Общественно-политическая интернет газета
ABŞ-da prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi bütün dünya xalqları kimi, bizim də diqqətimizi cəlb etmişdir. Hazırda respublikamızın bütün çayxanalarında və başqa ictimai sferalarında bu hadisə ciddi şəkildə analiz edilir, səbəblər göstərilir, nəticələr çıxarılır və Amerika xalqı üçün perspektivlər, çıxış yolları aranır. Bir neçə çayxanada ABŞ səfirliyinin əməkdaşları ilə rastlaşdıq, onlar təklifləri diqqətlə dinləyir, qələmə alırdılar.
Prinsipcə, oralarda prezidentə sui-qəsd adi, gündəlik həyat tərzi kimi şeydir. İndiyəcən neçəsini öldürüblər, neçəsinə qəsd alınmayıb. Hətta mənə maraqlı gəldi, axtarıb tapdım ki, 1981-ci ildəki prezident Reyqan müəllimə güllə atan, onu yaralayan Con Xinkli adlı başdanxarab (bu təhqir deyil, Conun diaqnozudur) 2016-cı ildə həbsdən, daha doğrusu, məcburi saxlandığı psixiatrik xəstəxanadan evə buraxılıbdır. Məhkəmə Xinklinin daha təhlükə törətmədiyi qərarına gəlibdir. Onun Reyqana güllə atmasının səbəbi isə tragikomik idi: Xinkli aktrisa Codi Fosterə aşiq olubmuş, onun fanatıymış, Fosterin diqqətini çəkmək üçün bu cinayətə əl atmışdı. Görəsən Trampa güllə atan kimə aşiq imiş?
Əlbəttə, sağlam vətəndaş olaraq mən bu müzakirələrə qoşulmağa borcluyam, lakin əl saxlayıram. İşin başqa, diqqətdən kənar qalan detalları məni düşündürür.
Məsələn, fikir versəniz, güllə Trampın qulağını yalayıb keçib, tribunada arxada əyləşmiş kimisə öldürüb, lakin həmin bədbəxtin adını çəkən yoxdur. Bəzi xəbərlərdə onu sadəcə “sakin” adlandırırdılar. Kimdir, nəçidir, neçə yaşındadır, ağdır, qaradır, kişidir, qadındır – heç bir məlumat yox idi. Bu yazığın tərcümeyi-halına, bəxtinə Trampın Pensilvaniyada çıxışını izləmək və orda ölmək yazılıbmış. Axı o mitinqdə sən hansı ağıllı kəlamı, gələcəyin üçün xeyirli hansı sözü eşidəcəkdin ki?.. Heç zad. Allah rəhmət eləsin, bu da sənə “böyük Amerika”.
Trampın birinci prezidentliyi başa çatanda, 2020-ci ildə amerikalı jurnalistlər hesablamışdılar ki, vəzifə boyunca o, 16 min 241 dəfə yalan danışıb. Prezidentlik müddətinə bölmüşdülər, günə təxminən 15 yalan düşmüşdü.
Keçən ayın axırlarında Baydenlə debatda da Tramp ənənəsinə sadiq qaldı, çoxlu gopa basdı. Amma amerikalıların və dünyanın diqqətini Trampın ağ yalanlarından daha çox Baydenin qocalıb əldən düşməsi çəkmişdi. Nə etmək olar, bəşəriyyət üçün diribaş yalan həmişə yorğun həqiqətdən vacib, önəmli sayılmışdır. (Həmin debatda Trampın qarşısında Baydenin simasında həqiqətin durduğu iddiasında deyiləm, yanlış anlaşılmasın. Ümumi mənzərəni yazıram). Yalan danış, lap üyüt, bircə pəltəkləmə. Dilin sürüşsə, səni zəif sayacaqlar. Necə deyərlər, şirin dil ilanı yuvasından çıxarır. (“Şərin dili” də oxuya bilərsiniz).
İndi də hamı Trampa “keçmiş olsun” mesajları yazır, dəstək bildirir, lakin heç kim onun danışdığı yalanları xatırlamır. Obrazlı desək, qulaq ardına veriblər. (Bu aralar qulaq teması aktual olacaqdır, nəzərə almalısınız).
Səkən, təsadüfi, daha dəqiqi, Trampın qanına bulaşmış güllənin öldürdüyü “sakin” isə yada salınmadan unudulub gedəcək. Tramp da xatırlanacaq, ona terror edən də. Bircə qurban yada düşməyəcək. Qurbanlar xatırlanmaq üçün deyil ki... Yada salın, bəşər tarixinin ən məhşur qurbanlarından biri məhz... qurban getmədiyi üçün xatırlanır. Hər il adına qurbanlar kəsilir.
Rusiyanın Ukraynaya açdığı qanlı savaşdan da tez-tez belə xəbərlər gəlir: “Filan qəsəbə raketlə vurulub, bir sakin ölüb”. Qəsəbə yerinə kənd və ya şəhər, bir yerinə müxtəlif ədədlər ola bilər. Yalnız qurbanların adı heç vaxt dəyişmir: “Sakin”. Məncə, bu, çox qüssəlidir.
КомментарииОставить комментарий