Свобода людям, независимость нациям!

Qlamur itlər üçün baxıcı işi... - CV və intervü ilə olmalıdır

 

Müğənninin itinə baxıcı axtarması, ona 1500 dollar (bizim pulla – 2550 manat) maaş verəcəyini deməsi sosial şəbəkədə ajiotaj doğurub, kimisi lağlağıyla o işə talib olduğunu yazır, kimisi bunu ciddi qəbul edib harınlamışlığa bağlayır. Elə adam da var, təklifi lap ciddi qəbul edib, heç nə yazmır, amma əl altından tanış-biliş vasitəsilə o işə düzəlmək istəyir.

Az pul deyil. Minimum əmək haqqından, hətta ölkədə maaşla işləyənlərin 90 faizinin aylıq qazancından artıq puldur. Hərçənd məsuliyyəti də var. O it yəqin ki, elə-belə, tula-mula olmaz, ən azı iki dildə sərbəst başa düşür.

Bunu havayı yerdən yazmıram. Çünki müğənni xanımın it baxıcısı vəzifəsinə düzəlmək istəyənlər üçün qoyduğu şərtlərdən biri adamın iki dil bilməsidir. Biri yəqin ki, rus dili olar, o biri də ana dili. Yox, şərtdə ana dilindən başqa iki dil bilmək tələb olunursa, o zaman üçüncü dil də şəksiz ingilis dilidir. Nədən ki, indinin elitar itləri ingilisdillidirlər.

Dünənə qədər paytaxtda qucaqda, bucaqda gəzdirilən itlər rusdilliydi. Sahibi çaşıb onlara “gəl bura” deyəndə veclərinə almırdılar, amma “idi suda” deyəndə qaça-qaça gəlirdilər. Hətta o qədər ağıllı itlər var ki, parkda gəzərkən sahibi ona “idi popisay” deməsə, haşa üzünüzdən, it arxa ayağını qaldırıb ağac dibinə pəşov eləməz.

Ağlınız dəstə ilə gəzən küçə itlərinə getməsin, sahibsiz şeylərdir, axtarsan, heç ana dilimizi də bilmirlər, bildikləri küçə jarqonudur, amma rusdilli itlərin hamısını saxlayan, bəsləyən, kalorili yedizdirən, lüks yataqda yatızdıran, vaxtlı-vaxtında gəzdirən var.

Ona görə də heç kim “itin nə fərqi var ki” deməsin. Çox fərqi var. Cins itlər başqa şeydir. Bir ara jurnalistlər məhəlləsində balaca bir it vardı, küçə itlərinə qoşulmurdu, çox kübar it idi. Zarafatsız. Onda sümsünmək, yalmanmaq deyilən şey yox idi. Adama ağıllı-ağıllı baxırdı. Qabağına kolbasa, sosiska atırdılar, yaxınlaşırdı, əvvəlcə onu yedizdirmək istəyənin üzünə baxırdı, xoşu gəlməsə, onun payına yaxın durmurdu, adamdan xoşu gəlsə, yemək məmulatını iyləyirdi, amma yeməyin keyfiyyətindən şübhələnsə, yenə yemirdi. Məhəllədə hamının sevimlisiydi. Uşaqlarla yaxşı oynayırdı. Adına “Fındıq” deyirdilər. Yüz faiz o it haradansa azıb gəlmişdi. Bir gün yoxa çıxdı. Kimsə onun cins it olduğunu anlamış, qamarlayıb saxlamağa aparmışdı.

Bu baxımdan it saxlayanlara, onu gəzdirənlərə ağız büzənlər, “ondansa bir uşaq götürüb saxlasınlar” deyənlər düz eləmirlər. Məsələ ondadır ki, pis çıxmasın, insan övladına etibar yoxdur, amma it balasına var. O qədər götürülüb böyüdülən, yaxşı təhsil verilən, ev-eşik sahibi edilən övladlıqlar olub ki, axırda nankor çıxıblar, onları saxlayanları aparıb qocalar evinə veriblər, döyüb əzişdiriblər. Hətta vurub öldürənlər də olub. Amma tarixdə bir dənə fakt yoxdur ki, bir itin balasını böyüdəsən və o, axırda sahibini qapa, nankor çıxa. Canavar balaları heç. Onları nə qədər bəsləsən də, böyüyəndə bir gün mütləq canavarlıq edəcəklər.

Amma kənd yerlərindəki cins itlərlə şəhərdəki elit itlər fərqlənir. Kənddə miniatür, qlamur it saxlamazlar. Kəndinki kanqaldır, Qafqaz çoban itidir. Atlını atın üstündən almadısa, o itə məsul vəzifə (həyət-bacanı, qoyun-quzunu qorumaq-filan) tapşırmazlar. Yaylaq-qışlaq iti gərək canavarla təkbətək döyüşə çıxa və onu qova bilsin. Çobanlar belə itləri övladları qədər çox istəyirlər.

Çox istəməyə qalsa, şəhərdəki qucaq itləri də sahibləri tərəfindən çox sevilir. Amma onların təyinatı başqadır, vəzifələri də sahiblərini mədəni, qlamur, ziyalı, duyğusal, heyvansevər göstərməkdir. Hərçənd öz itlərini səmimi məhəbbətlə, təmənnasız sevən insanlar da var.

Ümid edək ki, müğənni xanım da elələrindəndir. Ona görə də o, itinin baxıcısına o qədər pul vermək istəyir.

Yaxşı olar ki, xanım elektron poçt ünvanı da yaysın, it baxıcısı olmaq istəyənlərdən CV qəbul etsin. Özünün vaxtı olmayacaq, amma yəqin ki, köməkçisi var, o oturub CV göndərənlərə “müraciətiniz üçün təşəkkür edirik, sizinlə əlaqə saxlanılacaq” kimi cavablar yaza bilər. Bəlli bir kontingent yığılandan sonra müsahibə mərhələsi təşkil edilə, it baxıcıları bir-bir söhbətə çağrıla, müxtəlif heyvanlara münasibətləri, xobbiləri, şakərləri soruşula bilər. Allah göstərməsin, bəlkə biri psixopatdır, maaşa tamahsılanıb gəlib, amma keçmişində it döymüşlüyü var, qlamur bir iti ona necə etibar etmək olar?

Belə şeylər nəzərə alınmalıdır. Bəzilərinə elə-belə görünə bilər, amma bu ölkədə bax, bu cür ağır dərdi olan adamlar da var. Normal it baxıcısı tapa bilmirlər.

 

Нет комментариев

Новости автора