Общественно-политическая интернет газета
Məsud Pezeşkianın rəhbərlik etdiyi 14-cü İran hökuməti kabineti üzvləri bir neçə gün əvvəl ölkənin dini lideri, İnqilab rəhbəri Ayətullah Əli Xameneyi ilə görüşüb. Bu, ilk növbədə yeni kabinetin ali rəhbərlikdən xeyir-dua alması, ikincisi isə Pezeşkiyan hökumətinin “yol xəritəsinin” müəyyən olunması baxımından maraq doğururdu.
Bu görüşdən çıxan ilkin nəticə gözlənildiyi kimi, dini liderin yeni hökumətə Qərblə nüvə danışıqlarını bərpa etməsi üçün “yaşıl işıq” yandırması oldu. Ayətullah Xameneyi bildirdi ki, yeni hökumətin xarici işlər naziri (Abbas Əraqçi) bütün tərəflər və güclərlə danışıqlara açıq olacaq.
Qeyd etmək lazımdır ki, dini liderin "dialoq qapılarını" açıq qoyması mesajı bundan əvvəlki İbrahim Rəisi hökuməti üçün də verilmişdi, ancaq İ.Rəisinin mühafizəkar hökuməti dialoqa yanaşmadı və sərt xətti davam etdirdi. Lakin aydın məsələdir ki, “islahat” qanadına mənsub Pezeşkiyan bu direktivdən “payını” götürəcək və yeni hökumət nüvə danışıqlarını bərpa edəcək.
Lakin təbii ki, dini liderin və İranın hazırkı “dərin dövlətinin” əsas şərti dəyişməzdir: “düşmənə ümid bağlamaq, güvənmək olmaz, hökumətin siyasətini Qərbdən asılı hala salmaq olmaz”.
Nəzərə alsaq ki, Pezeşkianın xarici siyasətdə əsas “ağıl ustadı” bir qədər əvvəl vitse-prezident postundan istefa vermiş Cavad Zərifdir, o zaman yeni hökumətin tezliklə nüvə danışıqlarını bərpa edəcəyini düşünmək olar.
Nəzərə almaq lazımdır ki, indiki məqamda İranla dialoqun bərpa edilməsi 7 oktyabrdan sonra Yaxın Şərq siyasəti ciddi axsamalara məruz qalan Vaşinqton üçün də əlverişlidir. Çünki Həmasın İsrailə hücumu və Qəzzada başlayan müharibə hazırkı Vaşinqton administrasiyası üçün ciddi sınağa çevrilib. Bir tərəfdən radikal sağçı İsrail kabinetinin Vaşinqtonun maraqlarını nəzərə almadan hərbi kampaniyanı genişləndirməsi, digər tərəfdən, İranın regiondakı proxy qüvvələri Vaşinqtonun 50 ildir Yaxın Şərqdə davam edən yumşaq güc siyasətinə ciddi zərbə vurdu. ABŞ administrasiyasının sülh təşəbbüsləri nəticə vermədi, üstəlik, Çin və Rusiya kimi ciddi rəqiblər Yaxın Şərqə “daxil oldular”.
Bu mənada İranla dialoqun bərpası Vaşinqton üçün yeni ümid yaradır. Lakin hər kəsə aydındır ki, Pezeşkian hər nə qədər dini liderdən dəstək alsaq da, daxildə “Sepah” kimi güclü rəqibi var və Həsən Ruhani hökumətinin yaşadığı fiaskonu yaşaması riski yüksəkdir. Xatırladım ki, 2015-ci ildə prezident Həsən Ruhaninin Obama hökuməti ilə əldə etdiyi nüvə razılaşması çox tez – 2017-ci ildə Donald Trampın vəzifəyə gəlməsi ilə pozuldu və nəticədə İranda sərt xətt tərəfdarlarının Qərblə danışıqların mənasız olması arqumenti gücləndi. Bu mənada Pezeşkiyan hökuməti üçün iki ciddi maneə mövcuddur. Birinci maneə daxildəki Sepah və sərt xətt tərəfdarlarıdır. Danışıqların nəticəsiz bitməsi və ya Vaşinqtonun növbəti dəfə danışıqları pozması Pezeşkiyan üçün sonu tezləşdirə bilər. İkinci maneə isə ABŞ-dadır. Payızda keçirilən seçkilərdə Donald Trampın qalib gəlməsi Məsud Pezeşkiyan üçün ciddi təhlükə vəd edir. Baxmayaraq ki, Tramp artıq bəyan edib ki, seçilərsə İranla sülh danışıqları aparacaq, ancaq nüvə silahı yaranmaması şərti ilə.
Hələliksə şərtlər Pezeşkianın xeyirinədir. İki gün əvvəl İrana səfər edən Türkmənistanın milli lideri, eks-prezident Qurbanqulu Berdumuhammedov Pezeşkianla görüşüb və iki ölkə arasında gəmiçilik və gömrük əməkdaşlığını əhatə edən strateji sazişlər imzalayıb.
Əsas saziş isə Türkmənistan qazının İran ərazisindən keçməklə Avropa bazarına çıxarılması haqda olub. Bu o deməkdir ki, Qərb İran üzərindəki sanksiyaları qismi də olsa yumşaltmağa gedir. Çünki ABŞ-ın razılığı olmadan belə bir sazişin əldə olunması mümkün deyil. Belə demək olarsa, bu, Pezeşkian hakimiyyəti üçün ilk bonusdur. Bunun davamı isə gələcək.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
КомментарииОставить комментарий