Общественно-политическая интернет газета
Qafan-Zəngilan arasındakı təmas xəttində fevralın 12-də və 13-də baş verənlər ciddi rezonans doğurub. Həm beynəlxalq səviyyədə, həm də hər iki ölkədə olayın arxasındakı qüvvələri deşifrə etməyə çalışırlar.
Maraqlıdır ki, bir tərəf bu olaya görə Qərbi, digər tərəf isə Rusiyanı ittiham edir. Qərbə bağlı olanlar Rusiyanı, Rusiyaya bağlı olanlar isə Qərbi yıxıb sürüyürlər.
Bizim Qərb aşiqləri and-aman edir ki, İlham Əliyev Putinin göstərişi ilə Ermənistana qarşı savaşı davam etdirir. Halbuki Qərb Ermənistanı Azərbaycanın şərtləri ilə razılaşmağa vadar edir. Ancaq Azərbaycan Rusiyanın təkidi ilə Ermənistanla sülh müqaviləsi bağlamaq istəmir.
Qərbi söyən rusiyapərəstlərimiz isə iki ayağın bir başmağa dirəyib ki, yox e, bu qarşıdurmanın arxasında Qərb, xüsusən Fransa dayanıb. Məhz Qərb Rusiyanı Cənubi Qafqazdan qovmaq və Rusiyanı Cənubi Qafqazda baş verə biləcək savaşa cəlb etmək üçün belə bir addım atır.
Hansı tərəf haqlıdır? Mənim baxışıma görə, istər qərbpərəstlər olsun, istərsə də rusiyapərəstlər, fərq etməz, hər iki tərəf yaramazdır. Niyə? Çünki Azərbaycanın maraqlarından yox, hansısa yabançı bir qüvvənin maraqlarından çıxış edirlər. Hər bir azərbaycanlı hər şeydən öncə Azərbaycanın dövlət maraqlarının keşiyində dayanmalıdır. Yabançılara nökərçilik edənlər bizdən deyil. Mahiyyətdə onlar vətən xainidir. Bunun başqa adı ola bilməz.
Əgər Azərbaycanın maraqları Qərblə yaxınlaşmağı tələb edirsə, biz Qərbə doğru, yox əgər Rusiya ilə yaxınlaşmağı tələb edirsə, Rusiyaya doğru getməliyik. Bu məsələdə əsas olan odur ki, biz Azərbaycanın marağını düşünərək siyasət yeridirik. Və ya Azərbaycanın maraqlarının daha çox təmin olunması üçün tərəflər arasında manevr edirik. Bu da mümkündür. Əslində, Azərbaycan daha çox bu sonuncu variantdan istifadə edir.
Ancaq son insidentə görə, Rusiyanı ittiham etmək bir az çətindir. Daha doğrusu, Azərbaycanı Rusiyanın göstərişi ilə Ermənistana təzyiq göstərməkdə suçlamaq olmaz. Ən azı ona görə ki, fevralın 12-də atəş Ermənistan tərəfindən açılıb. Ortada video-görüntülər var. Hə, nəzəri baxımdan Rusiya Ermənistan tərəfindən Azərbaycana təzyiq etmək üçün belə bir provokasiyaya imza ata bilərdi. Rusiya elə bir ölkədir ki, ondan istənilən yaramazlıq gözləmək olar. Heç Qərb də az aşın duzu deyil. Xüsusən müstəmləkəçilik siyasətindən hələ də əl çəkməyən Fransanın imperialist ambisiyaları açıq şəkildə ortadadır.
Biz başa düşməliyik ki, Qərbin və Rusiyanın Cənubi Qafqazda özəl maraqları var. Ona görə də nə Ermənistan, nə də Azərbaycan öz iradəsi ilə uzağa gedə bilmir. Yəni bu iki ölkəyə Qərb və Rusiya imkan versə, asanlıqla sülh müqaviləsi imzalaya bilərlər. Sülh müqaviləsi Qərbin diktə etdiyi şərtlər daxilində olanda Rusiya aləmi qatıb-qarışdırır, Rusiyanın şərtləri önə çıxanda isə Qərb münaqişəni alovlandırır.
Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevə zəng etdi. İlham Əliyev dedi ki, Azərbaycan Brüssel danışıqlarına müsbət baxır, yəni Brüsselə gəlməyə hazıram. Təbii ki, İlham Əliyevin bu addımı Rusiyanın ürəyincə deyil. Ancaq İlham Əliyev Rusiyanın dediyi ilə oturub-dursaydı torpaqlarımız hələ də erməni işğalı altında idi. Ermənilər də Qarabağda at oynadırdı. Həmçinin İlham Əliyev Vaşinqton və Brüsseldən gələn təlimatlara boyun əysəydi erməni separatizmi hələ də Azərbaycanı təhdid edirdi.
Qarabağ məsələsində İlham Əliyev sonuna qədər haqlıdır. Ona görə də hər birimiz Qarabağ davasında cənab prezidentin yanında olmalıyıq. Azərbaycanın dövlət maraqları bizdən belə bir vətəndaş mövqeyi ortaya qoymağı tələb edir.
