Общественно-политическая интернет газета
Şəhərin içində nəhəng bir partlayış olub, 10-a yaxın adam ölüb. Öncə bizə dedilər ki, mebel sexi partlayıb. Ancaq üstündən az keçmiş dron çəkilişi yayıldı, məlum oldu nə sex, əməlli-başlı zavod kimi yerdir. Lakin bu “zavod kimi yerin” (mən də ad qoymağa çətinlik çəkdim, üzrlü sayın) nə işə baxdığı ortaya çıxmadı. Yiyəsi kimdir, məhsulun adı nədir - hamısı qaranlıqdır. Elə bil Bermud üçbucağı əhvalatıdır. Hərçənd, indi Bermudun heç bir sirr daşımadığını ağlı başında olan hər kəs bilir. Bizim Bakının isə sirrləri çoxdur.
Salfetkada çəkdiyi proje ilə guya Xəzərdə Dubay quran, sonra fırıldağın Beynəlxalq Bankdan pul əkişdirməkdən o yana getmədiyi üzə çıxan bir dəli var, o da söhbətə qarışdı, dedi obyekt qardaşımındır. Vaxtilə, Şura hökumətinin zamanında ağac emalı zavodu olub, özəlləşdirmişik və sairə. (Bu momentdə mənim yadıma evdə hardasa güvələrin yediyi özəlləşdirmə çekim düşdü. Gərək bir gün imkan tapıb onu hansısa nazirliyin qabağında yandırım. Fransa səfirliyi də ola bilər. O vaxt bizdə özəlləşdirməyə Jak Şirak çox mane olmuşdu).
Ancaq qardaş hardansa tapıldı, bu da belə açıqlama verdi ki, yalandır, qardaşımın başı xarabdır, həmin obyekt başqasına məxsusdur.
Uzun sözün qısası, paytaxtın göbəyində nəhəng obyekt var, nə yiyəsi məlumdur, nə gördüyü iş. Yalnız partlamağı məlumdur, heç onun da səbəbi axıracan bilinmir. Qazdan partlayıb, yoxsa İran və Rusiya casusları (olmaya Fransa?) bomba qoyub - bu da uca millətimizə məlum deyildir.
Belə olmaz axı. Dahi klassikimiz demişkən, “nigarançılıq pis şeydir”. Milləti nigaran qoymayın. Xalqa hesabat verin. Səbəbləri açıqlayın. Yoxsa hər ağızdan bir avaz gəlir. Fikir müxtəlifliyi yaranır. Bir də gördün hətta demokratiya-zad oldu! Dəhşət. Hamını bir yorğanın altına yığacaqlar, kolxoz quracaqlar, biz bunu istəmirik. Milli dəyərlərimiz var.
Yoxlamaq üçün hardasa yerə balaca daş qoy. Yetmiş yeddi dövlət idarəsi peyda olacaq. Biri qazdan, o biri işıqdan. Başqası sudan, dördüncüsü icradan, beşincisi bələdiyyədən, altıncısı siçan idarəsi, yeddincisi pişik idarəsi... Necə deyərlər, ağzı sümükdən, saqqalı ətdən. Tap tapmaca, bul bulmaca. Lakin eşşək boyda sex-zavod-reaktor-kosmodrom-nənəmintəndiri-ciyərxana-mebelxana (hansı düz gəlsə, axırda onu saxlayarıq yazıda) partlayıb, elə bil Biləcəridəki 297 saylı məktəbin məzun törənində Əbilhəsənin qızı Sarabəyimin əlində helium şarı partlayıb - heç kimin tükü tərpənmir.
Ən tragikomiyi həm də odur ki, partlayış Bakının baş planının təqdimat törənləriylə eyni vaxta təsadüf etdi. Belə naməlum ərazilər paytaxtda hələ nə qədərdir? Oralarda planlaşdırma necə aparılacaqdır? Həmin sexə metro çəkmək olarmı? Bəs mərhumlar necə, velosiped yolu ilə təmin ediləcəkdirmi? İndi söz əlaqədar təşkilatlarındır.
Quzu kəsərəm sizin növbəti animasiya filmlərinizə. Hər dəfə belə olur, bizə Bakının gələcəyi ilə bağlı yaxşı multiklər göstərirlər, axırda isə əlimizdə Dərnəgüldəki sexin xarabalığı qalır. Barı bu multiklərə Oskar alsaydıq... Kino idarəsinə ayrılan pullara heyfimiz gəlməzdi.
Elə bu yazının 20 yanvar günündə qəzetdə çıxmağı da yəqin təsadüfi deyil. Guya biz 1990-cı ilin o faciəvi hadisələri haqda çox şeyi bilirik? Əmin olun ki, bilmirik. Hətta sovet ordusu neçə nəfəri öldürüb, onu da dəqiqləşdirə bilməmişik 34 ildə. Bəzi mənbələrdə 155-dir, bəzisində 132. “131-170 ölü” - Vikipediyada belə yazmışıq. 39 nəfərlik qeyri-dəqiqlik olarmı?
Sanarsan mebel sexi partlayıbmış...
КомментарииОставить комментарий