Свобода людям, независимость нациям!

Qəzalı Rusiya

Rəsmi Moskva nəinki bu qəzaya görə məsuliyyəti üzərinə götürmək, əksinə izləri azdırmaq üçün “diplomatik həmlələr” edib

AZAL-ın Qroznıya uçası, amma Aktau hava limanın yaxınlığında yerə çırpılan təyyarəsi ilə bağlı ciddi “əmma”lar olduğu bəlli idi. Çoxsaylı insan tələfatı ilə nəticələnən qəzadan cəmi bir neçə saat sonra Çeçenistanın hava məkanında təyyarəyə “müdaxilə olunması” faktları( qanad hissədə məlum dəliklər) şübhələri artırdı. Yəqin ki, ilk saatdan rəsmi Bakıda bu şübhələr vardı, zaman keçdikcə, sağ qalanların dedikləri, eləcə də məlum zədə videolarına digər mütəxəssislər tərəfindən də rəylərin açıqlanması qəzaya “kənar müdaxilə” faktını təsdiqləyib. Üstəlik, bu barədə dünyanın ciddi nəşrləri də yazıb.

Yeri gəlmişkən, dünyada Ukrayna müharibəsi səbəbindən artan gərginliklər, düşmənçiliklər bu faciəvi hadisəyə də dərhal yansıdı, belə ki, həm Rusiya, həm Ukrayna(həm də Qərb) “mənbələri” məsuliyyəti bir-birinin üzərinə yükləməyə çalışdılar. Rusiya barədə növbəti abzasda yazacağıq, amma təbii ki, cəbhə zonasından bir neçə min kilometr aralıda Azərbaycana məxsus təyyarənin Hərbi Hava Qüvvələri(HHQ) tərəfindən Ukrayna PUA-sı hesab edilərək vurulmasında Kiyev rejiminin də məsuliyyəti var. Bu hadisədən iki gün əvvəl “Ukrayna niyə müsəlman respublikaları(Çeçeniistan və Tatarıstanı) hədəf alır?” yazısında bu barədə bəzi qeydlər etmişdim. Kiyev deyə bilər ki, müharibə səbəbindən Rusiyanın bütün ərazisi Ukraynanın qanuni hədəfidir, necə ki, paytaxt daxil bütün Ukrayna da Rusiyanın raket hədəfindədir. Yəni bu savaşın “qəlpələri”nin Cənubi Qafqaza da ciddi zərbə vurması faktı ilə üz-üzəyik.

Ukrayna ali rəhbərliyinin davranışları isə yumşaq desək, təəssüf doğurur. Bir neçə ölkə vətəndaşının həlak olduğu qəzaya rəsmi Kiyev “keçmiş olsun” belə demir, halbuki heç olmasa onun torpaqlarında yadellilərə qarşı vuruşan və həlak olan azərbaycanlıların ruhuna sayğı göstərilə bilərdi.

Azərbaycanın strateji müttəfiqi olan Rusiyadan bu hadisəyə görə üzr gözləməsi anlaşılandır və haqlı tələbdir. Müharibədə və ya qeyri-müharibə zonalarında bu cür yanlışlıqların faciəyə səbəb olması nə ilk belə faktdır, nə də təəssüf ki, sonuncu olacaq. Bu cür hadisələrdə başqa dövlətin suçu, məsuliyyəti təsdiqlənərsə, bu cür üzürxahlıq qaçılmaz olur. Dövlət adından üzürxahlıq böyük-kiçikliyindən asılı olnayaraq, təkcə hüquqi məsuliyyət deyil, ən asası həmin ölkə iqtidarının və vətəndaşlarının mənəvi rahatlığı üçün vacibdir. Aktauda baş verən hadisə miqyasına görə bəlkə də son illər dünyada baş vermiş az sayda sərnişinin həlak olduğu qəzadır. Amma bu, qəzaya səbəbkar olan dövlətin, onun hansısa strukturunun məsuliyyətini azaltmır.

Haaqın.az isə yazır ki, Rusiya nəinki bu qəzaya görə məsuliyyəti üzərinə götürmək, əksinə izləri azdırmaq üçün “diplomatik həmlələr” edib. Sayt “Gulagu.net” teleqram kanalının müəllifi, məşhur rusiyalı hüquq müdafiəçisi Aleksandr Oseçkinə (o, bir neçə il əvvəl Rusiyanı tərk edib) istinadən sensasion məlumatını paylaşıb. Bildirilir ki, dekabrın 25-i günortadan etibarən Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələrinin departamentləri Qazaxıstan və Azərbaycanın Xarici İşlər nazirlikləri ilə danışıqlar aparıb və təyyarə qəzası haqda “birgə versiya” hazırlamağa cəhd ediblər. Bu danışıqlarda xüsusi xidmət orqanlarının nümayəndələri də iştirak edib. Oseçkinin sözlərinə görə, Rusiya tərəfi təyyarənin hava hücumundan müdafiə sistemi ilə vurulduğunu gizlətməyə çalışıb.

Oseçkin bildirib ki, XİN-in yüksək rütbəli diplomatlarının qarşısında əsas vəzifə bu olub ki, baş verən qəzada Rusiyanın imici mümkün qədər az zərər görsün. Onun sözlərinə görə, görünür, Rusiya tərəfi hadisəni gizlətməyə çalışıb və bir müddət sonra onun “unudulacağına ümid edib”.

Rusiyanın susqunluğu fonunda Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarı ilə AZAL-ın Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı, Mahaçqalaya uçuşları dayandırması tam haqlı qərardır. Eləcə də bu qərarın verilmə səbəbi kimi həm də “Embraer 190” təyyarəsi ilə bağlı yekun təhqiqat başa çatması ilə əlaqələndirilib.

Təhlükəsizlik məqsədilə digər aviaşirkətlərin də bu istiqamətlərə uçuşlarının dayandırılması qərara alınıb.

Anlaşılan budur ki, hazırda Rusiya ölkə olaraq tam qəzalı vəziyyətdir...

Нет комментариев

Новости автора