Azərbaycan yalnız Türkiyə və digər türk dövlətləri ilə heç bir halda münasibətləri soyutmalı deyil. Bizim etnik və dini kimliyimiz buna imkan verməməlidir. Digər ölkələrlə isə Azərbaycanın maraqlarına uyğun davranmaq lazımdır. Tutaq ki, Amerika ilə yaxınlaşmaq lazımdırsa, həmən bu addım atılmalıdır. Eləcə də digər Qərb ölkələri ilə. Azərbaycana lazımdırsa, Rusiya və ya Çinə xüsusi diqqət göstərməliyik. Bir daha deyirəm: əsas olan odur ki, bizim bu və ya digər ölkəyə münasibətimizdən Azərbaycan uduşla çıxsın. Hədəf Azərbaycanın güclənməsi olmalıdır. Qalanı o qədər də önəmli deyil.
Baxın. Nikol Paşinyan iqtidara gəldikdən sonra Ermənistan Rusiyadan tədricən, son illərdə isə sürətlə və nümayişkaranə şəkildə uzaqlaşmağa başladı. Balaca bir ölkə üçün siyasi qütbləri köklü, özü də bu şəkildə dəyişmək son dərəcə təhlükəlidir. Ermənistan əzəldən belə olub. Hansısa dövlətin çətiri altına girmədən mövcudluğunu qoruyub saxlaya bilmir. Ona görə də seçim etmək zorundadır.
Azərbaycanın yeritdiyi xarici siyasət isə tam fərqlidir. Azərbaycan nə Qərbin, nə də Rusiyanın yanındadır. Ancaq hər iki tərəflə də xoş münasibətdə olmağa çalışır. Əlbəttə, bu, o qədər də asan deyil. Sirr deyil ki, Qərb Azərbaycana da Ermənistan kimi Rusiyadan imtina etməyə çağırış edib. Əvəzində də bir qucaq vəd verib. Rusiya isə Azərbaycandan tam əksini istəyib. Moskva da vəd verməkdə geridə qalan deyil. Ancaq Azərbaycan haqlı olaraq hər iki təklifi rədd edib və hər iki tərəflə öz maraqları çərçivəsində əməkdaşlığa üstünlük verib. Azərbaycan yalnız və yalnız Türkiyənin və digər türk dövlətlərinin yanındadır. Bəli, Türkiyə nə Qərb, nə də Rusiya qədər güclü deyil. Ancaq Türküyə sürətlə güclənməkdə olan ölkədir. Ən önəmlisi isə odur ki, Türkiyə Azərbaycana sadiq ölkədir. Bu inam, bu etibar qan yaddaşına söykənir və zamanın sınağından üzü ağ, alnı açıq çıxıb. Məhz Türkiyəni yanına aldıqdan sonra Azərbaycan Qarabağ Zəfərinə imza ata bildi. Qalan ölkələr və ya dünyanın siyasi paytaxtları ilə münasibətlərdə yüksəliş və ya tənəzzül müşahidə oluna bilər. Əslində, bu da normaldır.
Sözümün canı o ki, siyasi qütbləri dəyişmək son dərəcə təhlükəlidir. Buna əyani nümunə kimi Ermənistanı misal göstərə bilərik. Aydındır ki, Ermənistanda Sorosun yoğurub-yapdığı Nikol Paşinyan iqtidara gəlməsəydi Ermənistan hələ də Rusiyanın təsir dairəsində idi. Şübhəsiz ki, Rusiya Azərbaycana erməni işğalına son qoymağa və erməni separatizminin kökünü kəsməyə ciddi maneələr yaradacaqdı. Hələ o da bəlli deyil ki, Ukrayna savaşından qalib çıxan Rusiya Ermənistanla necə davranacaq?
Bir şeyi də deyim. Niyə Azərbaycan Qərbin çağırışlarına o qədər də inanmır? Çünki ortada Türkiyə amili var. Aydındır ki, az qala yarım əsirdir ki, Türkiyəni müxtəlif bəhanələrlə Avropa İttifaqına buraxmayan Qərb Azərbaycana ora daxil olmaq üçün yaşıl işıq yandırmaq fikrində deyil. Hə, Qərb Azərbaycanı Türkiyə kimi NATO-ya ala bilər. Çünki Azərbaycan coğrafi baxımdan Qərb üçün xüsusi önəm kəsb edir. Eyni zamanda Azərbaycanın hərbi gücü də son dərəcə yüksək standartlara uyğunlaşmaqdadır. Ən önəmlisi isə odur ki, Azərbaycan Qərbin iki əsas düşməni ilə-Rusiya və İranla ümumi sərhədə malikdir. Əlbəttə, Azərbaycan Qərb tərəfindən Rusiya və İrana qarşı istifadə olunmağa heç vaxt razılıq verməz. Niyə? Yuxarıda vurğuladığımız kimi, siyasi qütbləri dəyişmək böyük itkilərlə müşahidə oluna bilər. Bu isə Azərbaycana qətiyyən lazım deyil...
КомментарииОставить комментарий