Общественно-политическая интернет газета
Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasını mən də dəstəkləyirəm. Qısa özəti belədir: Ərdoğan deyir ki, əgər Ermənistan dəhlizə icazə verməsə, biz o yolu İrandan çəkərik. İranın buna ilkin razılaşması varmış.
Doğrudan da, axı biz niyə bu Zəngəzur dəhlizinə belə aludə oluruq? Başa düşürəm, tarixi torpaqlarımız-filan mövzuları var, ancaq olan olub, keçən keçib, hazırda dünya dövlətlərinin sərhədləri var, onların pozulmasına pis baxırlar. Qarabağ işində beynəlxalq hüquq, ədalət, tarix kimi bütün komponentlər bizim tərəfimizdə olduğundan dünyada separatçı ermənilərə qulaq asan çox az idi. Zəngəzur işinə girişsək yenə eyni münasibəti görəcəyikmi? Çətin ağlım kəsir.
Naxçıvanı Azərbaycanla, Türkiyəni bölgə ilə birləşdirən dəhlizin İrandan keçməsi ilə Zəngəzurdan keçməsi arasında bizim üçün nə fərq var? Heç fərq yoxdur. Ola bilər Araz üstündə iki körpü tikək, vəssalam. Zəngilandan gir İrana, Naxçıvanda çıx. Onsuz dəhliz Ermənistan üzərindən olanda da biz başqa ölkədən keçməliydik, uyğun sərhəd, gömrük razılaşmaları və sairə yoxlamalar olmalıydı. Yol İrandan çəkilsə, Güneylə əlaqələrimiz baxımından da xoşdur. Əvəzində Ermənistan yenə özünü süni, könüllü blokadada saxlayacaq. Canları cəhənnəmə. Yalvarası deyilik ki. Yenə Ərdoğan demişkən, özlərindən küssünlər.
Yaxın qonşuları olan türkləri qoyub uzaqda qohum (böyük bacı Fransa, bacanaq Rusiya, nə bilim, yeznə Amerika və sairə) axtaran Ermənistan, inşallah, bir gün ağıllanar. Ancaq belə baxıram biz bu günləri görməyəcəyik. Hərçənd zaman gələcək, Azərbaycanla Ermənistanın qonşuluğuna da son qoyulacaq. Gözünüz aydın.
Bu yaxında bir elmi araşdırma çıxmışdır, deyir planetimizdə materiklərin yerləşdiyi plitələr sürüşür. O səbəbdən, Güney Amerika Afrika ilə yaxınlaşır, Quzey Amerika Avropa ilə, Avstraliya təzədən Hindistana girir, şeyxin qudası Hacı Qalibin Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu ilə Zağulbadakı mübahisəli qonşuluğuna da son qoyulacaqdır. Yəqin dəyərli oxucularımızın məlumatı var, ötən illərdə Qalib müəllim Ağasif müəllimi məhkəməyə vermişdi, bağ sahəsini qanunsuz zəbt etməkdə suçlamışdı. Materiklər sürüşəndən sonra isə ta Hacı Qalib Ağasif müəllim yox, Amerikada Rəsul Quliyevin qonşusu olacaqdır, çünki Zağulba San Fransiskoya birləşəcək. Biləcəri Strasburqla, Kürdəmir İsveçrəylə, Zəngilan Qrenlandiya ilə yapışacaq.
Həmin hipotezə görə Zəngəzur dəhlizi okeanın dərinliyində qalacaq, ermənilər təzədən Hindistan meşəliklərinə qayıdacaqdır və əbədiyyən xoşbəxtlik, rahatlıq tapacaqdır. Çox sevindirici geopolitik proqnozlardır. Elə uzun zaman gözləmək də lazım gəlmir, bütün bu hadisələr 250 milyon ildən sonra baş tutacaqdır. Ölməsək, o günü görsək...
Ümumiyyətlə, dünyada baş verən... Yeri gəlmişkən, iddia edirəm ki, bizim millətin bütün işləri ağılla, beyinlə bağlıdır, əks halda niyə ana dilimizdə içində “baş” olan bu qədər frazeoloji birləşmə var? Froyd gəlsin, izah eləsin. Buyurun, az qismini yazıram: baş tutmaq, baş vermək, baş aparmaq, baş çəkmək, baş yemək, baş açmaq, baş vurmaq, baş qatmaq... İnanın ki, heç yarısını yazmadım, başım şişdi. Çox intellektual millətik, Allah qorusun. Qayıdaq mövzuya, oxucular çaş-baş qalmasın.
Mövzu isə budur ki, hazırda dünyada Nobel həftəsidir, fizika üzrə bu ödülü alan yoldaşların attosaniyə fizikası üzrə araşdırmalar apardığı açıqlandı. Attosaniyə nə deməkdir? Bu, saniyənin milyardda bir hissəsinin milyardda bir hissəsi imiş. Yəni bu yoldaşlar həmin qısa müddət ərzində baş verənləri araşdırır. O qədər qəliz məsələdir, izah eləmək çətindir. Məncə, şagirdlərə belə demək olar: “Əgər Qarabağın işğalının 30 ilini bir saniyə hesab etsək, ordumuz onu bir attosaniyədə düşməndən təmizləmişdir”.
Ümumiyyətlə, kvant fizikasına əsasən hər yer dəhlizdir. Mübahisə üçün əsas yoxdur.
КомментарииОставить комментарий