəd qismində qatılmışdır, bu, prosesə xüsusi rəng qatır. Məsələn, Razil müəllim Milli Məclisin ən aktiv deputatlarından biridir, dəfələrlə öz çıxışlarına görə spikerin iradlarına, tənqidlərinə, hətta daha kəskin yazsam, repressiyasına məruz qalmışdır. İndi mən belə proqnoz edirəm: birdən gələn il seçkidə Razi müəllim qalib gəlsə, böyük ethimalla o, parlamenti buraxmaq, yeni deputat seçkiləri qərarı verəcəkdir. “Qurdlar vadisi” kinosunda deyilən kimi, qisas soyuq yeyilərkən dadlı olan aşdır. Mən qəzet vasitəsiylə bütün Aran regionunu Razi müəllimə səs verməyə çağırıram.
Hərçənd, başqa maraqlı alternativlər də var. Elə götürək Sosial Tədqiqatlar Mərkəzinin başçısı Zahid müəllimi. O, de-fakto və de-yure dövlət başçısının tabeliyindəki bir qurumda çalışır, elə vəzifəyə də onu 2019-cu ildə hazırkı prezident qoymuşdur. Bəs indi onun rəhbərliyə alternativ olmasını necə qəbul edək?
Maraqlıdır ki, Zahid müəllim niyə namizəd olması haqda izahat verərkən İsraildən və Çar Rusiyasından misallar gətirmişdir, bu da bizi çox düşündürür, uzaqgedən nəticələr çıxarmağımıza səbəb olur.
STM sədrinin prezidentliyə namizədliyi təkcə maraqlar toqquşması yaratmır, Zahid müəllim öz vəzifəsindən qeyri-sağlam rəqabət məqsədiylə istifadə edə də bilər. Misal üçün, növbəti həftələrdə STM-in əhali arasında apardığı sosioloji sorğuların nəticələrinə görə xalq Zahid müəllimə səs vermək istədiyini açıqlayacaqsa, biz buna necə yanaşmalıyıq? İstər-istəməz sorğunun obyektivliyinə şübhə etməyə məcbur olacağıq.
Açığı, mən siyasətə qarışmıram, bu günkü mövzumuz da futbol üzrə milli komandamıza məşqçi axtarışlarına aid olmalıydı. Bildiyiniz kimi, milli jurnalistikaya təzyiqlərinə görə AFFA keçmiş məşqçi Canni müəllimi qovmuşdur. Yerinə “Qarabağ”ın məşqçisi Qurban Qurbanovu qoymaq istəyiblər, Qurban müəllim razı olmayıb – sızan xəbərlər belədir, dəqiqliyinə əmin deyiləm. Bundan sonra AFFA türkmənistanlı Qurban Berdıyevin üzərində durubdur. Yəqin fikirləşiblər fərqi nədir, əsas odur adı Qurban olsun.
Apardığımız elmi araşdırmalar göstərir ki, Canni de Byazinin adı da hardasa Qurban mənasını verir. Canni – qədim yəhudi dini adı İohan-ın italyanlaşmış formasıdır, İohanın anlamı isə tanrının bağışladığı, rəhm elədiyi deməkdir. Hörmətli futbol kolxozumuzun sədarəti dəqiq bilir ki, burada milli komandaya kimi baş məşqçi qoysalar, qısa müddətə xalq onun kəlləsini istəyəcəkdir. Keçmiş zamanlarda incəsənət qurban tələb edirdi, indi bizdə idman qurban tələb edir. Kino idarəsinə pul ayırıb Tarkovski stilində “Qurbanvermə” filmi çəkilsə məqsədə uyğun olardı. Hansı məqsədə, onu hərə özü müəyyən eləsin, mənim nə işimə qalıb? (Bax: bu abzasın 1-ci cümləsinə).
Sonda dostum Vüsal Bağırlı bir xəbər yollamışdı, onu yazaq: keçmiş spikerimiz, sonuncu mühacir (Fenimor Kuperlə dostdur) Rəsul Quliyevin ABŞ-ın Florida ştatındakı villası 500 min dollara satılmışdır. Vüsal bəy deyir Rəsul müəllim evi ucuz satıbdır, Bakıda elə villanı 4-5 milyon dollara satırlar.
Əlbəttə, soyğunçu kapitalizmdir. Bəlkə də erməni lobbisi qəsdən evi ucuz alıb. İkincisi, Florida Bakı kimi inkişaf etmiş yer deyil axı. Bizdə villa baha olmalıdır. Gərək Rəsul müəllim o cür investisiyanı Qaradağa qoyardı, indi ucuza satmazdı.
Hərçənd, hazırkı momentdə onun villanı dəyər-dəyməzinə satmağı məndə şübhə oyadır. Olmaya Bakıya qayıdır?
Olmaya o da ...?
КомментарииОставить комментарий